Saxta rəylər Əliyevin nəyinə lazımdır?

Nurəddin Məmmədli: «Hakimiyyət belə manipulyasiyalarla daxili auditoriyanı sakitləşdirməyə, yanlış təəssürat yaratmağa cəhd edir»

Namizəd Səfərov: «Əhali ağır sosial çətinliklərə düçar edilibsə, bu halda hansı yüksək reytinqdən danışıla bilər?!»

Son bir ayda artıq ikinci dəfədir ki, “Rəy” monitorinq mərkəzi dövlət başçısının reytinqini gündəmə gətirmək məqsədilə özünün sorğu nəticələrini açıqlayır. Birinci dəfə açıqladıqları nəticədə göstərilmişdi ki, Ilham Əliyevin ölkədə nüfuzu 87 faizdir. Təxminən iki həftə sonra açıqladıqları nəticədə bu rəqəm artıq 90 faizə qalxdı.
Normal demokratik ölkələrin heç birində dövlət və hökumət başçılarının reytinqinin 90 faiz olmasına dair məlumata rast gələ bilməzsiniz. Bu cür rəqəmlər diktatura ölkələrinə xasdır. Bu, məsələnin bir tərəfi…
Ikincisi, Azərbaycanda “rəy sorğusu” adı altında baş verənlər və bu sorğuların hansı meyarlarla keçirilməsi, nəticələrin necə müəyyənləşdirilib açıqlanması kimsəyə sirr deyil. Amma hakimiyyətin beynəlxalq təşkilatlar və Qərb ölkələrilə qarşıdurma vəziyyətində olduğu, iş yerlərinin bağlanması, maaşların gecikməsi, bahalaşma və s. səbəblərdən əhalinin güzəranının günü-gündən pisləşdiyi və nəticədə narazılığın artdığı bir vaxtda bu cür sorğularla bağlı məlumatların cəmiyyətə ötürülməsi yeni mülahizələrə yol açır.ÿÖlkə parlament seçkiləri ərəfəsində olduğu bir vaxtda prezidentin reytinqinin artdığı barədə mesaj verilməsi şübhəsiz ki, ictimai rəyə hesablanmış addımdır.


AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli ilk növbədə onu deyir ki, obyektiv rəy sorğularının keçirilməsi mürəkkəb texnoloji prosesdir. Prosesin reallaşması üçün elmi əsaslara söykənən ciddi prosedurlar olmalıdır. Azərbaycanda isə ÿbu cür rəy sorğuları keçirmək iqtidarında olan heç bir təşkilat yoxdur: “Saxta, bir çox hallarda heç bir araşdırma aparmadan bu statistik məlumatları gündəmə gətirməyin özü bir manipulyasiya əlamətidir və reallığı ifadə etmir. Eyni zamanda, bu cür addımlar seçki ərəfəsində yalançı imic formalaşdırmaq cəhdidir. Amma bu cür saxta rəy sorğuları ilə artıq kimsəni aldatmaq mümkün deyil. Sadəcə, hakimiyyət belə manipulyasiyalarla daxili auditoriyanı sakitləşdirməyə, yanlış təəssürat yaratmağa cəhd edir”.
Dünya siyasətinə təsir göstərən beynəlxalq təşkilatların apardığı ayrı-ayrı tədqiqatları yada salan Nurəddin Məmmədli qeyd edir ki, dünya mətbuatının Azərbaycan hakimiyyətinə, o cümlədən ölkə başçısına münasibəti də birmənalıdır: “Bu baxımdan, hazırda ictimai rəyi yalançı məlumatlarla aldatmaq qeyri-mümkündür”.


Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov da o fikirdədir ki, hakimiyyət öz təbliğat vasitələrilə cəmiyyətə və beynəlxalq aləmə nüfuzunu yüksək göstərməyə çalışır: “Bu cür məlumatlar Prezident Aparatında hazırlanaraq ictimaiyyətə ötürülür. Bu gün hakimiyyətin həm daxili, həm də xarici siyasəti, xalqın sosial durumu ölkədə prezidentin reytinqinin yüksək olmasına imkan vermir. Əgər hakimiyyət həqiqətən prezidentin reytintini öyrənmək istəyirsə, real şəkildə bu sorğunu keçirsin. O zaman görəcəklər ki, onların xalq arasında nüfuzu yox səviyyəsindədir. Külli miqdarda vəsait xərclədikləri Avropa Oyunlarından sonra ölkə iqtisadiyyatı ciddi zərbə aldı, o cümlədən əhali ağır sosial çətinliklərə düçar edildi. Belə olan halda, hansı yüksək reytinqdən danışıla bilər?!”