Hakim partiyada parlament seçkilərilə bağlı ümidsizlik yaranıb
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) məyusluq hökm sürür. Partiyadaxili mənbələrdən əldə etdiyimiz məlumata görə, qarşıdan gələn parlament seçkiləri hakimiyyət üçün kifayət qədər gərgin keçəcəyindən YAP-da bir çoxu mandat almağa ümidini itirib.
Həmçnin ölkə başçısı Ilham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın namizədliyi ilə bağlı Siyavuş Novruzovdan gələn təklifin geri qaytarılması partiyada ciddi narahatlıq doğurub. Bu artıq hakimiyyət əsas güc mərkəzinə çevrilmiş Paşayevlərin YAP-a münasibəti kimi qiymətləndirilib.
Digər tərəfdən beynəlxalq təşkilatların qarşıdan gələn parlament seçkilərilə bağlı mövqeyi kifayət qədər sərtdir. Hətta Avropa Parlamenti artıq qərar verib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək. Hətta Avropa Parlamentinin üzvlərindən kimlərinsə müstəqil şəkildə seçkini müşahidə etməyə getməsi də yolverilməz sayılıb. Bu da hakimiyyətdə və YAP-da ciddi narahatlığa səbəb olub və iqtidar seçki siyahısına yenidən baxmaq haqqında düşünür. Hakimiyyət imitasiya yaratmaq üçün “müstəqillər”in sayını artırmaq istəyir. Bu halda isə çox güman ki, həm iqtidaryönlü partiyaların namizədləri, həm də YAP-dan bir çox namizədlər seçkidən kənarda qala bilər. Məhz bu səbəbdəndir ki, Siyavuş Novruzov bu günlərdə verdiyi müsahibədə 125 dairənin hər birindən namizəd irəli sürəcəklərini bəyan edib. Bu artıq göstərir ki, YAP digər hökumətyönlü partiyalara güzəşt etmək niyyətində deyil.


