Əliyev səmimi olduğunu sübut etsin

Müşavirələrdə vəd verən prezident, general oğlunun əməllərinə niyə susur?

Bir neçə gündür ölkə gündəmini yenə də məmur harınlığı zəbt  edib. Məlum olur ki, vəzifəli şəxslər, onların övladları  səlahiyyətlərdən sui-istifadə edirlər və heç bir qanun tanımırlar. Xüsusən də general Nəcməddin Sadıqovun adının hallandığı olay mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, yol polisi Nəcməddin Sadıqovun oğlunu saxlayıb və buna görə də həmin polis əməkdaşı işdən azad edilib. Amma sonradan məlum polis əməkdaşının açıqlaması yayıldı. Aydın oldu ki, generalın oğlu polis əməkdaşını təhqir edib, maşınla üstündən keçəciyini bildirib və.s  
Əvvəla qeyd edək ki, bu kimi hallar polis əməkdaşlarına qarşı birinci dəfə baş vermir. Bəylər Əyyubovun qohumunun polisi döyməsi, Eldar Ibrahimovun polisi “dana” adlandırması, Kərəm Həsənova görə polis rəsinin işdən çıxarılması və s halların şahidi olmuşuq.
Indiki halda isə bütün diqqətlər Nəcməddin Sadıqova yönəlib. Amma bu şəxs hakim ailənin qohumu olduğuna görə, yüksək vəzifə tutduğu üçün toxunulmaz qalıb. Hətta generalın oğlunun hərəkətinə haqq qazandırmaq üçün yeni ssenarilər cızılır. Mətbuata belə məlumatlar sızıb ki, həmin polis əməkdaşı çox ləyaqətsiz, polis adına xələl gətirən adamdı. Guya, polis əməkdaşının mənfi biri olması generalın oğlunun əməllərinə haqq qazandırır.
Birincisi, sual olunur ki, ləyaqətsiz, polis adına xələl gətirən adamın polis sıralarında nə işi var? Əgər bu adam bütünlüklə neqativlərdən ibarətdirsə, niyə bugünə qədər cəzalandırılmayıb?
Ikincisi, polisin şəxsi keyfiyyətlərinin necə olduğunu general oğlumu müəyyənləşdirir? Söhbət ondan gedir ki, general oğlu hansı ixtiyarla vətəndaşı təhqir edir, ölümlə hədələyir? Bu əməlinə görə general oğlu cəzalandırlmamalıdır?
Xatırlayırsızsa, bir müddət əvvəl baş prokuror Zakir Qaralov “korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq”  demişdi. Bu yaxınlarda isə ölkə başçısı Ilham Əliyev məmur övladlarını hədələmişdi və harınların arxasında duranları üzə çıxaracağını bildirmişdi.
Amma korrupsiyaya qarşı mübarizəni necə apardılarsa, məmurları cəzalandırmaq vədinə də elə əməl etdilər.
Indi ortada fakt var və arxasında kimin durduğu da məlumdur. Ilham Əliyev qətiyyət göstərsin və qanun qarşısında hər kəsin eyni olduğunu sübut etsin. Amma bu real görünmür. Bu ölkədə bütün qanunun şah olmadığını 20 ildir sübut etməkdədilər. Bu ölkədə yalnız müəllimin, həkimin, mühəndisin övladını cəzalandırmaq olar. Qanun iri məmurla üz-üzə gələndə taqətdən düşür.
Göründüyü kimi vəziyyət özlərinə çatanda dəyənək kimi istifadə etdikləri polisi də qoruya bilmirlər. Heç kimə sirr deyil ki, hakimiyyət polis gücünə hərəkət edir və bütün qanunsuz əməllərini polisin əli ilə həyata keçirir. Amma söhbət yüksək ranqlı məmurların polisə qarşı təhqiramiz əməllərindən gedəndə, hətta polisin də arxasında dayanmırlar. Sabah nümunəvi bir polis də hansısa nazirin oğluna cərimə yazsa, mənzərə eyni olacaq.
Bir daha təsdiq olunur ki, ölkədə cəzasızlıq mühiti var və bu mühit ən yuxarı səviyyədə yaradılır. Ona görə də məmur və məmur övladlarının harınlığı davam edəcək. Ölkə başçısı isə barmaq silkələməklə, hədələməklə hadisələri yola verəcək.
Akif