Əli Kərimli Avropa Oyunlarına parad keçirilməsini qeyri-ciddilik adlandırdı
İyulun 12-də Bakıda I Avropa Oyunları ilə bağlı parad keçirilib. "Bakı 2015" adlanan parada Oyunlarda Azərbaycanı təmsil etmiş idmançıları və könüllü kimi çalışmış şəxsləri çıxarıblar. Tədbir sosial şəbəkələrdə "Avropa Oyunlarının paradı" adlandırılaraq, bir sıra tənqidi münasibətlərə məruz qalıb. AXCP sədri Əli Kərimli də olaya facebook səhifəsində münasibət bildirib. O, belə bir tədbirin təşkil edilməsini qeyri-ciddilik adlandırıb.
"Bu haradan ağıllarına gəldi? İndi də Avropa Oyunlarının şərəfinə parad keçiriblər. Xalq hələ bu Oyunların acısını unutmamış bunlar daha bir şitliyə imza atdılar.
Bu necə olur axı? Bütün günü söydürüb aşağılatdırdığınız Avropanın Oyunları üçün xalqın boğazından kəsib milyardlar xərcləyir, sonra da Avropanın özünün ciddiyə almadığı, açılışını boykot etdiyi Oyunların şərəfinə üstəlik parad, bayram şənliyi də keçirirsiniz. Nədir bu hərəkətin adı? Mən bilirəm ki, hər nədirsə, qeyri-ciddilikdir. Bəs siz necə hesab edirsiniz, bu hərəkətin dəqiq adı nədir?", – deyə AXCP lideri yazıb.


