Yüksək kredit faizləri altında əzilən milyonlarla insan potensial intihar qurbanıdır
Azərbaycanda olduqca faciəli vəziyyət yaranıb. Artıq intihar etmək çıxış yolu, problemin həlli kimi dəyərləndirilir. Demək olar ki, hər gün intihar xəbərləri eşidirik və bu xəbərlər adiləşməyə başlayıb. Intiharların əsas səbəbi kimi məmur özbaşınalığı və sosial vəziyyətin ağırlığı ortaya çıxır. Daha dəqiq desək son dövrlər ağır kredit faizləri intihar yaradan səbəbə çevrilib. Son olaraq isə Bərdə rayonunda 23 yaşlı gənc özünü Tərtərçay üzrəindəki körpüdən asmaqla intihar etdi. Həyatına qəsd edən Elşən Dadaşovun banklara borclu olduğu məlum oldu.
Hamının bu xəbərin şokunu yaşadığı, təəssüf hissi keçirdiyi bir vaxtda, Mərkəzi Bank DIN-in funksiyasını icra etmək qərarına gəldi. Belə ki, Mərkəzi Bankdan məlumat yayıldı ki, mərhumun banka borcu yox imiş. Sanki Mərkəzi Bank bu xəbərlə hökumətin məsuliyyətin azaltmağa çalışdı. Amma bu xəbər cəmiyyət də daha da ikrahla qarşılandı və cılızlıq kimi qiymətləndirildi. Çünki, intiharın səbəbi borcdur və adam bu borcu ödəyə bilmədiyinə görə çıxış yolunu kəndirdən asılmaqda görüb. Bəlkə, başqasının adına bankdan borc götürübmüş, nə bilmək olar. Ümumiyyətlə, Mərkəzi Bankın məlumatına niyə inanmalıyıq?
Həmin Mərkəzi Bank insanları arxayın etdi ki, milli valyuta sabit qalacaq. Amma bir gecənin içində manat 34 faiz ucuzlaşdı və sadə vətəndaş 2.2 milyard zərərə uğradı. Ardınca Mərəkzi Bankdan bildirdilər ki, devalvasiyadan vətəndaşlar zərər görməyəcək. Amma yenə də bu vəd yalan çıxdı. Daha sonra Mərkəzi Bankın rəhbəri bank rəhbərlərinə çağırış etdi ki, vətəndaşa güzəşt etmək bankları müflisləşdirə bilər. Son olaraq isə bankların kredit faizlərini yüksəltdiyi məlum oldu.
Yəni, son 1-2 ayda Mərkəzi Bank vətəndaşları bir neçə dəfə aldatdı.
Amma məsələnin başqa tərəfi də var. Yaxşı olar ki, Mərkəzi Bankın rəhbərliyi Bərdə sakinin ölüm səbəbini araşdırmaqdansa, bank faizləri səbəbindən intihar üçün potensial namizədə çevrilənlərin harayına yetsin. Bəli, bugün problemli kreditlərin həcmi milyardlarla ölçülür, üstəlik kredit borcunu ödəyə bilmədiyi üçün məhkəmə zallarındaəsir-yesir olmuş minlərlə insan var. Bu adamların hər biri çıxış yolu axtarır. Mənasız layihələrə milyardlar xərcləməkdənsə, Mərkəzi Bank üçün yeni 141 metrlik bina tikməkdənsə, vətəndaşın yükünü azaltmaq lazımdır.
Bu gün Azərbaycan ölümə pənah aparanların ölkəsinə çevrilib. Minimal ehtiyacını ödəyə bilməyən, yüksək təhsil haqqını ödəmək iqtidarında olmayan, müalicəsi üçün pul tapmayan insanlar da ölümə sürüklənənlərdi. Ledi Qaqaya bir mahnı üçün 2 milyon hədiyyə edən hakimiyyət, bütün ömrünü bu ölkəyə həsr edən adamları manatla sınağa çəkir. Heç kimə sirr deyil ki, əzrayıl rolunu oynayan banklar hakim ailəyə və məmurlara məxsusdur. Məqsədli şəkildə vətəndaşın soyqırımı prosesi həyata keçirilir.
Hakimiyyət bu qədər laqeydlik və düşmənçiliklə vətəndaşa başqa seçim imkanı tanımır. Unutmayın ki, bu ölkədə 2.5 milyon kredit borcu ödəyən insan var. Bu adamlara güzəşt etmək lazımdır. Hakimiyyət intihar siyasətindən əl çəkməlidir.
Akif


