“Yeni Azərbaycan”ın şər missiyası

Yaxud Azərbaycana xəyanət edən kimdir?

Abır, həya, utanc hissini itirən, şərin qarşısında səcdə edən, bütün varlığını pula satan adamlardan hər şey gözləmək olar. Belələri həmişə ləyaqətli, vicdanlı, cəsarətli  olanları hədəf seçər və şər-böhtanı həyat tərzinə çevirər.  Bir qayda olaraq bu cılız məxluqlar “Azadlıq” qəzetini  hədəf seçir və öz “missiya”ları ilə cəmiyyəti çaşdırmağa çalışırlar.
Ötən gün yenə də “Yeni Azərbaycan” qəzeti  “ənənə”yə sadiqlik nümayiş etdirib. Belə ki, qəzetin 2 böyük səhifəsini antiQərb təbliğatına həsr edib. Həmişəki kimi çeynənmiş, ikrah doğuran ifadələr təkrarlanıb və söz yığınından ibarət 2 səhifə əmələ gəlib. Məqalənin sonunda isə “Azadlıq” qəzeti qərəzdə, ermənipərəst qüvvələrlə işbirliyində ittiham olunur. Guya qəzetimiz antiAzərbaycan mövqeyindən çıxış edir.
Əvvəla, günlərdi Rusiyanın Ermənistana 200 milyonluq yardımı əsas mövzuya çevrilib və hökumətin qazanından qidalanan “Yeni Azərbaycan” taym-aut götürüb. Hakimiyyətin bütün qol-qanadı da bu susqunluğu davam etdirir. Yəni bütün komanda ilə Rusiyanın ermənipərəstliyinə susublar. “Azadlıq” qəzeti isə Rusiyanın ən böyük ermənipərəst olduğunu, işğal faktında birbaşa rol oynadığını yazır. Təkcə bu fakt ermənipərəstin kimliyini, anti-xalq mövqeyində olanları üzə çıxarır. AntiAzərbaycançılıq xalqın sərvətini oğurlayanlara, vətəndaşı dilənçi vəziyyətinə salanlara haqq qazandırmaqdır. “Yeni Azərbaycan”dan fərqli olaraq “Azadlıq” qəzeti bu məsələdə heç kimə güzəştə getmir. Hakim ailənin, nazirlərin  korrupsiya əməllərindən yazmaq, dövlətə və xalqa xidmətdir.   “Yeni Azərbaycan”ın qul itaətkarlığından fərqli olaraq “Azadlıq” qəzeti azad sözə xidmət edir. Məmurlara məxsus bankların yüksək faizlərlə vətəndaşı zəlil etməsinə, üstəlik, bu soyğunçuluğun hər gün davam etməsinə susmağı vicdansızlıq hesab edirik. Biz “Yeni Azərbaycan”dan fərqli olaraq yalan və yaltaqlıq yox, həqiqət və şərəf yolunu tutmuşuq. Ümumiyyətlə, dərinə getsək, bu “erməni” ittihamını daha şəffaf şəkildə şərh etmək olar və konkret ünvanlar göstərmək mümkündür. Seçkilərin saxtalaşdırılması, kütləvi savadsızlıq mühitinin yaradılması, səhiyyənin korrupsiya yuvasına çevrilməsi, bütün sahələri məmurların inhisara alması Azərbaycana xidmətdirsə, biz belə xidmətdə yer ala bilmərik.
Ikincisi, biz ittiham edəndə beynimizin fantaziyasını deyil, əmin olduqlarımızı tirajlayırıq. Amma övladına haram tikə yedirdənlər, çörəyi şər-böhtandan çıxanlar, bir dəfəlik ömür payını yaltaqlıqla başa vuranlar ləyaqətli həyatın qiymətini bilməzlər. “Azadlıq” qəzeti milli maraqları satsaydı, xarici dairələrə işləsəydi, bu qəzetin əməkdaşları 5 ay maaşsız qalmaz, nimdaş redaksiyada həyatını çürütməzdi. Amma bütün həyatını, dövlətini, millətini bəlli miqdarda pul müqabilində satışa çıxarmağa hazır olanlar, “Azadlıq”a “xain” damğası yapışdırmaq istəyirlər. Bəli, öz vətəndaşına, azad mətbuatına şər-böhtan atanlar, müəyyən bəxşiş qarşısında dövlətini də satar. Çünki, bu hakimiyyətin mahiyyəti “alğı-satqı” üzərindədir.
“Azadlıq” qəzetindəki materialların oxunma sayı da, küçədə insanların əlində “Azadlıq” olması da onu göstərir ki, cəmiyyət oğru və doğrunu fərqləndirə bilir. Əslində “Azadlıq”a qarşı kampaniya həm də Azərbaycan xalqına qarşı kampaniyadır. Çünki, “Azadlıq” hər bir vətəndaşın harayına çatır, haqqı tapdanana əl uzadır. “Yeni Azərbaycan”dan fərqli olaraq şərlənərək həbs edilmiş Qarabağ qazisini, hüquqşünası, jurnalisti, gənc fəalı “cinayətkar” adlandırmır.
Ən böyük ermənipərəstlik öz vətəndaşına “erməni” damğası vurmaqdır. Təbii ki, “Yeni Azərbaycan”lar başqa mövqedə ola bilməzlər. Çünki, biz özümüzü ədalətə, ləyaqətə, vicdana, vətənə satmışıq, bunlar isə özlərini pula satıblar. Nə deyirik, siz Xocalı soyqırımını, 20 Yanvar faciəsini, Qarabağın işğalını həyata keçirənlərə “dost” deyin, biz isə xalqın düşmənlərini göstərməyə davam edək.
Azərbaycançılıq Avropanı söymək deyil, Avropanın qabaqcıl təcrübələrini Azərbaycana tətbiq etməkdir, vətəndaşın sosial rifahını yaxşılaşdırmaqdır.
Bir sözlə, hərənin bir missiyası var. “Yeni Azərbaycan” korrupsiyaya, yaltaqlığa, şər-böhtana, pula xidmət edir. “Azadlıq” isə şəffaflığı, ədaləti, qanunun aliliyini müdafiə edir. Sözsüz ki, Ermənistana “Azadlıq” kimi deyil, “Yeni Azərbaycan” kimi qəzetlər lazımdır. Çünki, Azərbaycan xalqının müti, kölə, savadsız, xəstə olması erməniləri sevindirir. Nə qədər ki, “Yeni Azərbaycan”lar var, ermənilər sevinmək üçün səbəb tapacaqlar. Amma “Azadlıq” daxili və xarici düşmənləri kədərləndirməkdə davam edəcək.    
Heç olmasa utanın. Adınızı “Yeni Azərbaycan” qoyub Azərbaycanı köhnəliyə, geriliyə daşıyırsız.
 

Akif
P.S."Yeni Azərbaycan"çıların nəzərinə çatdırırıq ki, Azərbaycanda yayıma başlayan rus radisosunun direktoru erməni Marqarita Simoyandır. Həm də Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sərkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib. Bu adamı Azərbaycana gətirən “Azadlıq” qəzeti deyil.