Hikmət Hacızadə: «Rusiya öz ordusunu regiona, Azərbaycan isə torpaqlarını geri qaytarmağa çalışır»
Qarabağ münaqişəsi ətrafında son baş verənlər maraq doğurur. Son zamanlar nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü, münaqişənin həlli ilə bağlı verdiyi müsbət bəyanatları hakimiyyət alqışlayır.
Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, iyulun 9-da Avropa Parlamentinin (AP) plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə maraq doğurur. H.Hacıyev bildirib ki, qətnamədə Avropa Qonşuluq Siyasəti bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrılıb. Belə ki, qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır: “Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlətin başqasının ərazisini işğalı etməsinin yolverilməz olduğu bildirilir. Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur və AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunur”.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-nin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və xatırlatmaq istərdik ki, burada Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunaraq bəyan edilirdi: “Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur və Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”.
Onu da vurğulamaq yerinə düşər ki, son zamanlar ATƏT-in Azərbaycanın ərazi bütövlüyünü tanınması, Almaniya Bundestaqının Ermənistanı işğalçı dövlət adlandırması, ABŞ-ın separatçılara yardım ayırmaması maraq doğurur. Baş verənlərin bir-birini təkrarlamasını və Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini qabartmasını ekspertlər birmənalı qiymətləndirmir.
Amma beynəlxalq aləmdə Azərbaycanın xeyrinə cərəyan edən proseslərin fonunda rəsmi Bakının apardığı təbliğata fikir verin. Hakimiyyətə yaxın olan media Qarabağda ildırım sürətli müharibəyə hazırlığın getdiyinin təbliğatını aparmaqla yanaşı cəmiyyətə onu da aşılamaq istəyir ki, Azərbaycanın bu addımına Rusiya dözümlü yanaşacaq. Buna əsas kimi Azərbaycanla-Rusiyanın münasibətlərinin hazırda yüksək səviyyədə olması göstərilir. Amma nədənsə münasibətlərin məhz “yüksək səviyyədə” olduğu dönəmdə Rusiyanın Ermənistana müasir tipli silahlar, raket kompleksləri verdiyi unudulur.
Hakimiyyət bir qayda olaraq Qərbdən gələn demokratiya çağırışlarını, insan hüquqlarının pozulması ilə bağlı iradları erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Amma erməni lobbisi, deyildiyi kimi, bu qədər nüfuzludursa, o zaman ən azı bu tip sənədlərin qəbulunun qarşısını alardı. Əgər bu baş vermirsə, deməli, hakimiyyətin demokratiya tələblərindən yayınmaq üçün gətirdiyi arqumentlər tam əsassızdır.
Hazırda sual olunan əsas məqam ondan ibarətdir ki, hakimiyyətin antiQərb təbliğatının qarşılığında Qarabağ probleminin həlli ilə bağlı Azərbaycana edilən reveranslar hansı məqsəd daşıyır?
Azərbaycan hakimiyyətinin hazırda Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasəti yanlış sayan politoloq Hikmət Hacızadə bildirdi ki, Rusiyaya bəslənən ümidlər hamısı puça çıxacaq: “Rusiya Qarabağı Azərbaycana qaytarmağı düşünmür. Rusiya bu problemdən hər iki tərəfə təsir vasitəsi kimi istifadə edir. Rusiya öz ordusunu regiona, Azərbaycan isə torpaqlarına geri qaytarmağa çalışır”.
Son zamanlar Qərbin Qarabağ münaqişəsinə diqqət ayırmasının səbəblərinə toxunan H.Hacızadə bildirdi ki, baş verənlər təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsinin fonunda Qarabağ münaqişəsinin yenidən gündəmə gəldiyini deyən H.Hacızadə bildirdi ki, bu, Qərbin keçmiş sovet məkanında olan münaqişələrə münasibətidir: “Qərb Rusiyanın münaqişələr vasitəsilə keçmiş sovet ölkələrinə təsir etməsinin qarşısını almağa çalışır. Ona görə də münaqişələrin həlli bu formada gündəmə gətirilir. Qərb çox gözəl bilir ki, bu münaqişələrin, o cümlədən Qarabağ probleminin arxasında Rusiya dayanır”.
Xəyal