«Təhlükəsizliyimizə ən böyük təhdid Rusiyadan, ardınca da Çindəndir»
ABŞ-dan Rusiya ilə bağlı son illərin ən sərt açıqlaması gəlib. Obama Administrasiyasının ölkənin Baş Qərargah rəisi postuna namizəd kimi göstərdiyi ordu generalı Jozef Dunford Rusiyanın Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük təhdid olduğunu açıqlayıb. Dunford bu açıqlamayla Senatın toplantısında çıxış edib: «Əgər ABŞ-ın təhlükəsizliyinə təhdid yaradan ölkə haqqında məlumat almaq istəyirsinizsə, sizə Rusiyanı işarə verə bilərəm. Rusiyanın davranışları ciddi narahatlıq yaradır».
Rusiyanın nüvə silahına da diqqət çəkən Dunford bu ölkənin ABŞ-ın müttəfiqlərinin müstəqilliyinə təhlükə yaratdığını da əlavə edib. Dunfordun sözlərinə görə, ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradan ikinci ölkə Çindir. Ordu generalı növbəti sıralarda Şimali Koreya və İŞİD-in də yer aldığını bildirib.
Senatorlardan Con Makkeynin sualına cavab olaraq Dunford qeyd edib ki, ABŞ-ın Ukraynanı silahla təchiz etməsi məntiqli addım olar. Onun sözlərinə görə, belə bir yardım olmasa, Ukrayna Rusiyanın hücumlarından müdafiə oluna bilməz.
Qeyd edək ki, Dunford ABŞ ordusunun populyar simalarından sayılır. 59 yaşlı ordu generalı Əfqanıstanda, İraqda piyada alayına rəhbərlik edib və xidmətlərinə görə «Savaşçı Joe» ləqəbini qazanıb. Beynəlxalq aləmdə güclü əlaqələri olan Dunford ABŞ Konqresində həm demokratların, həm də respublikaçıların rəğbətini qazanmış isimdir. Senatdakı təsdiqləmə mərhələsində onun namizədliyi ilə bağlı hər hansı problemin yaşanması gözlənilmir.
Gültəkin


