Məmur harınlığı cəmiyyəti qarşıdurmaya sürükləyir
Azərbaycanda qanunun ayaqlar altında olduğu, şəxslərin qanunları istədikləri səmtə yönəldə bilməsi heç kimə sirr deyil. Təkcə bir neçə məhkəmə prosesini izləmək kifayət edir ki, hüququn necə yazıq vəziyyətə salındığına şahidlik edəsən. Son bir həftə ərzində müşahidə etdiklərimiz isə bu vəziyyətin daha da ağırlaşdığını göstərir.
Öncə eşitdik ki, Səbail rayon icra başçısının oğlu ağır cinayət törətməsinə baxmayaraq məhkəmə zalından ev dustaqlığına buraxılıb. Ardınca Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Idarəsinin rəsinin oğlunun harınlığı gündəmə gəldi. Məlum oldu ki, bu məmur balası Beyləqan rayonunda bir qadına sataşıb və bu qadının həyat yoldaşını təhqir edib, uşaqlarını döyüb. Daha sonra məlum olur ki, bu harın məmur oğlu əvvəllər də məsuliyyətə cəlb olunub.
Daha sonra Müdafiə Nazirliyi Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu qayda pozuntusuna görə saxlayan polis işdən qovulub. Işdən qovulan yol polisi bildirib ki, generalın oğlu ona “küçük” deyərək təhqir edib, anasını söyüb və maşınla üstündən keçəcəyi ilə hədələyib.
Hələ bu da son deyil. Bugünlərdə xəbər yayıldı ki, Şamaxının polis rəisi işdən çıxarılıb. Səbəb isə Şamaxı polisinin Əmlak Komitəsinin sədri Kərəm Həsənovun avtomobilini saxlaması olub.
Belə faktlar həddindən artıq çoxdur. Hər dəfə də məlum olur ki, harınlığı edən məmurlar və onların övladlarıdı. Eyni zamanda müşahidə edilir ki, bu adamların qarşısında qanun acizdir. Çünki, bu adamlar ən yüngül cəza ilə canlarını qurtara bilirlər.
Amma bu tendensiya olduqca təhlükəlidir. Ölkə başçısının müşavirələrdə məmur övladlarına barmaq silkəlməsi məsələni həll etmir. Əksinə, sonrakı proseslər göstərir ki, harınlıq, azğınlıq daha da artır. Çünki, cəzasızlıq mühiti var və prezidentin hədələri də gözdən pərdə asmaq üçündür.
Amma hakimiyyət ciddi düşünməlidir. Bugünlərdə Qusarda nazirin qardaşına qarşı baş verənlər, Quba və Ismayıllı hadisələri dərs olmalıdır. Insanların heysiyyəti ilə oynamaq olmaz, insanların namusuna toxunacaq addımlar yolverilməzdir. Bu azğın əməllərin qarşısını almaq mümkünsüz olacaq. Bıçaq sümüyə dirənəndə nə milyionlara vəsait, nə də yüksək vəzifə adamı xilas edə bilir. Insanları son həddə çatdırmaq olmaz.
Hakimiyyət bu ölkəni hara aparır? Qanunların ayaq altına salınması, cəzasızlıq, vəzifəli şəxslərin qulluq mövqeyindən sui-istifadə etməsi ciddi qarşıdurmalara səbəb ola bilər.
Əgər ölkədə qanun hamı üçün eyni olsa, məhkəmələr müstəqil qərar çıxara bilsə, vəzifəli şəxslər və onların övladları at oynada bilməzlər. Yaxud vəzifəli şəxsin övladını saxladığı üçün polis işdən çıxarıla bilməz.
Göründüyü kimi, ölkədə qeyri-sağlam bir vəziyyət hökm sürür. Hakimiyyət yalnız daha çox talan etmək və haqqını tələb edənləri cəzalandırmaq kursu seçib.
Bir daha təkrar edirik ki, nə qədər dərin qazsalar da, bu quyuya özləri düşəcək.
Azad


