«Hakimiyyətdəkilər düşünür ki, xalq hətta nəfəs aldığına görə də onlara minnətdar olmalıdır»
Bakıda keçirilən birinci Avropa Oyunlarının başa çatmasından on gündən artıq vaxt keçsə də, beynəlxalq medianın Azərbaycana diqqəti səngimir. Amerikanın “The Daily Beast” qəzetində müəllif Emin Milli Avropa Oyunları fonunda Azərbaycanda insan haqlarının durumu, o cümlədən mediaya qarşı hücumlardan yazır. Məqalənin tərcüməsini təqdim edirik:
“Avropa Oyunlarına milyardlarla dollar xərcləmiş, onlarla fəalı həbsxanada olan ”güclü dövlətin" prezidenti Berlində yerləşən kiçik internet-media orqanından qorxuya düşüb.
Azərbaycanı beynəlxalq arenada ulduza çevirməli olan bir hadisə münasibətlər baxımından fəlakətə çevrildi. Avropa Oyunları tarixdə dövlət vəsaitlərinin ən böyük israfçılığı oldu.
Rəsmən büdcədən Avropa Oyunlarına 1,2 milyard dollar vəsait xərclənib. Amma digər mənbə və hesablardan bu turnirə xərclənən vəsaitin məbləği milyardlarla ölçülür. Avropanın 50 ölkəsindən 6000 idmançı dəvət olunmuşdu və onların heç də hamısı ölkələrinin birinci dərəcəli idmançıları deyildi. Onların səfər, eləcə də Bakıda qalmaq xərcləri Azərbaycanın hesabına ödənildi.
Avropa Oyunlarının açılış mərasimində iştirak edən Ledi Qaqaya bir mahnı ifasına görə 2 milyon dollar pul verilib.
Bu məsələyə daha geniş kontekstdən yanaşmaq üçün qeyd etmək lazımdır ki, Azərbaycanda müəllimin aylıq maaşı 150 dollardır, Qarabağ müharibəsi veteranı dövlətdən ayda cəmi 50 dollar alır.
Bu arada, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bu yaxınlarda bəyan edib ki, “azərbaycanlılara xaricdə təhsil lazım deyil”. Hərçənd, prezidentin, nazirlərin, zəngin elitadan olanların hamısının övladları Qərbdəki ən yaxşı universitetlərdə təhsil alıb.
Prezidentin ailə üzvlərinə məxsus, ümumi dəyəri 10 milyard olan bahalı otellər qonaqlarla dolu idi. Bu idman hadisəsindən ən çox fayda görən prezidentin ailəsi oldu.
Ölkə daxilində rəqiblərinə, onu tənqid edənlərə qarşı repressiyalar həyata keçirən Əliyev bu yarışmadan təkcə ictimai əlaqələr vasitəsilə öz hakimiyyətini möhkəmləndirmək yox, həm də dünya arenasında parlamaq məqsədilə yararlanmağa çalışırdı.
Azərbaycanda Avropa Oyunlarına hazırlıq yalnız heyrətləndirici xərclər və təmtəraqlı tikililərdən ibarət deyildi. Prezident ölkə daxilindəki fərqli fikirli adamları da “təmizləyirdi”. 2014-cü ildə ölkədəki son 60 müstəqil qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırıldı. Hazırda Azərbaycanda 100-ə yaxın siyasi məhbus var.
Prezidentin bu dəfə məni həbs edə bilməməsinin yeganə səbəbi 2013-cü ildən Almaniyada yaşamağımdır. Bundan əvvəl iki dəfə həbs elətdirmişdi…
Hakimiyyət mediada təriflənmək üçün pul xərcləməyə xəsislik eləmir. Lakin Avropa Oyunları onlar üçün beynəlxalq imic baxımından dəhşətə çevrildi. Beynəlxalq media orqanlarının əksəriyyəti Əliyevin mükafat və nailiyyətlərindən yazmadı, əksinə, Azərbaycanda insan haqları sahəsindəki acınacaqlı vəziyyətə, bu ölkədə korrupsiyanın tüğyan etməsinə işıq saldı.
Bu cür məqalələrin qarşısını almaq üçün hakimiyyət əvvəlcədən Böyük Britaniyanın “The Guardian” qəzetinin, Almaniyanın ARD telekanalının, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının əməkdaşlarını Azərbaycana buraxmadı. Amma bu addım da hökumətə kömək eləmədi.
Hakimiyyətin dünyada özünü təbliğ cəhdləri əks effekt verdi və bu səbəbdən prezident qəzəbini kiminsə üstünə tökməli idi. Çox güman ki, bu hədəf də biz ola bilərik.
“Meydan TV”nin populyarlığının artması hakimiyyəti qıcıqlandırmağa başlayıb. Son vaxtlar “Meydan TV”nin süjetlərindən beynəlxalq mediada, o cümlədən “The Daily Beast”, “BuzzFeed”, BBC, “The Guardian”da istifadə olunub.
Avropa Oyunlarının başa çatmasına az qalmış Əliyev gənclər və idman naziri Azad Rəhimov vasitəsilə mənə mesaj göndərərək, “dövlətə qarşı beynəlxalq kampaniyanın təşkilinə görə” cəzalandıracağı ilə hədələdi.
Yaddan çıxarmayın ki, mənim dostlarım həbsxanadadır. Yaddan çıxarmayın ki, mən özüm də “xuliqanlıq” və “asayişi pozma” kimi saxta ittihamlarla iki dəfə həbs olunmuşam. Heç vaxt yaddan çıxarmayın ki, mən həbsxanada olanda atam dünyasını dəyişdi.
Hakimiyyətin özündənrazılığı adamı şoka salır. Düşünürlər ki, Azərbaycan vətəndaşları nəfəs aldıqlarına, hələ öldürülmədiklərinə, işgəncəyə məruz qalmadıqlarına görə də onlara minnətdar olmalıdılar.
Avropa Oyunlarının bağlanış mərasimindən bir neçə gün sonra “Meydan TV”nin dörd əməkdaşı – Aytən Ələkbərova, Şirin Abbasov, Natiq Cavadlı və Elnur Muxtar Gürcüstana getmək istəyərkən sərhəddən buraxılmadı. Onlara bildirilib ki, ölkədən çıxışlarına qadağa qoyulub.
Yaxın tarixin təcrübəsini nəzərə alaraq demək olar ki, bu addım “Meydan TV”yə qarşı cinayət işinin mövcudluğunun göstəricisidir. “Meydan TV” repressiyaların hədəfinə çevrilir və bu, bizim üçün uğurumuzun etirafı anlamına gəlir.
Bu, bizim yaşadığımız reallıqdır. Lakin biz işimizi davam etdirəcəyik, hətta həyatımızı riskə atmaq bahasına da olsa, söz azadlığı uğrunda mübarizə aparacığıq".



