
AXCP liderindən olaya yanğılı reaksiya: "Ölkəni hara aparırsınız? Bu qədər ədalətsizlik, acımasızlıqmı olar?"
Bərdə rayonunda banklara kredit borcu olan yerli sakin düşdüyü ağır vəziyyətdən çıxış yolunu intihar etməkdə görüb. Modern.az saytı xəbər verir ki, 23 yaşlı bu gənc özünü Tərtərçay üzrəindəki körpüdən asmaqla intihar edib. Onun bir övladının olduğu bildirilir.
Həyatına dünən sui-qəsd edən gənc Elşad Vaqif oğlu Dadaşov adlı şəxsdir. Faktla əlaqədar Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Fəhləliklə dolanan 23 yaşlı gəncin bu dəhşətli addımı bütüb rayonda səs-küy doğurub.
Bu dəhşətli hadisə ölkə miqyasında sosial medianı da silkələyib. Hadisəyə AXCP sədri Əli Kərimli də şəxsi facebook səhifəsində münasibət bildirib. Əli Kərimli yazır:

"İki həftəlik Avropa Oyunlarına milyardların, yalnız bir neçə saatlıq açılış və bağlanış şoularına 240 milyonun xərclənməsindən feyziyab olanlar hardadırlar? 23 yaşlı gənc, bir körpənin atası Dadaşov Elşad banka cüzi kredit borcunu verə bilmədiyi üçün özünü Bərdədə, Tərtərçayın üzərindəki körpüdən asaraq intihar edib. Bilirsiniz, bu neçənci azərbaycanlıdır ki, banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün intihar edir? Bilirsiniz, daha nə qədər soydaşımız bu barədə düşünməyə məcbur edilib?
Bir tərəfdə sizin azğın, harın, var-dövlətin çoxluğu ilə lovğalanan həyat tərziniz, o biri tərəfdə də dərman almağa pul tapmayan Qarabağ qazisi, “qan pulunu” vermədiyiniz şəhid ailəsi. Bir tərəfdə bir ovuc oliqarxın əlində toplanmış 10 milyardlarla dollarlıq oğurluq vəsait, digər tərəfdə övladının təhsilini, yaşlı valideynlərinin müalicəsini təmin edə bilməyən, dərddən qaməti əyilmiş milyonlarla ailə başçısı. Bir tərəfdə sizin avropalıların belə gözünü qamaşdıran saraylarınız, cah-cəlalınız, bahalı şoularınız, digər tərəfdə də banklarınızın ərşə qalxmış fantastik faizlərini ödəyə bilmədiyi üçün canına qəsd edən vətən gəncləri. Bu ölkəni hara aparırsınız? Bu qədər ədalətsizlik, bu qədər acımasızlıqmı olar? Anlamırsınızmı ki, bu dəhşətli təbəqələşmə təkcə sizin zahiri sabitliyinizin deyil, təəssüf ki, bütövlükdə dövlətimizin altına yerləşdirdiyiniz minadır?"