Əliyev söydüklərindən dəstək istəyir

Hakimiyyət siyasi və iqtisadi məsələlərin həllində ABŞ-ın önəmini etiraf edir

Hakimiyyətin antiQərb siyasəti davam edir. Məqsədli şəkildə daxili auditoriya çaşdırılır və Qərbin haqlı tənqidlərinə  yalan donu geyindirilir. Çünki, hakimiyyət istəmir ki, vətəndaş AzTV-lərin sehrindən çıxıb reallığı görsün. Ona görə də Qərbdən gələn bütün ittihamlar “bizi gözləri götürmür”, “ermənipərəst qüvvələr bizə təzyiq edir” kimi  xəstə arqumentlərlə silahlanıblar.
Amma ümumi mənzərə onu göstərir ki, hakimiyyət bütün prinsipial məsələlərdə Qərbdən asılıdır və bunu etiraf etməyə məcburdular. Bir neçə gün öncə ABŞ-ın müstəqillik günü qeyd olundu və Ilham Əliyev Barak Obamaya təbrik məktubu göndərdi. Təbrik məktubunda qeyd olunurdu ki, Qarabağ münaqişəsinin həllində ABŞ-ın prinsipial mövqeyi önəmlidir və ABŞ-dan gözləntilər böyükdür.
Bugünlərdə isə energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri R.Sekuta ilə görüşüb. Görüşdə Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.
Natiq Əliyev TAP ətrafında müşahidə olunan problemlərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib: “BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. Cənub Qaz Dəhlizi, onun bir hissəsi olan TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”-deyə Natiq Əliyev bildirib.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti həm Qarabağ münaqişəsinin həllində, həm qlobal layihələrin həyata keçirilməsində ABŞ-ın əvəzsiz rolunu etiraf edir və ABŞ-ın mövqeyinin önəmli olduğunu vurğulayır.
O zaman sual meydana çıxır. Əgər ABŞ bütün prinsipial məsələlərdə önəmli fiqurdursa və Azərbaycanın bu məsələnin həllində ABŞ-a ehtiyacı varsa, antiABŞ siyasətinin məqsədi nədir?
Deməli, hakimiyyətin antiABŞ siyasətinin kökündə şəxsi maraqlar və hikkə dayanır. Çünki, hakimiyyət etiraf edir ki, Qarabağdan tutmuş, iqtisadi məsələlərə qədər ABŞ önəmli partnyordur. Sadəcə olaraq ABŞ-ın demokratiya və insan haqlarına hörmət tələbi hakimiyyəti qane etmir. Hakimiyyət yalnız iqtisadi sahədə ABŞ-la əməkdaşlıq etmək, eyni zamanda siyasi məsələlərdə də ancaq Azərbaycanın istəklərini qəbul etdirmək istəyir. Bu isə anormal siyasətdir və avtroitar zehniyyətin tələbidir.
Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir, repressiv siyasətini davam etdirir və dünyadan da “təşəkkür” gözləyir. Təbii ki, beynəlxalq siyasət də hərtərəfli əməkdaşlığı zəruri edir.
Nəticə onu göstərir ki, hakimiyyətin antiABŞ siyasəti milli təhlükəsizliyə zərbədir və cılız maraqlar naminə taleyüklü məsələlər qurban verilir.
Bir sözlə, hakimiyyət ABŞ-ın Azərbaycan üçün mühüm faktor olduğunu yaxşı başa düşür. Sadəcə olaraq korrupsioner mahiyyət, qeyri-şəffaf idarəetmə təfəkkürü bütün etibarlı tərəfdaşları düşmənə çevirir.

Akif