Cəmil Həsənli
Dostlar, birinci Avropa oyunları iş adamlarına qarşı “Bandotdelin” əməliyyatlarını arxa plana keçirsə də problem bu günə qədər öz həllini tapmamışdır. Beynəlxalq Bank ətrafında gedən söz söhbət, Bankın fəaliyyətinin iflic edilməsi özünü kredit faizlərinin yüksək səviyyədə artmasında göstərdi. Son bir həftə ərzində bir sıra banklar 35-40 faiz arasında kredit məzənnələrini elan etdi. Bu böyük fəlakətdir və ölkənin bank-maliyyə sektorunun ciddi böhranı deməkdir. Əslində belə kreditlər qabaqcadan iflasa məhkumdur, sosial nəticələrinə görə onu “intihar kreditləri” də adlandırmaq olar. Çünki yalnız real həyatdan əlini üzmüş iş adamı, kiçik biznes sahibi, sosial sarsıntılarla üzləşmiş vətəndaş belə avantüraya ümid bəsləyə bilər. Əslində əvvəlki kredit dərəcələri də az deyildi. Məhz həmin kredit dərəcələri əhalinin kütləvi şəkildə bankların əsarətinə düşməsi ilə nəticələnmişdi. Qəribə bir mexanizm dövr edirdi. Yeni kreditlər köhnə kreditlərin bağlanmasına yönəldilirdi. Yəni ortada əhalinin gündən-günə borc asılılığına hədəflənmiş kredit siyasəti hökm sürürdü. Vaxtilə parlamentdə Banklar haqqında qanun qəbul ediləndə bu mexanizmin iflasa uğrayacağın demişdim. Hətta misal da çəkmişdim ki, belə kredit faizləri ilə adamlar normal iş, biznes qura bilməz, ancaq risk edib narkotika alverinə girişə bilərlər. Belə acınacaqlı vəziyyətin yaranması ölkənin bank sektorunun, kredit vəsaitlərinin əsasən hakim ailənin əlində cəmləşməsi ilə bağlı idi. Heç bir xüsusi zəhmət çəkmədən, iqtisadi mexanizm qurmadan pul alveri etməklə, sələmçiliklə əhalinin maliyyə asılılığına salınması prosesi gedirdi. İndi bir para dövlət rəsmiləri Qərbin demokratiya tələblərinə qarşı bar-bar bağırırlar ki, biz müsəlman ölkəsiyik, ona görə izi gözləri götürmür. Sən necə müsəlman ölkəsisən ki, islamın qadağan etdiyi sələmçiliklə varlanır, müsəlman mənəviyyatına zidd olan pul alveri ilə məşğul olurdun. Maliyyə piratçılığı üzərində qurulan soyğunçuluq siyasəti gec-tez iflasa uğramalı idi. Hər bir ölkənin iqtisadi-maliyyə həyatının aynası nüfuzlu beynəlxalq bankların və maliyyə qurumlarının həmin ölkədə fəaliyyət göstərməsidir. Bir qayda olaraq hansısa ölkəyə yatrım qoymaq, orada iş görmək istəyən kompaniyalar ilk növbədə bu göstəricilərlə maraqlanırlar. Lakin Azərbaycanda kreditor banklar hakim ailənin və digər vəzifəli şəxslərin əlində toplandığından bu dairələr nüfuzlu beynəlxalq bankların Azərbaycana gəlməsinə qadağa qoydular, nəticədə iş adamları, vətəndaşlar daha ucuz (7-8 faiz) kredit almaq imkanından məhrum oldular və əhali kütləvi şəkildə rəqabətsiz şəraitdə sadəcə olaraq soyğunçuluqla məşğul olan bankların girovuna çevrilib ödəmə qabiliyyətini itirdi, nəticədə qaytarılmayan kreditlərin dairəsi təhlükəli həddə yaxınlaşdı.
Dünya bazarında neft qiymətlərinin düşməsi Azərbaycanı öz məcrasına qaytardı. Fevral ayının 21-də manatın devalvasiyasının birinci qurbanı geniş əhali kütləsi oldu. Bir gecənin içində insanlar 34-35 faiz yoxsullaşdılar. Valyuta ilə kredit almış kiçik istehlakçılar, iş adamları böyük fəlakətlə üzləşdilər. Konstitusiya məhkəməsi belə vəziyyətlə üzləşmiş vətəndaşların banklar qarşısında öhdəliklərinə qanuni xarakter verdi. Ölkəni bürümüş maliyyə böhranı Azərbaycan hakimiyyətinin heç bir iqtisadi təfəkkürünün olmadığın ortaya qoydu. Əslində “Bandotdelin” işə salınması normal iqtisadi mexanizmlərin olmaması ilə bağlı idi. Yaranmış maliyyə böhranından Beynəlxalq Bankın rəhbərliyinin qurban verilməsi hesabına çıxmaq cəhdi uğrsuzluğa düçar oldu. Ölkənin kredit şəbəkəsinin 60 faizindən çoxunu əhatə edən bir maliyyə qurumunu indiyə qədər başsız qoymaq, böyük maliyyə yükü olan bankın fəaliyyətini iflic etmək ölkənin iqtisadi damarlarının infarkt ərəfəsi kirəcləşməsinə gətirib çıxardı. İndi müştərilərinin vəziyyətini nəzərə alsaq, bu bank daha çox “Bandotdel” tərəfindən idarə olunur, nəinki müşahidə şurası və müvəqqəti rəhbərlik tərəfindən. Ola bilsin ki, Beynəlxalq bankla bağlı hakimiyyətin hansısa planları var. Onu parçalamaq, perspektivsiz (pis) aktivləri hansısa banka ötürmək, bank üzərində dövlət qurumlarının nəzarətini gücləndirməklə onu özəlləşməyə hazırlamaq, sağlamlaşma adı altında ABB-də bəzi islahatlara cəhdlər ola bilər. Lakin indiki maliyyə böhranı və uğursuz iqtisadi mexanizm daxilində bu cəhdlərin uğur verəcəyinə ümid bəsləmək çətindir. Digər tərəfdən bankın yüz minlərlə vətəndaş qarşısında olan maliyyə və sosial öhdəliklərinin taleyi də sual altındadır. Əlavə vəsaitlər, xüsusilə xarici borclar hesabına bankın dirçəldilməsinə gəldikdə isə, “Bandotdel”in müdaxiləsi ABB-in beynəlxalq imicinə öldürücü zərbə vurmuşdur və onu yaxın vaxtlarda bərpa etmək mümkünsüzdür.
ABB-in müştəriləri arasında yuxarıların himayəsində olan bir neçə iri həcmli “ərköyün” borcluların olduğu məlumdur. Lakin bankda rəhbərlik dəyişəndən sonra bəlli bir məbləğdə kredit alan iş adamlarının ucdantutma “Bandotdelə” aparılması ölkənin iqtisadi həyatına ağır zərbə vurdu. Maliyə-iqtisadi məsələlərinin “Bandel” vasitəsi ilə “həll edilməsi” iş adamlarının ölkədən kütləvi şəkildə axınına səbəb olacaq. Hansısa bir nazirin, bank qurumunun rəhbər şəxsinin dəyişməsi iş adamlarının total repressiyaya məruz qalması, onların mülkiyyətsizləşdirilməsi, aldığı kredit və maliyyə yardımlarının rüşvət formasında onun əlindən alınması kimi soyğunçuluq hallarını doğurur. İndinin özündə “Bandotdel” vasitəsi ilə kredidtlərin qaytarılması əməliyyatı ciddi bir uğur gətirmədi. Şübhəsiz ki, bu əməliyyatın ölkə iqtisadiyyatına vurduğu ziyan “Bandotdelin” topladığı xəracın həcmindən çox böyükdür. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış iş adamlarının böyük bir hissəsinin müəssisələri dayanmış, bir sıra obyektlərin tikintisi yarımçıq saxlanmışdır. Bu da öz növbəsində həmin müəssisələrdə iş rejiminin pozulmasına, onların bir çoxunun öz fəaliyyətini dayandırmasına və onlarda çalışan minlərlə adamların işsiz qalmasına gətirib çıxarmışdır. Halbuki, bu adamların çoxunun kreditləri sığrtalanıb, kredit əməliyyatı Beynəlxalq bankın rəhbərliyi ilə kredit alan təşkilatlar arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmış müqavilələrlə tənzimlənib, onların batma təhlükəsi demək olar ki, yoxdur və digər tərəfdən onların bu vəsaitləri qaytaraq üçün hələ qarşıda 3-4 il vaxtları var. Lakin bütün bu məsələlərin “Bandotdel” qaydaları ilə “tənzimlənməsi” bəzi adamların “könüllü” qaydada öz mülkiyyətindən imtina etmə hallarına, yəni yüksək faizli kreditlər hesabına qurulmuş müəssisələrin öz sahiblərinin əlindən alınmasına gətirib çıxarmışdır. Məsələnin acınacaqlı tərəfi ondan ibarətdir ki, bu iş adamlarının bir çoxu bir qayda olaraq “Bandotdeldə” qanunsuz saxlanılır, məhkəmənin həbs qərarı olmadan həbs edilir, alınmış kreditlərin inzibatı qaydada ödənilməsi onlardan tələb edilir və bu adamlar özlərini qanuni yolla müdafiə etmək imkanından məhrum edilirlər. Nəzərə almaq lazımdır ki, bu kredit müqavilələrinin çoxu ölkə başçısının yeni iş yerləri açmaq, kənd təsərrüfatı və sənaye müəssisələrinin yaradılması barədə məlum göstərişlərindən sonra imzalanmış, onun əsasında alınmış vəsaitlər hesabına bir sıra müəssisələr qurulmuşdur. İndi “Bandotdel” vasitəsi ilə həmin müəssisələri dağıtmaq heç bir sağlam məntiqə sığmır və yeni işsizlər ordusunu qaçılmaz edir. Ölkənin bank-kredit sektorunda qanunun gücü çatmayan, qanunla tənzimlənməyən çox ciddi problemlərin yaranması, Azərbaycanı siyasi baxımdan səbatsız, iqtisadi baxımdan perspektivsiz, hüquqi baxımdan etibarsız ölkəyə çevirir.