“WikiLeaks” İranın Azərbaycanla bağlı mövqeyini ifşa etdi

«İran Qarabağdakı mövcud status-kvonun saxlanılmasında maraqlıdır»

Rahim Hacıyev: «Iran Qarabağ probleminin Azərbaycanın əbədi bəlası kimi qalması üçün bütün vasitələrə əl atır»

Qalmaqallı “WikiLeaks” saytı Ermənistanla bağlı növbəti gizli sənədlər açıqlayıb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sənəd Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən hazırlanmış Ermənistan-Iran münasibətlərinin detallı şəkildə təhlilini özündə əks etdirir. Təhlilə söz önü olaraq ABŞ-ın Bakıdakı sabiq səfiri Enn Dersi bildirir ki, onun Iran problemləri ilə məşğul olan işçisi 2007-ci ilin oktyabrında Ermənistanda olub və siyasi dairələrin nümayəndələri, sahibkarlar və mədəniyyət xadimləri ilə görüşüb.
“Erməni mütəxəssislər görüş zamanı əmin olduqlarını bildiriblər ki, Iran regionda, xüsusilə, Dağlıq Qarabağda status-kvonun saxlanılmasında çox maraqlıdır”, – deyə məlumatda bildirilir.
Diplomatlar Irəvanın ekspert dairələrində hökm sürən əhval-ruhiyyə barədə kifayət qədər ətraflı məlumatlar veriblər: “Erməni ümummilli hərəkatının təsisçilərindən biri olan keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan amerikalı diplomatlarla söhbətində bildirib ki, Iranla Ermənistan arasında münasibətlər təkcə ticarət əlaqələrilə məhdudlaşmır. Təhlükəsizlik sahəsində və siyasi problemlərlə bağlı yüksək səviyyədə əməkdaşlıq mövcuddur”.
Şahnazaryan qeyd edib ki, Iran Qarabağ probleminin həlli yolunda irəliləyişin əldə olunmasını istəmir. Çünki bu, Tehrana, Azərbaycanın diqqətini Iranın şimalında (Cənubi Azərbaycanda) yaşayan azərbaycanlıların problemlərindən yayındırmaq imkanı verir.
Siyasi ekspert Rahim Hacıyev isə bildirir ki, “WikiLeaks”in yaydığı sənədlərdən bir daha Iranla Azərbaycan arasında çox ciddi problemlərin olduğu ortaya çıxır: “Iran müstəqil Azərbaycan dövlətinin mövcudluğunu heç cür həzm etmir. Reallıq onu göstərir ki, rəsmi Tehran Ermənistanı açıq-aşkar dəstəkləməklə Azərbaycanın imkanlarını məhdudlaşdırmaq, vəziyyətini maksimum pisləşdirmək siyasəti aparır”.
R.Hacıyevin fikrincə, Dağlıq Qarabağ probleminin Azərbaycanın əbədi bəlası kimi qalması üçün Iran bütün mümkün üsul və vasitələrdən istifadə edir: “Iran Ermənistana qarşı Türkiyə kimi mövqe nümayiş etdirsəydi, o halda rəsmi Yerevan Qarabağ probleminin həllində güzəşt mövqeyi tutardı”.

Gültəkin