«Qərbin Azərbaycanda demokratik dəyərləri dəstəkləməsi cəmiyyətin fəallığına müsbət təsir edəcək»
Fuad Qəhrəmanlı: «Vətəndaş cəmiyyətinin fəallaşmasını isə hakimiyyət gələcəyi üçün təhdid və təhlükə sayır»
“Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə Ismayılın həbsinə görə bir neçə aksiya təşkil etmiş həmkarı Amanda Rivkin “Amerikanın səsi”nə müsahibəsində maraqlı fikirlər söyləyib. Jurnalist hazırda hakimiyyətin yürütdüyü siyasəti şərh edərək bəyan edib ki, Azərbaycan iqtidarının antiABŞ ritorikası təsadüfi deyil. Onun fikrincə, Putin Əliyevi inandırmaq istəyir ki, ABŞ Azərbaycanda hakimiyyət dəyişikliyi etməyə çalışır.
Jurnalistin bu fikirləri ABŞ səfirliyinin yaydığı son bəyanatın fonunda maraqlı görünür: “ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir” başlıqlı bəyanatında deyilib.
Əslində Azərbaycan hakimiyyətinin antiABŞ bəyanatları birinci dəfə deyil səslənir. Prezident Administrasiyasının rəhbərbəri Ramiz Mehdiyevin məqalələrində dəfələrlə ABŞ-ın ünvanına sərt mesajlar səsləndirilib. Bundan başqa, Vaşinqtona qarşı kampaniyaya daha bir misal bir müddət əvvəl hakimiyyət mətbuatının Kerri barədə yazdıqlarıdır. “Kerrinin Azərbaycandakı dövlət çevrilişi planı” başlıqlı silsilə yazılarda konkret olaraq ABŞ rəhbərliyi Azərbaycanda dövlət çevrilişində ittiham olunurdu. Hakimiyyətin bu cür siyasət yürütməsinin səbəbləri nədir? Hakimiyyət bu cür siyasəti ilə nəyə nail olmağa çalışır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyətinin Qərblə bağlı qorxularının olması danılmazdır. F.Qəhrəmanlının sözlərinə görə, bu daha çox onunla bağlıdır ki, hakimiyyət Ukraynada vaxtilə olmuş “Maydan” hərəkatının Azərbaycanda təkrarlana biləcəyindən narahatdır və bu narahatlıq R.Mehdiyevin məqaləsində gündəmə gətirilmişdi. F.Qəhrəmanlının fikrincə, hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı səlib yürüşü başlatması, repressiyaları gücləndirməsi, əslində bu qorxudan qaynaqlanır: “Hakimiyyət ehtiyat edir ki, vətəndaş cəmiyyətinin fəaliyyəti genişləndikcə, o biri tərəfdən cəmiyyətdə narazılıq artdıqca, məhz vətəndaş cəmiyyəti qurumları, syiasi partiyalar ictimai rəyin iqtidara qarşı dəyişməsində və təşkilatlanmasında rol oynaya bilər. Burada söhbət hər hansı əməliyyat palanından, zorakı çevrilişdən getmir. Aydındır ki, dinc ictimai müqavimətin təşkili və cəmiyyətin narzılıq potensialının meydanlara daşınması xalqın iradəsi ilə dinc demokratik dəyişikliklərin həyata keçrilməsinin əsas mexanizmi hesab olunur və və burada gizlin heç nə yoxdur. Cəmiyyətdə sosial bazasını tamamilə itirib təcrid vəziyyətinə düşən iqtidar məhz bu mexanizmin işə düşə biləcəyindən ehtiyatlanır. Ona görə hakimiyyət davamlı olaraq Qərb institutlarının ölkəmizdə demokratiyanın inkişafına verdikləri dəstəyi özünə qarşı yönələn təhdidi sayır”. F.Qəhrəmanlı vurğuladı ki, bizim kimi ölkələrdə cəmiyyətin müqavimətinin təşkili demokratik institutlar tərəfindən həyata keçrilir. Ona görə də hakimiyyət demokratik institutları təhlükə mənbəyi sayaraq sıradan çıxarmağa çalışır, bundan ötrü siyasi represiyalara gedir: “Bu gün dünyada demokratiyanın əsas müdafiəçisi rolunda çıxış edən Qərb institutlarının ölkəmizlə bağlı fəaliyyəti ümumbəşəri demokratik dəyərlərin Azərbaycan cəmiyyətinə ötürülməsinə kömək edir. Bu baxımdan hakimiyyət üçün Qərbdən gələn təhlükə birbaşa hərbi çevriliş, hansısa məxfi əməliyyat hazırlıqları deyil. Bu, demokratik dəyərlərin vətəndaş cəmiyyəti institutları vasitəsi ilə Azərbaycanda təbliğ edilməsi, yayılmasıdır. Hakimiyyət demokratik azadlıqları, tələbləri özü üçün təhlükə saydığına görə, onları dəstəkləyən Qərbi də özünün ideoloji, siyasi düşməni kimi təsəvvür edir. Digər tərəfdən, bu gün Qərbdən Azərbaycan hakimiyyətinə qarşı yönələn tələblər var. Qərb hakimiyyətdən repressiyaları durdurmağı, QHT-lərin fəaliyyətinə qoyulan qadağaları qaldırmağı tələb edir. Bu tələblərin yerinə yetirilməsi vətəndaş cəmiyyəti qrumlarının fəaliyyətinin güclənməsinə, cəmiyyətin siyasi fəallığının artmasına imkan yaradar. Təbii ki, hakimiyyət də bu prosesi öz gələcəyi üçün təhdid, təhlükə saydığından, demokratiya ilə bağlı tələblərində israrlı olan Qərbi ölkədə hakimiyyət dəyişikliyində ittiham edir”.
F.Qəhrəmanlı bildirdi ki, Putin Azərbaycan hakimiyyəti ilə əlaqələrdə Ukraynadakı proseslərin Azərbaycanda təkrarlana biləcəyinə vurğu salaraq hakimiyyətin Qərbə qarşı duyduğu qorxudan məharətlə istifdə edib onu Qərbə qarşı qoymağa çalışır. F.Qəhrəmanlının sözlərinə görə, postsovet məkanında avtoritar rejimləri qorumaqda maraqlı olan Rusiya Azərbaycan hakimiyyətinin repressiya siyasətini dəstəkləyir. “Azərbaycan iqtidarı Rusiya tərəfindən demokratik təsisatlara qarşı ”səlib yürüşü"nə təşviq olunub. Ona görə də Azərbaycan Qərbdən daha çox aralanmaqda, Rusiyanın təsir dairəsinə daxil olmaqdadır", deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal



