Britaniyada Azərbaycan müzakirələri

Avropa Parlamenti, Avropa Şurası və Bundestaqdakı müzakirələrdən sonra Azərbaycan məsələsi Britaniyanın Kral Institutunda

Fuad Qəhrəmanlı: «Iqtidar Azərbaycanı dünyadan təcrid etməklə ölkəmizi aparıcı dövlətlərlə qarşıdurmaya sövq edir»

Parlament seçkisi ilində Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər artmaqda davam edir. Avropa Şurasında sərt tənqid olunan hakimiyyət beynəlxalq mətbuatın da gündəmindən düşmür. Bundan başqa, ötən müddət ərzində iqtidarın yürütdüyü repressiv siyasət Avropa Parlamentində, Bundestaqda, ABŞ Konqresində də sərt tənqid olunub.
Azərbaycanla bağlı məsələ Böyük Britaniyanın da gündəmindədir. Böyük Britaniyanın beynəlxalq analitik mərkəzi – Beynəlxalq Münasibətlər üzrə Kral Institutu (The Royal Institute of International Affairs) – “Chatham House” Azərbaycanla bağlı məsələni müzakirə edəcək. Strateq.az bildirir ki, iyulun 13-də keçiriləcək bu qapalı müzakirələrə “Chatham House-un ”Rusiya və Avrasiya" Proqramı dəstək verib. “Azərbaycanın xarici siyasətinə elitanın baxışı” adlı bu toplantıda Azərbaycanı Zaur Şiriyev təmsil edəcək.
O, məruzəsində Azərbaycan elitasının xarici siyasətin formalaşmasında rolu, regional proseslər və Rusiyanın Azərbaycana təsiri ilə bağlı baxışı məsələlərinə diqqət çəkəcək. Qapalı toplantıda yalnız xüsusi dəvətlə iştirak etmək mümkündür.
Britaniyada Azərbaycanla bağlı daha bir mühüm məsələ 75 musiqiçi və musiqişünasın qəbul etdiyi qərarla bağlıdır. Britaniyanın 75 musiqiçi və musiqişünası Kral Opera Teatrına müraciət edərək BP şirkəti ilə əlaqələrini pozmağı xahiş ediblər. Müraciəti imzalayanlar arasında Con Lüter Adams, Oksford universitetinin professoru Corcina Born və dirijor Salli Mirs də var.
“The Guardian” nəşrinin dərc etdiyi müraciətdə deyilir ki, bu neft şirkəti ilə əlaqə Kral Opera Teatrının beynəlxalq nüfuzuna ləkədir. Bəs, Azərbaycan hakimiyyəti ilə bağlı Britaniyada baş verənlər nəyin görsənişidir? Cərəyan edən proseslər Azərbaycan iqtidarına nə vəd edir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Beynəlxalq Münasibətlər üzrə Kral Institutundakı müzakirələr Azərbaycanın xarici siyasətində baş verən dəyişikliklərə maraqla bağlıdır. Azərbaycanın xarici siyasətində Qərblə qarşıdurma meyllərinin artdığını deyən F.Qəhrəmanlı bildirdi ki, iqtidar yürütdüyü siyasətlə açıq formada özünü təcridə aparır: “Xarici siyasətdə Azərbaycan özünü Qərblə əməkdaşlıqdan uzaqlaşdırır, Qərb institutlarına qarşı çox aqressiv ritorikadan istifadə olunur. Bu, xarici siyasətdə açıq müşahidə olunan dəyişmədir. Bu, beynəlxalq siyasətdə ciddi izlənilir. Böyük Britaniyada keçirilən müzakirələr zamanı da xarici siyasətdəki dəyişikliklərin verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılacaq. Sual olunan odur ki, Azərbaycanın hazırkı siyasəti hansı nəticələr yarada bilər? Bu siyasətə münasibətdə Qərb qurumları hansı mövqeyi ifadə etməlidirlər? Hazırda Qərbdə bu istiqamətdə müzakirələr gedir. Azərbaycanın hazırkı siyasi kursuna, mövqeyinə münasibətdə Qərbin seçəcəyi davranışla bağlı müzakirələr aparılır”.
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin bu aqressiv siyasəti davam etdikcə, Azərbaycanla bağlı beynəlxalq səviyyədə birmənalı şəkildə mənfi rəy formalaşmaqdadır. Azərbaycana münasibətdə siyasi təzyiqlərin gündəmə gəlməkdə olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, ölkədəki represiyalar, insan haqlarının pozulması ilə bağlı narahatlıqlar o qədər genişlənib ki, baş verənlər təkcə siyasi çevrələri, beynəlxalq təşkilatları deyil, eyni zamanda beynəlxalq ictimai rəyi də əhatə edir: “Britaniyanın tanınmış incəsənət xadimlərinin insan haqlarını pozan Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa görə, bp ilə əmkdaşlığı dayandırmaqla bağlı Kral Operasına müraciəti onu göstərir ki, dünya ictimai rəyi ölkəmizdəki antidemokratik vəziyyətə laqeyd qalmaq niyyətində deyil. Artıq beynəlxalq aləmdə Azərbaycanın mənfi reputasiyası formalaşıb. Mənfi imicin formalaşması isə o deməkdir ki, biz milli maraqlarımızın təmin olunması istiqamətində çox ciddi maneələrlə üzləşəcəyik. Azərbaycan hakimiyyətinin yanlış siyasəti, öz maraqlarına görə milli maraqlarımızı qurban verməsi üzündən dövlətçiliyimiz ağır zərbələr almaqdadır. Diqqət edin, Azərbaycanın Qərblə münasibətləri korlamasının nəticəsi olaraq qondarma Qarabağ Respublikasının lideri Britaniyaya dəvət olunmuşdu. Bu, Azərbaycanda ciddi narahatlıq yaratdı. Təsəvvür edin, Azərbaycan hakimiyyətinin antiQərb siyasəti belə davam edərsə, Qarabağ probleminin həllində Qərbin Azərbaycanın ərazi bütüvlüyünü dəstəkləyən mövqeyinə mənfi təsir göstərərək, Qarabağ məsələsində bizim möqelərimizi ciddi şəkildə zəiflədə bilər. Qarabağ məsələsinin həllində Qərbin dəstəyinə möhtac olduğumuz bir zamanda hazırkı antiQərb siyasəti birbaşa milli dövlətçiliyimizi sarsıtmağa yönəlib. Görünür, hakimiyyətdəkilər üçün milli dövlət maraqlarımızın təhlükəyə atılması heç də narahatlıq yaratmır”.
F.Qəhrəmanlı bildirdi ki, iqtidar Azərbaycanı bu gün dünyadan təcrid etməklə dünyanın aparıcı ölkələri ilə qarşıdurmaya sövq edir. Bu isə Azərbaycanın müasir dünyanın inkişaf dinamikasından saxlanması ilə nəticələnir. “Ona görə də Azərbaycanla bağlı dünyada baş verən bütün neqativ proseslərin məsuliyyətini hər hansı kənar dövlətin üzərinə atmaq və ya Azərbaycana münasibətdə hər hansı qərəzlə əlaqələndirmək düzgün deyil. Bu yanlışlığa görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır. Əgər siyasət dəyişməyəcəksə, beynəlxalq aləmdə Azərbaycan daha çox təcrid olunacaq, sanksiyalar gündəmə gələcək və Azərbaycan öz milli maraqlarını müdafiə etməkdə daha çox çətinliklərlə üzləşəcək”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal