Ötən əsrin sonunda hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı müqavilə imzalanan zaman dünya bazarında neft və neft məhsullarının qiyməti ucuz idi. Lakin adı çəkilən neft kəməri istismara başlayan ilk vaxtlardan dünya bazarında neftin qiyməti nəzərəçarpacaq dərəcədə bahalaşmağa, beləliklə, Azərbaycanın dövlət büdcəsinə külli miqdarda pul vəsaiti axmağa başladı.
Inkişaf etmiş ölkələrdə büdcənin təyinatı üzrə səmərəli, şəffaf və xalqın sosial rifahının yüksəlişinə xərclənməsi ön plana çəkilir. Ancaq təəssüf hissi ilə vurğulayım ki, bizim bəh-bəhlə hüquqi, demokratik dövlət adlandırdığımız Azərbaycanda qeyd olunanların əksini görürük. Xalqın sərvəti sayılan neft və qeyri-neft sektorundan əldə olunan gəlir əhalinin sosial rifahının yüksəlməsinə yox, ayrı-ayrı dövlət məmurlarının şəxsi büdcəsinə yönəldilir.
Bir neçə il öncə Kür çayı məcrasından çıxaraq bir sıra yaşayış məntəqələrimizə və torpaq sahələrimizə ciddi problemlər yaratmışdı. Düzdür, bu problemin dərhal aradan qaldırılması üçün dövlət başçısı büdcədən yetərincə pul vəsaiti ayırdı. Həmin dövrdə respublikamızın bütün rayon rəhbərləri bu işə səfərbər olunmuşdu, qısa zamanda problemlər aradan qaldırıldı, Kür çayı boyunca bəndlər tikildi, sahil boyu bərkitmə işləri görüldü. Lakin bu işlərin görülməsi üçün bütün bölgələrdən, idarə və müəssisələrdən pul toplandı. Bu məqsədlə dövlət büdcəsindən ayrılan pul vəsaitini isə aidiyyəti qurum rəhbərləri, məmurlar mənimsədi.
Başqa bir fakta nəzər salaq. Bakının baş planına uyğun olaraq şəhərin “Sovetski” adlanan ərazisindən əhalinin köçürülməsi zərurəti yaranıb. Bu ərazidə yaşayış sahəsinin hər kvadratmetri daha baha olduğu halda, hökumət köçürülən əhaliyə hər kvadratmetr üçün cəmi 1500 manatdan kompensasiya ödəmək qərarına gəlib. Nəticədə insan hüquqları pozulur. Çünki, əhalinin müəyyən qismi hələ də öz mənzili müqavilində kompensasiya ala bilməyib. Burada bir fakt da odur ki, sovetlər dönəmində mənzillərin qeyri-yaşayış sahəsi sənəddə göstərilmirdi. Ancaq indi tikilən yaşayış evlərində mənzillərin qeyri-yaşayış sahəsi (balkon, hamam otağı, ayaqyolu və dəhliz) mənzillərin ümumi sahəsinə daxil edilir. Bu halda da yenə itirən əhali olur.
Birinci Avropa Oyunları ərəfəsində, daha doğrusu mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binalarının birində 4 nəfəri azyaşlı uşaq olmaqla 15 nəfərin faciəli ölümü ilə nəticələnən yanğın baş verdi. Əslində bu kimi hadisələrdən heç də sığortalanmamışıq. Lakin yanğına səbəb nə idi. Birmənalı qeyd etmək istəyirəm ki, bu yanğının baş verməsində bilavasitə günahkar hakimiyyətdə nüfuz sahibi olan bir neçə məmurdur. Başda Bakı Şəhər Icra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov olmaqla bir neçə dövlət məmuru Avropa Oyunlarına qədər yaşayış binalarının üzlüklərini dəyişdirməli idi. Burada isə üzlüklərin keyfiyyətindən söhbət gedə bilməzdi. Çünki, bəzi “işbazlar”ın məqsədi dövlət büdcəsindən külli miqdarda pul vəsaitini ələ keçirmək idi…
Yanğın hadisəsindən sonra dövlət həmin keyfiyyətsiz üzlükləri yenisi ilə əvəzləmək üçün büdcədən yenidən külli miqdarda vəsait ayırdı. Üzlüklərin dəyişdirilməsi ilə məşğul olan tikinti şirkəti gecə-gündüz çalışaraq tamamlama işlərini qurtardı. Lakin bu işə cəlb olunan kasıb təbəqə, yəni fəhlə sinfi hələ də öz halal haqqını ala bilmir.
Başqa bir fakt. Ölkə başçısı Şıxov çimərliyi yaxınlığında “Dostluq” parkında “sahibi bəlli olmayan” villaların sökülməsi barədə Bakı Şəhər Icra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova xüsusi göstəriş verdi. Abutalıbov isə özünü guya bu kimi bahalı villaların kimlərə məxsus olduğundan xəbərsiz göstərdi. Ola bilməz ki, bu villalardan və onların orada necə tikilməsindən Hacıbala Abutalıbovun xəbəri olmasın. Özünün dediyi kimi, xəbəri yoxdursa, deməli, Hacıbala Abutalıbov kreslosuna layiq deyil.
Qaldı ki, hər birinin dəyəri 3-4 milyona bərabər olan villaların sökülməsinə, mənə elə gəlir ki, buna ehtiyac yox idi. Ən azı onları ya satıb pullarını büdcəyə ödəmək, ya da dövlət onlardan başqa məqsədlərlə istifadə edə bilərdi. Azərbaycan iqtisadiyyatına vurulan zərər və ziyanın ən dəhşətlisi isə manatın devalyasiyası zamanı baş verdi. Respublikamızın milli pul vahidi olduğu halda əhaliyə verilən kreditlər əksər banklarda dollarla hesablanaraq manatla ödənilir. Manatın devalvasiyasından sonra isə kreditorları götürdükləri vəsaiti dollarla qaytarmağa məcbur etdilər. Buradan isə olduqca maraqlı sual meydana çıxır. Əhalidə pul varsa, niyə yüksək faizlərlə pul vəsaiti götürməyə məcbur idi?
Bütün bu kimi neqativ hallardan belə nəticəyə gələ bilərik ki, büdcəmiz hələ də acgöz məmurların gəlir mənbəyi olaraq qalır.
Tahir Ağayev


