inek

Elçibəydən inək istəmək azadlığı

natnetaz@gmail.com
 

Deyirlər, prezident Elçibəy Sabirabada gedəndə belə bir hadisə olub. Xalqla məsafəli yox, üz-üzə dayanıb söhbət edən prezident kəndlilərdən istəklərini soruşur. Biri qayıdır ki, cənab prezident, 3 aydır inəyimi oğurlayıblar, polis də tapa bilmir, onun tapılmasına göstəriş verin. Hamı gülüşür, prezident dərhal belə bir göstəriş verir və əlavə olaraq, icra başçısına tapşırır ki, “inək tapılana qədər bu şəxsə fermandan bir sağlam inək ver, ailəsi korluq çəkməsin…”
Bu, sadə bir nümunə kimi görünə bilər. Fəqət, mən indiki günümüzlə müqayisədə prezident və kəndlinin o söhbətində böyük hikmətlər görə bilirəm. Az qala, hər həftə borclarına, kreditlərinə görə özünü asan vətəndaşlarımızla bağlı fəlakətli xəbərləri oxuyuruq. Bundan da beşbetər müsibətlər içində yaşayan adamlarımız nə çox…
Indi sizdən soruşuram, siz bu cür dərdli insanların Ilham Əliyevlə hansısa söhbətinə şahidsinizmi? Öz problemini rəhbərə açıq deyən bir vətəndaşı təsəvvürünüzdə canlandırırsınızmı?
Hə, yaxın keçmişdə belə hadisə olub. Ilham Əliyevin kürsüdə hələ tam bərkimədiyi vaxt idi. Camaatın arasına çıxırdı, deyirdi ki, şikayətlərinizi birbaşa mənə verin-filan. O vaxt Şamaxı bazarında bir nəfər Ilham Əliyevə işıq pulunu verə bilmədiyindən şikayətləndi. Əliyevdən “imkanın yoxdu, sən vermə” cavabını alsa da, sonradan mətbuat yazdı ki, işıq idarəsi o şamaxılının ciyərini çıxara-çıxara ondan pulu alıb.
Amma sonralar Ilham Əliyev belə epizodik tamaşalara da gərək görmədi. Indi onun xalq gəzintilərində “fərəqət” komandasında dayanan yerli məmurlar “sadə vətəndaş” obrazında qarşılayıb, əl çalmaqla məşğuldular.
Vəziyyət o qədər acınacaqlı hal alıb ki, mən şübhə edirəm, Ilham Əliyev xalqla real təmas qursa, ona dərdini deyəcək adam tapılarmı? Insanların gözü o qədər qorxub, o qədər xof var ki, hətta öz dərdini dilə gətirməkdən də çəkinirlər.
Başqa vaxt bizim söz azadlığı ilə bağlı dediklərimiz, yazdıqlarımız cəfəngiyyat, deyingənlik kimi görünə bilər. Indi isə gətirilən nümunələrdən onun nə qədər vacib amil olduğunu görmək olur. Demokratiya, fikir azadlığı təkcə ayrı-ayrı mətbuat orqanlarına, partiyalara lazım deyil. O, sadə vətəndaş üçün də çox gərəklidir. Gərəkdi ona görə ki, lazımi anda sözünü, dərdini bütün ünvanlarda qorxmadan, çəkinmədən desin.
Söz azadlığı ürəyin yükünü azaldır. Söz azadlığının olmadığı bizim kimi ölkələrdə insanlar dərd-sərini ürəklərinə axıtmaqdan başqa yol bilmirlər. Ona görə də təsadüfi deyil ki, ölkəmizdə ürək-damar xəstəlikləri ucbatından ölənlərin sayı rekord vurur. Ən maraqlısı budur ki, bu qədər dərdə-problemə rəğmən, hələ də bizim ölkədə qəflətən yatıb oyanmayan adamların ölümünə belə reaksiya verirlər: “Pay atonnan, divar kimi adam idi, qəfil necə öldü?..”
Belə ölümlərin heç biri qəfil deyil. O adamların ürəklərindən özlərindən ağır möhnət yükü asılıb. Deyə bilmədikləri dərdləri sinələrində düyünlənib.
Demokratiya defisiti belə olur. Demokratiya olanda isə vətəndaş inək problemini də prezident qarşısında qaldıra bilir. Bu nə qədər uyğun addımdı, deyil o başqa söhbətin mövzusudur. Ancaq demokratiya qarantiya verir ki, sən fikrinə görə öldürülə, türməyə salına bilməzsən.
Siz doğrudanmı belə bir nemətə – azadlığa təşnə deyilsiniz?

 

inek