Rus filosofu Nikolay Berdyayevin “Azad xalq” əsəri 1917-ci ilin yayında yazılıb və əsərdə bir xalqın köləlikdən azadlığa doğru yolu təhlil olunur. Məqalə rus xalqı haqda yazılıb, amma filosofun mülahizələri ümumbəşəridir. Bu yazını oxuyanda təmsil etdiyimiz xalqın da tarixi inkişaf yollarını düşünüb, paralellər aparmamaq mümkün deyil.
Azad xalq
Rus xalqı uzun sürən tarixi köləlikdən çıxıb yeni, azad həyata qədəm qoyur. Rus xalqının dözümü çox olduğundan, əcnəbilərdə belə təsəvvür yaranmışdı ki, bu xalq qəlbən kölə bir xalqdır. Indi isə rus xalqı həqiqətən azad xalq olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Hər bir rus özünü idarə etməlidir və artıq hökm mənbəyi onun daxilindədir, xaricində yox. Azad insan kölədən onunla fərqlənir ki, o, özünü idarə etməyi bacarır, qəlbən kölə olan insan isə yalnız tabe olmağı və qiyam qaldırmağı bacarır. Qiyam köləliyin astar üzüdür. Azad insan inqilab edə bilər, amma qiyam qaldırmaz, çünki azad şəxs dövlətinin və vətəninin taleyi haqda düşünür. Yalnız kölə olaraq qalanlar öz dövlətinə və vətəninə yabançı münasibət bəsləyirlər. Xalq o zaman yetkinlik səviyyəsinə çatır ki, özünü idarə etməyi bacarır. Azadlıq ilk növbədə özünüidarə deməkdir. Başqalarını, bütün bir ölkəni yalnız o adamlar idarə edə bilər ki, özlərini, öz fikir və hisslərini idarə etməyi bacarırlar. Ölkədə qayda-qanunu o kəslər yarada bilər ki, öz daxillərində qayda-qanun yaradıblar, öz iradələrini ülvi məqsədlərə yönəldiblər.
Azadlıq özbaşınalıq deyil, azadlıq o demək deyil ki, kimin ağlına nə gəlirsə onu da etsin. Azadlıq, ilk növbədə, insan şəxsiyyətinə hörmət deməkdir, insan hüquqlarını sözsüz tanımaq deməkdir. Qəlblərində anarxiya olan insanlar öz millətinə, vətəninə anarxiyadan başqa heç bir şey verə bilməyəcəklər.
Azadlıq özünüməhdudlaşdırma olmadan, nizam-intizam olmadan mümkün deyil. Insan həqiqəti dərk etməsə, azad ola bilməz. Incildə deyilir: “Həqiqəti dərk edərsiniz, o, sizi azad edər”. Bütöv bir xalq o zaman azad olur ki, həqiqəti dərk edir və ona qulluq edir. Əgər bir xalqda nizam-intizam, özünü ali məqsədlərə yönəltmə qabiliyyəti məhv olursa, o xalq vəhşi heyvan sürüsünə çevrilir.
Azad insan zor işlətmir, heç kimə qarşı çıxış etmir, hamıya azadlıq verir və hamının insan hüquqlarını təmin edir. Kim zorakılığa əl atırsa, deməli, hələ kölədir. Hər bir xalq öz ali məqsədinə yalnız öz dövləti çərçivəsində nail ola bilər. Millət öz dövlət qurumunu itirəndə başqa xalqların tabeliyinə düşür. Hər bir xalq öz dövlət qurumuna nail olmaq üçün uzun bir yol keçir və bu yolda ondan möhkəm iradə tələb olunur. Demokratiya hər bir xalqdan özünüidarə və yüksək keyfiyyətlər tələb edir. Xalq zorakılığa əl atırsa, deməli, o xalq hələ demokratiyaya hazır deyil.
Monteskye deyir ki, demokratiya mətanət və ümumi işə məhəbbət tələb edir. Bu mətanət yoxdursa və ümumi işə məhəbbət yoxdursa, deməli, demokratiya öz əksinə, yəni despotizmə çevriləcək.
Rus xalqı nədir və ümümiyyətlə, xalq nədir? Xalq bir sinif sosial qrup, fəhlə sinfi və yaxud kəndlilər deyil. Xalqa bütün insanlar, bütün siniflər və qruplar daxildir. Xalq tarixdə minilliklər boyunca mövcud olan ulu bir tamdır və onu bugüngü sinfi mübarizə ilə və ya sosial qrupların münasibəti ilə təyin etmək olmaz. Xalqda uzaq tarixi keçmişlə uzaq tarixi gələcək birləşir. Xalq bu gün baş verən bütün hadisələrdən, əks mənafeli bütün siniflərdən daha dərindir. Xalqın tarixi taleyini bilmək üçün, tanımaq üçün kəndlini və mülkədarı, fəhləni və sahibkarı, taciri və ziyalını yox, onların daxilini, bütün zahiri sosial köynəklərindən dərin olan qəlbini öyrənmək lazımdır. Rus xalqı bütöv bir xalqdır və rus xalqı dünyada mövcud olan heç bir xalqa bənzəmir.
Vətən hissi hər bir xalqda sosial, sinfi fərqlərdən üstündür. Hər bir sağlam, azad yaşamağa qadir insanda bu hiss sinfi mənafe hissindən və sinfi çəkişmələrdən güclüdür. Birlik, milli mənsubiyyət hissi fransızlarda da, ingilislərdə də, almanlarda da var. Əgər bu hiss yoxdursa, xalq məhv olar.
Rus xalqı – öz mənafeyini güdən ayrıca hissələrin mexaniki birliyi deyil, bütöv bir xalqdır. Rus xalqının dünyada öz siması var, o heç bir başqa xalqa bənzəməz. Bu xalqın öz tarixi, böyük keçmişi, böyük gələcəyi qarşısında dayanan vəzifələri var və bu xalq dünyada öz yerini, öz işini müdafiə etməlidir.
Hazırda bizdə böyük bir keçid prosesi başlayır. Bu keçidin mahiyyəti yeni şüur və yeni, əsl vətənpərvərlikdir. Köhnə məhv olub, yeni isə hələ yaranmayıb.
Demokratiyaya keçid ilk növbədə özünüidarəyə keçiddir və burada sinfi fərqlərdən söhbət gedə bilməz. Demokratiya xalqın vətəndaş səviyyəsini büruzə verir. Demokratiyanı burjua sinfinə qarşı qoymaq olmaz, bu, ən azı nadanlıqdır. Demokratiya bütöv xalqın ali hakimiyyətidir. Demokratiya fəhlə və kəndli sinfinin hökmranlığı kimi başa düşülməməlidir. Proletariat diktaturası azlığın çoxluq üzərində hakimiyyətidir və bu diktatura məzmun etibarilə demokratiyaya ziddir, antidemokratikdir. Azad xalq heç bir sinfin diktaturasına dözməz.
Uzun illər boyu köləlikdə yaşayan bir xalqın demokratiyaya keçməsi ilk növbədə xalqın tərbiyəsi, şüurunun yüksəldilməsi kimi məsələləri ön plana çəkir. Xalqda insan azadlığına hörmət yoxdursa və insan hüquqlarına hörmət edilmirsə, deməli, o xalq demokratiyadan hələ çox uzaqdır. Inqilab edənlər zorakılığa əl atırsa, gələcəkdə onlara qarşı da zor işlədiləcək. Zor edənin bir zaman özünə də zor edəcəklər – bu, təbiətin qanunudur. Demokratiya insanın xüsusi bir mədəniyyətidir, yalnız azad insanlar azad, demokratik dövlət yarada bilərlər. Xalq o zaman azad və yetkin xalq adına layiq olur ki, o, milli birliyini, vahidliyini dərk edir – həm öz dövləti daxilində, həm xaricində – başqa dövlətlər və millətlər qarşısında. Xalq daxili hissələrə və bölümlərə parçalanırsa, öz bütövlüyünü, ləyaqətini qorumaq istəmirsə, o hələ azadlığa hazır deyil və kölə vəziyyətinə qayıdır.
Hər bir xalq ruhunun gücü və bütövlüyü ilə tarixdə yaşayır və böyük işlər görür. Xalqın ruhu pozulursa və zəifləyirsə, xalq geriyə çəkilir, tarix səhnəsindən çıxır və solur.
Nikolay Berdyayev
P.S: yazını redaksiyaya politoloq Mehman Xanlaroğlu təqdim edib.