Seçicilərin 90 faizi Əliyevə niyə səs verməlidir?

Hər ay rəy sorğusu keçirmək hakimiyyətin özünüifşasıdır

Hakimiyyət həqiqətən də “koma” vəziyyətindədir. Təbii ki, ümumi mənzərəni nəzərdən keçirəndə bunu asan görmək olur. Həm dünya ilə bağların qopması, həm sosial-iqtisadi vəziyyətin ağırlaşması, həm əhalinin ciddi narazılığı, həm də hakimiyyətdaxili ziddiyyətlər bunu deməyə əsas verir.

Amma ən əsas göstəricini hakimiyyət özü təqdim edir. Xatırlayırsızsa, ötən ay “Rəy” Monitorinq Mərkəzi rəy sorğusuÿkeçirmişdi və sorğunun nəticəsinə görə Ilham Əliyev ölkə vətəndaşlarının 87 faizinin səsini “qazanmışdı”. Heç kimə sirr deyil ki, bu ölkədə rəy sorğuları hansı meyarlar əsasında keçirilir və bu sorğunu keçirənlər kimlərdi. Biz ötən yazımızda da qeyd etmişdik ki, prezident seçkilərinə xeyli vaxt qaldığı halda belə bir sorğunun keçirilməsi narahatlıqdan doğur. Bəli, hakimiyyət həm Qərb dünyasına, həm də öz komandasına mesaj vermək istəyir ki, xalq bizi dəstəkləyir. Yəni saxta rəy sorğuları ilə çaşqınlıq yaratmaq, dəyişiklik istəyənləri həvəsdən salmaq istəyirlər.
Amma bugünlərdə daha maraqlı bir hadisə baş verdi. Belə ki, iyul ayında növbəti dəfə rəy sorğusu keçirmək zərurəti yaranıb və məlum olub ki, prezident seçkiləri keçirilsə, Ilham Əliyev 90 faiz səs qazanacaq. Bəli, cəmi 1 ay ərzində prezidentin reytinqi 3 faiz də artıb. Görəsən, bu 1 ayda Ilham Əliyev vətəndaşa hansı mənfəətləri nəsib edib ki, xalq bunu dərhal qiymətləndirib?

Göründüyü kimi, “Rəy” Monitorinq Mərkəzi analoqsuz sorğular keçirmək öhdəliyi götürüb. Getdikcə sosial-iqtisadi vəziyyət pisləşir, kredit faizləri artırılır, hakimiyyət aşırı israfçılığını davam etdirir, təhsil və səhiyyənin bərbad vəziyyəti etiraf olunur və s. Ümumiyyətlə, son statistik məlumatlara görə, hər gün 1096 vətəndaş borca girir. Eyni zamanda o da məlumdur ki, ölkə vətəndaşlarının 2.5 milyonu məmur banklarının girovluğundadır. Həm də bu bankların bir qisminin hakim ailəyə məxsusluğu ortaya çıxdı. Belə bir reallıqda Ilham Əliyevin 90 faiz səs yığması necə mümkün oldu. “Sehirli xalat” filmində deyildiyi kimi: “imtahançı xarab olub”. Yəni hakimiyyət həmişəki kimi xarab sorğular keçirib.

Əgər Ilham Əliyev seçicilərin 90 faizinin səsini toplaya bilirsə, bu qədər qanunsuzluqlar nəyə lazımdır? Seçicinin 90 fazinin səsini toplayan prezident 100-ə yaxın insanı siyasi məhbusa çevirərmi? Xalq Ilham Əliyevi dəstəkləyirsə, azad mətbuatdan, fərqli fikirdən, şəffaf seçkidən niyə qorxursunuz? Xalqın sevgisindən arxayın olan hakimiyyət  insan haqları və demokratiyaya görə dünya ilə düşmən olarmı?
Ilham Əliyev hər ay “rəy sorğularında” qalib gəlirsə, müxalifəti bu qədər sıxmaq, gənc fəalların cibinə narkotika atmaq, müxalifət partiyasının qərargahını partlatmaq, müxalifət liderinə posport verməmək nəyə lazımdır? Xalqın səsini qazanmış prezidentin koruselə, müəllim saxtakarlığına, seçki qutularına qoşa bülletenlər atdıtrmağa ehtiyacı olarmı?

Göründüyü kimi, faktlar onu göstərir ki, həm real vəziyyət, həm də hakimiyyətin addımları bu rəy sorğusunu alt-üst edir. Əslində indiki reallıqda bu sorğunun nəticələri əks istiqamətdə özünü doğrulda bilər. Yəni hakimiyyət ən yaxşı halda 5-10 faiz səs yığa bilər. 85-90 faiz isə YAP hakimiyyətinə səs verməkdən imtina edir. 150-200 manat maaş alan müəllim, milyonluq villalara sahib olan məmura niyə səs verməlidir. Sığorta pulunu ala bilməyən şəhid ailəsi, dilənçi vəziyyətinə salınmış professor, müalicə oluna bilməyən xəstə, qeyri-sağlam mühitin şahidi olan əsgər, qeyri-rəsmi ödənişlərlə yüklənmiş sahibkar bu hakimiyyətə səs verərmi?

Bir sözlə, hakimiyətin narahatlığı və qorxusu o həddə çatıb ki, hər ay rəy sorğusu keçirib Ilham Əliyevə rəqəm artırırlar. Yəqin ki, gələn ay bu göstərici 100 faiz olacaq. O biri ay isə başqa ölkənin vətəndaşları da Ilham Əliyevə səs verəcək və bu sorğunun nəticələri 150 faizlə ifadə olunancaq.

Xüsusən də Avropa Oyunlarından sonra hakimiyyət gözlədiyi nəticəni əldə edə bilmədi. Sadə vətəndaş başa düşdü ki, 8 milyardlıq israfçılıq nə dövlətin imicinə, nə büdcəyə, nə də vətəndaşa xeyir etdi. Ona görə də hazırda ölkə vətəndaşı və demokratik dünya Əliyev hakimiyyətinə qarşı eyni münasibətdədir. Hakimiyətin isə Ilham Əliyevi sorğu qalibi etməkdən başqa çarəsi qalmayıb. Amma bütün işlər kimi bu  sorğunun da şitini çıxarıblar. Vəziyyət pisləşdikcə, Əliyevin “reytinqi artır”.