Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı

Yazıçılar arasındakı qalmaqal sənəd-sübut mərhələsinə keçdi

 

Şəxsən mən Anara həmişə hörmətlə yanaşıb onu bacardığım qədər, yeri gəldikcə müdafiə etmişəm. Əlimi “QURAN”ın üstünə qoyub deyirəm, 1986-cı ildə Azərbaycan Yazıçılar Ittifaqının qurultayından sonra, bir neçə respublika əhəmiyyətli məsələlərlə bağlı şəxsən Azərbaycan Kommunist Partiyasının  Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovla görüşüm zamanı, Anarı necə müdafiə etdiyimi bir ALLAH bilir, bir də Anar. Hətta ona “Qınamayın məni…” romanını təqdim edib üzərində də bu sözləri yazdım: “Dağ Məhəmmədin yanına gəlməyəndə, Məhəmməd dağın yanına gəlir”.
Qurultayda Azərbaycanın sayılıb-seçilən müdrik kişisi, ümumxalq sevimlisi, xalq yazıçısı Ismayıl Şıxlı Azərbaycan Yazıçılar Ittifaqının sədri vəzifəsinə yekdilliklə seçiləndən heç bir il keçmədi ki, sədrlikdən necə uzaqlaşdırılması o dövrün sənət və partiya işçilərinə yaxşı bəllidir. Anarın da bu bir il ərzindəki fəaliyyəti onunla nəticələndi ki, bütün varlığını qoyub can atdığı istəyinə nail oldu… Tanrı ona 100 il ömür bəxş eləsin, 100 yaşı da sədrlikdə qeyd edilsin…
Ancaq çox-çox təəssüflər, az keçmədi ki, o, tamamilə dəyişildi…
Mən kimlərdənsə sitatlar gətirməyə ehtiyac duymadığıma görə Anarın “Mübarizə bu gün də var” kitabına müraciət etməli oldum. Heç kəs deyə bilməsin ki, Şamo Arif Anarın ləyaqətinə, şərəfinə toxunur, onu hörmətdən salmaq istəyir…
Anar kitabının 444-cü səhifəsində Əsildar Hüseynovun “Kəşfiyyat generalı ilə müsahibə” kitabından mühüm bir açıqlama gətirib, yazır: “DTK əməliyyat işçilərinin və rəhbərliyinin Azərbaycan KP MK tərəfindən dəstəklənən inadı bu görkəmli insanı, həqiqi Azərbaycan vətənpərvərini elə öz kolleqalarının təqiblərindən xilas etdi”.

 

Bu yerdəcə düşünməli olursan: Əgər, həqiqətən, Azərbaycanın vətənpərvər kişiləri o güc-qüvvəyə malik olsaydılar, niyə Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı və digər görkəmli simaları qoruyub yaşada bilmədilər? Ona görə ki, bu şəxsiyyətlərin arxasında, Rəsul Rzanın arxasında dəyanətlə dayanan Kremlin xüsusi sektorunun əməkdaşı, çörək pulu qazanan Nigar Rəfibəyli kimi qüdrətli bir insan dayanmırdı.
Çox gözəl! Nə yaxşı ki, hörmətli Rəsul Rza sənəti qorunub saxlanıldı. Rəsul Rza sərt, sözünü şax deyən iradəli insan idi. Onun Səməd Vurğunla deyişməsi, yaradıcılığındakı ideoloji sapmalara yol verməsini, Səməd Vurğunu kəskin ittiham edib Mircəfər Bağırova və Moskvaya “Literaturnaya qazeta”ya göndərilən məqaləyə başçılıq etməsinə baxmayaraq, o dövrün kəskin, mürəkkəb, məkrli oyunlarından ALLAH da baş aça bilməz. O dövrün sənətkarlarını – yaşamaq, liderliyi ələ almaq uğrunda gedən mübarizədə kimlərisə ittiham etmək, Milli Təhlükəsizlik Nazirliyinin arxivində gürzə ilanlar kimi üst-üstə qıvrılıb yatan tarixi sənədləri, faktları işıq üzü görməyincə, nədənsə, kimdənsə söz açmaq çətindən də çətindir… Süleyman Rəhimovun yeganə istək, arzularından biri də bu idi ki, repressiya illərinin tarixi sənədləri – hər bir kəsin həqiqi tərcümeyi-halı xalqa çatdırılsın, kimlərin kim olduğu, hansı məsləkə qulluq göstərdiyi hər kəsə bəlli olsun. Bütün bunlarsız – xalq öz içindən təmizlənməyincə, halalını haramından ayırd etməyincə yolumuz çox çətinliklərlə rastlaşacaq…
Mən dəfələrlə yazmışam, yenə də yazıram, Sovet imperiyasının KQB arxivini açan hər bir insanın adının, Azərbaycan torpaqlarını işğaldan azad edən şəxsiyyətin adıyla yanaşı Azərbaycan tarixinə qızıl hərflərlə həkk ediləcəyinə heç kəsin şübhəsi olmamalıdır!!! Bu tarixi arxiv sənədlərinin hələlik çox cüzi bir hissəsinin açılmasına cürət edən Anara təşəkkürümü bildirməklə yanaşı, “Mübarizə bu gün də var” kitabının 444-cü səhifəsində görkəmli xalq şairi Rəsul Rza haqqında verdiyi məlumatdan başqa, doğma anası – Şərqdə ilk demokratik respublikanın səhiyyə naziri, Gəncənin general-qubernatoru, Sovet imperiyasının da ilk günlərdə güllələdiyi Xudadat bəy Rəfibəylinin qızı Nigar Rəfibəyli haqqında yazdıqlarını heyrətlə, dönə-dönə oxuduqca ayağımın altından yer qaçırdı: “Anam danışırdı ki, otuzuncu illərdə Moskvada təhsil alanda tək bir tələbəlik təqaüdüylə dolanmaq çətindi, odur ki, SSRI Ali Sovetində tərcüməçilik işinə düzəlmişdim…”

Anar fikrini qurtarar-qurtarmaz doğma anasının dediklərinin tam əksini açıqlayan tarixi sənədi öz kitabında, öz əliylə göstərib, yazır:
“Tam məxfi.
Şəxsən ÜK(b)P MK xüsusi sektorunun müdiri Poskrebışevə.
Azərbaycan K(b) P üzvüləri Əli Həsənovun və Süleyman Rüstəmzadənin Nigar Rəfibəyliyə aid bu ilin 5 oktyabr tarixli məktubunu göndərirəm. Öz tərəfimdən də onun Kremldə işdə saxlanmasını mümkünsüz hesab edirəm.
Əlavə: deyilən məktub.
Azərbaycan K(b)P MK
Katibi M.C.Bağırov
19.10.1937″
Eyni zamanda Anar yazır ki, doğma anası 1932-1936-cı ildə təhsilini Moskvada bitirib Bakıya qayıdır (səh. 518). Deməli, Nigar Rəfibəyli 1936-cı ildə Bakıya qayıtdıqdan bir il keçməsinə baxmayaraq, M.C.Bağırov məxfi məktubunu SSRI Ali Sovetinə deyil, Stalinin inandığı, çox yaxın silahdaşı, Kremlin xüsusi şöbəsinin müdirinə ünvanlayır…
SSRI Ali Soveti hara, ÜK(b)P MK-nın xüsusi sektoru hara?..
M.C.Bağırovun Kremlə göndərdiyi məxfi məktubundan 37 gün sonra – 26 noyabr 1937-ci ildə Süleyman Rəhimov həbs edilir. Yəqin ki, bir çoxları da…
Haşiyə: Ziya Bünyadov, “Qırmızı terror” kitabı, 1993-cü il, səh.209-215.

Teymur Salahov 1937-ci il iyun ayının 31-də, Heydər Vəzirov və Həsən Səfərovun ifadələrinə əsasən, həbs edildikdən sonra müstəntiqə verdiyi ifadədə deyir: “Əks-inqilabi təşkilata şəxsən mən Laçın rayonu üzrə aşağıdakı şəxsləri cəlb etmişəm: Süleyman Rəhimov – Laçın PK-nin keçmiş katib müavini…”
Teymur Salahovun bu ifadəsindən dörd ay (!) sonra – Süleyman Rəhimov 26 noyabr 1937-ci ildə həbs edilir və 7 dekabr 1937-ci ildə Teymur Salahovla üzləşdirilir və əvvəllərdə verdiyi ifadəni bir daha təsdiq etsə də Süleyman Rəhimovu əks-inqilabi təşkilata cəlb etdiyini söyləsə də, çox kəskin keçən üzləşmədən sonra Teymur Salahov öz xahişi ilə 1938-ci il aprel ayının 25-də istintaqa çağırılır və deyir: “Bildirirəm ki, Ibrahim Səmədovun, Süleyman Rəhimovun və ifadələrimdə adları çəkilən digər şəxslərin əks-inqilabi millətçi təşkilata məxsusluğu haqqında mənim əvvəllər verdiyim cavablar həqiqətə uyğun deyildir. Səmədov və Rəhimov millətçi təşkilatın üzvü olmayıblar. Verdiyim ifadələr tamamilə uydurmadır”.
Bəli, həqiqətlər bunlardan ibarətdir. Teymur Salahov sədaqətlə Sovet imperiyasına nə qədər qulluq göstərsə də, son ayaqda kişilik göstərib, Imperiyanın üzünə tüpürməklə də ölümə meydan oxuyur! Allah qəni-qəni rəhmət eləsin… Teymur Salahovun bu ifadəsindən, yəni üzünə birbaşa dirənən olmayandan və Süleyman Rəhimov da beş ay (!) görünməmiş işgəncələrə məruz qalsa da, məhz heç kəsi satmadığına, böhtanlamadığına görə 1938-ci il aprel ayının 30-da azadlığa buraxılır…

Şərəfsiz böhtançılar! Süleyman Rəhimov məhbəsdən sonra Laçına birinci katib vəzifəsinə deyil, Bakıda, Incəsənət Işləri Idarəsinin Repertuar Komitəsinin sədri vəzifəsində işləyir. (S.Rəhimov: Biblioqrafiya. Bakı – 1976).
Bir daha Anarın kitabına qayıdıram. M.C.Bağırov məxfi məktubunda Nigar Rəfibəylinin Kremldə işləməsinin mümkünsüz olduğunu desə də, Bağırovu başa salırlar ki, Kremlin işinə müdaxilə etməyə onun səlahiyyəti yoxdur və bu “mənasız” məktubun üzərində isə bir neçə ay keçməmiş – 1938-ci ildə bitərəf Rəsul Rza Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Beləliklə, Bağırova həddini aşmamağını bildirməklə ağır zərbə endirilir.
Nigar Rəfibəyli belə qüdrətli Xanım olub…

“Şərəfsizlik” müəllifi

Indi isə sözüm “525-ci qəzet”in baş redaktorunun xeyir-duası ilə dərc edilən “Şərəfsizlik” müəllifi, xüsusi dəyərli millət vəkili Hüseynbala Mirələmovadır: Siz yaxanızda gəzdirdiyiniz Azərbaycan Bayrağından utanmadan, xəcalət çəkmədən mənim ünvanıma “alçaq, şərəfsiz, nakişi, nadürüst, yaramaz, qeyrətsiz, kəmsavad, yazıq, psixi xəstə” kimi küçə söyüşlərindən istifadə edirsiniz. Niyə utandırırsınız Azərbaycan Milli Məclisini?! Kişi ləyaqəti olan insan da, özünü bunca ucuzlaşdırarmı?
Görkəmli alim, kişi vüqarlı, mərdanə bir insanın, akademik Ziya Bünyadovun “Qırmızı terror” toplusundan guya “faktlara” əsaslanıb Süleyman Rəhimovun Teymur Salahovun üzünə durduğunu yazmaqla, məqaləniz boyu yol verdiyiniz yalanlar bir yana qalsın, qeyrətli Azərbaycan kişisinin adından istifadə edib yalanlar yazmaqla Ziya müəllimin ruhunu niyə incidirsiniz? Sizin belə hərəkətiniz alçaqlıq, nakişilik, qeyrətsizlik deyilsə, bəs nədir, “möhtərəm” millət vəkili?.. Millət vəkili uğrunda milyonlarla millət qarşısında, teleekranda göstərdiyiniz “oyunlar” psixi xəstəliyin simptomlarını xatırlatmırmı?
Çox böyük “tərbiyə” görmüş millət vəkili yazır: “Anar və Anara görə Rəsul Rza haqqında, hətta Anarın övladları haqqında qərəzli yazılar yazan murdarlar belə, heç vaxt Nigar Rəfibəylinin müqəddəs adını hallandırmayıblar. Şamo Arif bu şərəfsizliyi də boynuna götürdü”.
“Möhtərəm” xalq deputatı, siz özünüzü də, Anarı da çox pis vəziyyətə salırsınız. Çünki özünüz də çox gözəl bilirsiniz ki, Nigar Rəfibəylinin adını hallandıran Şamo Arif deyil, bu şərəfsizliyi 2002-ci ildə ilk hallandıran cənab Anar özü olub ki, bunu da “Mübarizə bu gün də var” kitabının 444-cü səhifəsində məharətlə edib. Bəlkə bu şərəfsizlikdən doğrudan da xəbəriniz yoxdur? Əgər belədirsə, özünüzün kəmsavadlığınızı seçicilərinizə də, həmkar deputatlarınıza da bildirməyinizin mənası nədədir? Şərəfsiz bir insanı, gözlərini bərk-bərk yumub, bütün varlığı ilə qoruyanı hansı adla adlandırılmasını isə şəxsən sizdən xahiş edirəm tapasınız…
Möhtərəm millət vəkili, deməyəsən, siz o qədər də ağılsız deputat deyilsiniz. “Şərəfsizlik” altından imzanızı qoyarkən, nə yaxşı ki, deputatlıq “libasınızı” soyunub, yalnız öz soyadınızı qeyd eləmisiniz: “Hüseynbala Mirələmov!” Həm də düşünürəm ki, siz ağılsız olsaydınız, Milli Məclisin kandarına da yaxın qoymazdılar…
Yazırsınız ki, “Şamo Arifə elə gəlir ki, kimsə Süleyman Rəhimov haqqında tənqidi bir söz deyirsə, bunu Anar təşkil edir”. Bu qədər də başa düşməzlik hardandı yetkin hesab edilən insanda? Mən heç də demirəm Anar təşkil edir, “Anar barmaqları” özləri öz işlərini çox gözəl bildiklərindən Anarın nəbzini tutub onun ürəyi istədiyi kimi də “vururlar”. Mən deyirəm ki, Anar özü yaradır, yazır. Dünyadan xəbəriniz həqiqətən yoxdursa, sizə yazığım gəlir… Millət vəkili, özü də bilmədən necə mürəkkəb oyuna salındığını dərk eləmir. Anarı tanımaq istəyirsə, məncə, bu “millət qəhrəmanı”nın 20 mart 2009-cu il tarixli “Ədəbiyyat” qəzetində dərc edilən, “müdriklik” göstərib adlarını çəkmədən üç görkəmli, Azərbaycanın fəxri olan insanları – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahimin cəzalandırılmasından ötrü  yuxarı təşkilatları qapı-qapı gəzib, dəridən-qabıqdan çıxmasını görməmək, kor olmaq qeyri-mümkündür. Ənvər Məmmədxanlı barədə qələmə aldığı yazısında yenə də “müdrikliklə” Süleyman Rəhimova çirkablar atdığını isə dərk etməmək, nadanlıqdan başqa nə ola bilər?
Cənab millət vəkili yazır: “Mənim bildiyimə görə Anar bir dəfə də olsun, Şamo Arifin hərzə hədyanlarına cavab verməyib. Yəqin Şamo Arifi ən çox yandıran da budur”.
Yazıqlar olsun dünyadan bixəbər millət vəkilinə! Gözəl bir xalq bənzətmə-müqayisəsi mövcuddur: insan var, bilir ki, bilir, insan var, bilmir ki, bilir; insan da var, bilmir ki, bilmir. Belə olanda da yazıqlıq, bədbəxtlik yaranır. Cənab millət vəkili öz daxilindən, içindən gələn və onun özünə yaraşıq verən “gözəl” təşbehləri dilinə gətirib dadmaqdansa, bilməliydi ki, görkəmli xanım yazıçı Ələviyyə Babayevanın “Rəngbərəng yuxular” kitabında Anarın ailəsinə də aid edilən məqamlar var ki, həmin kitaba redaktor olduğuma görə Anar ürəyindəki çirkabdan da çirkab, murdardan da murdar, hərzə hədyanlarıyla (həmin kitab, səh.511) Şamo Arifə cavab verib. Əvəzində də Şamo Arifin məntiqlə, tarixi faktlarla, analitik təhlillə sarsıdıcı zərbəsini aldıqdan sonra (“Bakı Xəbər” qəzeti, 6-8 aprel 2004) susmağı ağıllı bilir…

Ardı var

REDAKSIYADAN:

Oxucuların diqqətinə çatdırırıq ki, bu yazı müəllifin mövqeyini əks etdirir. “Azadlıq” olaraq biz qarşı tərəfə də eyni imkanı təmin etməyə hazırıq. Eyni zamanda mətndə yer alan bir sıra ifadələrin effemizmini ona görə vermədik ki, müəllif və qarşı tərəf kifayət qədər nəyi necə yazmağı bilən yazıçılardı. Ona görə də hər iki tərəfin mövqeyinə hörmətlə yanaşdığımızı bəyan etməklə bir daha bu cür fikir ayrılıqlarının həqiqətin ortaya çıxmasına xidmət etdiyinə inamımızı ifadə edirik.