Ölkədə o faizi ödəyəcək biznes yoxdur

Bankların yüksək faiz dərəcələri biznes fəaliyyətini mümkünsüz edir

Məhəmməd Talıblı: «Uçot dərəcələrinin enişindən sonra kreditlərin faiz dərəcələrində hər hansı eniş həddini gözləmirəm»

Mərkəzi Bank uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul etməsi bankların faiz dərəcələrinə təsir edən bir qərardır.
Mərkəzi Bank qəbul etdiyi qərarla bağlı yaydığı məlumatda vurğulayır ki, qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə uçot dərəcəsini 3.5%-dən 3%-ə endirməyi qərara alıb.
Ekspertlər hesab edir ki, bu qərar bir neçə gün əvvəl bankları kreditlərin artırılan faiz dərəcələrini aşağı salmağa vadar edəcək. Amma məsələ burasındadır ki, Azərbaycanda kredit faizləri onsuz da kifayət qədər yüksək idi. Bəzən kredit faizləri 28-30 faizi belə keçirdi. MB-nin son qərarından sonra artırılan faizlər hətta 30-35 faiz civarında qərarlaşarsa belə bu, iqtisadiyyatı çıxdığı durumdan xilas etmir. Çünki devalvasiyadan sonra ciddi zərbə alan iqtisadiyyat tənəzzül mərhələsini yaşayır. Hazırda iqtisadiyyatda çox az sahə qalıb ki, bank kreditlərini ödədikdən sonra sahibkara gəlir gətirə bilsin. Yəni bankların hazırkı faiz dərəcələri sahibkarlara nəinki gəlir əldə etməyə, heç onların aylıq faizlərini ödəməyə belə imkan vermir.
Iqtisadçı ekspert Məhəmməd Talıblı Mərkəzi Bankın bu hədəflərə söykənəcək addımlarını real hesab etmir. Çünki, uçot dərəcələrinin 0,5% aşağı salınması bu hədəflərə yetmək üçün təsirli deyil: “Bir neçə il bundan öncə uçot dərəcələri 15 faiz həddində olandan sonra 3,5%-ə qədər endi. Bütün bunlar nə sadalanan hədəflərə bizi yaxınlaşdırdı, nə də kreditlərin faiz dərəcəsini aşağı saldı. Komissiyon haqlarında faiz enişləri oldu. Kreditlərin faizləri əksinə, qalxdı. Komissiyonda həmin fərqdən də üstün qiymətlə yüksəldi. Bizdə problem Mərkəzi Bankın tənzimləmə alətlərini dəyişməsi ilə baş vermir. Sirli və səhnəarxası razılaşdırmanın nəticəsində kreditlərin bahalı dərəcəsi saxlanılır”.
M.Talıblının sözlərinə görə, uçot dərəcələrinin enişindən sonra kreditlərin faiz dərəcələrində hər hansı eniş həddini gözləmirəm. “Əksinə, belə addımlardan sonra Mərkəzi Bank bir daha bank sektorunda tənzimləmə siyasətinin effektivsizliyini ictimaiyyət üçün daha da dəqiqləşdirir”, deyə ekspert vurğuladı.

Xəyal