«Ata Holding» ASC-nin törəmə şirkətləri ləğv edilir
“AtaHolding” ASC 2004-cü ilin dekabrında yaratdığı “Inter-Turizm” şirkətini ləğv etdiyini elan edib. Contact.az-ın məlumatına görə, holdinqin korporativ hüquq şöbəsinin rəisi Sübhi Mustafayev “Inter-Turizm” MMC-nin ləğvi barədə qərarı şərh edərkən deyib ki, bu, yəqin, şirkətin fəaliyyətsizliyi ilə bağlıdır.
“Inter-Turizm” MMC turizm sahəsinə investisiyalar etmək üçün yeni layihələrin araşdırılması, hazırlanması və tətbiqi məqsədilə yaradılıb. Şirkətin direktoru Əşrəf Kamilov bir neçə holdinq şirkətin, o cümlədən “Synergy Group” və “Akkord Korporasiyası” ASC-nin sahibi hesab edilir.
“Ata Holding” ASC-nin aktivində 2 turizm şirkəti (“Ata Travel” “Ata Turizm”) və Bakıda “Excelsior” oteli (“Interservice” şirkəti idarə edir) var.
Açıqlanan son maliyyə hesabatına əsasən, “Ata Holding” ASC-nin hazırda fəaliyyət göstərməyən ən azı 10 törəmə şirkəti var (“AtaInşaat”, “AtaQida”, “SaSa Ət Məhsullari”, “AtaTreydinq”, “AtaMarketinq”, “AtaAqro”, “AtaTelekom”, “AtaEnerji”, “Ata Neft-Qaz”, “Ata Holding Moldova”). Hələlik onların ləğv edilməsi nəzərdə tutulmur.
Xatırladaq ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatı “Ata Holding”in hakim ailəyə məxsus olduğunu üzə çıxarmışdı.
Araşdırmada bildirilirdi ki, “Ata Holding”in yaradılması strukturu qəliz və çaşdırıcıdır. Görünür, sahibi gizlətmək üçün bu addım atılıb. Bu holding Panamada yaradılan “Hughson Management”in nəzarətindədir. Daha dəqiqi:
Hughson Management Inc.- 51 faiz
Abset limited – 25 faiz
Clonmel – 24 faiz
Hughson Managementin adı Xədicə Ismayılın 2011-ci ildə prezident ailəsinin telefon biznesi ilə bağlı araşdırmasında da keçir. Panamada yaradılan bu şirkətin təsisçiləri isə Leyla və Arzu Əliyevalardır. Həmin araşdırmadan sonra “Azadlıq” qəzeti “Ata Holding”in də birinci ailəyə məxsusluğu haqda yazmışdı. Azərbaycanda tikinti, kənd təsərrüfatı, turizm kimi müxtəlif sahələr üzrə şirkətlərin daxil olduğu “Ata Holding”dən o vaxt həmin araşdırmalarla bağlı rəy almaq mümkün olmamışdı.
Ata Holdingin 75 faizinə nəzarətdə prezidentin qızları və 18 yaşlı oğlu Heydər Əliyevin adları keçir.
Ata Holding həm də Rusiyanın VTB Bankının Azərbaycan nümayəndəliyində payçıdır.
Görünür, böhran artıq ailənin şirkətlərinə də təsir edib və holdinqlərdə törəmə şirkətlərin ləğvilə faktiki olaraq ixtisarlara start verilib.



