Cəmil Həsənlidən Fikrət Yusifovun iddialarına tutarlı cavab
Milli Şuranın sədri professor Cəmil Həsənli keçmiş maliyyə naziri Fikrət Yusifovun iddialarına cavab verib. Milli Şura sədri “Facebook” səhifəsində yazıb:
“Dostlar, son günlər keçmiş maliyyə naziri, 2005-ci ildə “dövlət çevrilişi” ittihamı ilə həbs olunmuş keçmiş məhbus Fikrət Yusifov yenidən xuruc edib. 1992-ci ilin oktyabr ayında prezident Əbülfəz Elçibəyin fərmanı ilə İqtisad universitetində dekan müavini vəzifəsindən birbaşa Maliyyə nazirinin birinci müavini vəzifəsinə gətirilmiş bu adam uzun illərin laməkanlığından sonra gözə görünməyin, özünün hələ də həyatda olduğunu nümayiş etdirməyin, ən nəhayət hakimiyyyətə yarınmağın asan bir yolunu tapıb.
Bu Avropa oyunları çoxlarını oyunbaza çevirdi. Hakimiyyətin həssas yeri olduğundan keçmiş “devrimçi” Fikrət Yusifovun çağdaş zühuru bu oyunlardan yararlanmaq üzərində qurulub. O, öz iqtisadi fantaziyasını, maliyyə sahəsindəki təxəyüllərin səfərbər edərək son 5 ayda Avropa oyunlarına çəkilən astronomik xərcləri azaltmağın yeni üsulunu “kəşf” etmiş və öz tərbiyəsinə uyğun ifadələrlə hakimiyyət üçün hələ də gərəkli olduğunu nümayiş etdirməyə çalışmışdır. Söhbət Birinci Avropa oyunları üçün havaya sovrulmuş böyük həcmdə vəsaitdən, bu millətin hər manatına ehtiyacı olduğu 8 milyard həcmdə bir məbləğdən gedir. Bu adam yazır:” I Avropa Oyunlarına 8 milyard xərc çəkildiyinə dair iddialar nəyə əsaslanır? Bu rəqəmi haradan alıblar? Bunu deyənləri dəfələrlə masa arxasına dəvət etmişik ki, gəlin hesablamalarınızı dəlillərlə, rəqəmlərlə ortaya qoyun, izah edin görək bu 8 milyard dollar xərci necə hesablamısınız?”.
Əslində, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Fikrət Yusifova kifayət qədər tutarlı cavab verdiyi üçün bu məsələyə qayıtmamaq da olardı. Bir halda bu “iqtisad elmləri doktoru” bu mövzuda öz bilik və bacarığını nümayiş etdirmək istəyir ona bəzi məsələləri xatırlatmağı uyğun bildik. Birincisi, Avropa oyunlarına 8 milyard vəsaitin xərclənməsi söhbəti haradan çıxıb? Bu mövzuda yetərli söz demək iddiasına düşən bir iqtisadçı, bir maliyyəçi gərək bunun mənbəyini araşdıraydı. Şübhəsiz ki, bu 8 milyard söhbəti hakimiyyətin özündən qaynaqlanır və heç bir müxalifət nümayəndəsi tərəfindən irəli sürülməyib. Əgər Fikrət Yusifov səmimi olaraq bunu araşdırmaq istəyirsə, ilk növbədə Birinci Avropa oyunlarının hazırlığı üzrə təşkilat komitəsinin və işçi qrupunun açıqlamalarına diqqət yetirməlidir. Bu rəqəm müxalifət tərəfindən deyil, bilavasitə oyunların keçirilməsinə məsul olan, bütün smeta xərclərinə nəzarət edən, Avropa oyunları üçün Bakının hazırlığını təftiş edən Avropa oyunları Əməliyyat Komitəsinin direktoru Saymon Kleqq (Simon Clegg) tərəfindən hələ oyunlara 3 ay qalmış fevral ayının 27-də və mart ayının 2-də açıqlanıb. Saymon Kleqq kimdir? Britaniya vətəndaşı olan 56 yaşlı Kleqq Birləşmiş Krallıqın olimpiya cəmiyyətinin icraçı direktoru, Avropa gənclər olimpiyadası festivalının, 12-ci Qış Olimpiya oyunlarının əsas təşkilatçısı və dünyanın ən tanınmış idman biznesmenlərindən sayılır. Bu təcrübəsini nəzərə alaraq Azərbaycan müxalifəti deyil, məhz Azərbaycan hakimiyyəti Avropa Oyunları hazırlıqla bağlı cənab Kleqqi baş əməliyat direktoru kimi Bakıya dəvət etmiş və hazırlıq işləri ilə bağlı bütün işləri ona həvalə edilmişdi.
Elə həmin Kleqq Azərbaycanın əzəmətini nümayiş etdirmək və Avropa oyunlarını cəzbedici göstərmək məqsədilə bilavasitə Azərbaycan rəhbərliyinin razılığı ilə fevral ayının 27-də Londonda çıxan “Business New Europe” (BNE.eu) nəşrinə açıqlama verdi ki, Azərbaycanda ən fantastik şou olacaq və Bakı bu oyunlara 6 milyard funt sterlinq vəsait qoyub, əlavə olaraq oyunlarda iştirak edəcək 50 milli komandanın da xərclərin öz üzərinə götürüb. Eyni sözləri cənab Kleqq həmin vaxt BBC radiosuna verdiyi canlı müsahahibədə də təkrar etdi. Bu rəqəm o dövrün valyuta məzənnəsində ingilis funtunun dollara nisbətində 50 milli komandanın maliyələşdirilməsi də daxil olmaqla 8 milyard dollara bərabər idi. Hələ həmin vaxt nə Lady Gagaya, nə də “Bandit” Qrupuna verilmiş milyonlar bu xərcə daxil edilməmişdi. O vaxt Britaniya və Avropa mətbuatı dərhal “Azerbaijan Is To Spend 8 Billion Dollars On Inaugural European Games”, “Azerbaijan gambles on European Games” başlıqları ilə yazılar getdi. İnternet səhifələrində yer alan bu çıxışları tapmaq başqalarına opponetlik etmək fikrinə düşən orta səviyyəli bir maliyyəçi üçün elə də çətindeyildi. Əlbəttə Saymon Kleqqə bu rəqəmi açıqlamaq üçün səlahiyyət veriləndə hələ 21 fevral maliyyə şoku baş verməmişdi. Lakin ölkə maliyyə böhranına düdükdən, əhalinin pul vəsaitləri öz dəyərini itirdikdən sonra hakimiyyət xalqın qəzəbindən qorxaraq baş əməliyyat direktorunun açıqladığı bu rəqəmdən yayınmağa başladı. İndi əgər ölkənin maliyyə böhranına girdiyi bir məqamda mən də varam deyib meydana atılan Fikrət Yusifov nəyi isə sübut etmək istəyirsə Azərbaycan hakimiyyəti ilə iş birliyində olan Saymon Kleqqə həmin rəqəmin doğru olmadığını sübut etsin. Cənab Yusifov yazır: “Səkkiz milyard dollar vəsaiti siz hara və necə “yaza” bilərsiniz? Bu qədər vəsait Gürcüstan kimi bir ölkənin iki illik büdcəsinə bərabərdir”. Əvvala dediyim kimi bunu biz yazmırıq və belə vəsaitləri yazmaqda da silməkdə Azərbaycan hakimiyyətinin böyük təcrübəsi var və bunu keçmiş maliyyə naziri kimi Yusifov da bilməmiş deyil. Digər tərəfdən bu rəqəm tək Gürcüstanın bir illik büdcəsindən deyil, Azərbaycanın büdcəsində əhaliyə verilən əmək haqqı, pensiya və müavinətlərin ümumi məbləğındən də iki dəfə artıqdır.
İkinci bir tərəfdən Rafiq bəy Manaflı, ondan əvvəl müzakirəyə qoşulan tanınmış iqtisadçılar son üç ilin büdcə təyinatlarına istinadən bir neçə dəfə qeyd ediblər ki, dövlət büdcəsi vasitəsilə son 3 ildə, 2015-ci il də daxil olmaqla Avropa oyunlarına 3,7 milyard manat vəsait ayrılıb. Vur-tut 15-17 milyon gəlir gətirən bir tədbirə bu qədər vəsaitin xərclənməsini Fikrət Yusifov hansı iqtisadı göstəricilərə əsasən səmərəli sayır bunu deyə bilmərəm.
Siz bu adamın ifadələrinə diqqət yetirin “Həyasızlığınız sizə imkan verir ki, utanmadan, xəcalət çəkmədən bu rəqəmi təkrar-təkrar səsləndirəsiniz”. Əslində, həyasızlıq 20 ildən artıqdır ki, 20 faiz ərazisi işğal altında olan bir ölkənin havaya sovrulan sərvətlərinə haqq qazandırmaq cəhdidir. Elə bil bizdə Fikrət Yusifov kimi utanıb qızarmadan əlaqədə olan yoldaşlarımızı satmışıq, utanıb qızarmadan, xəcalət çəkmədən həbsxana paltarında televiziya ekranına çıxıb on illərlə çörək kəsdiyimiz adamların üzünə durmuşuq. Utanmazlaıq, olmayan bir dövlət çevrilişinə görə Azərbaycanın təhlükəsizlik və polis orqanlarının əlində bir vasitəyə çevrilmək və dostluq etdiyin adamları nahaqdan tutdurmaqdır. İndi belə birisi cəmiyyətə mənəviyyat dərsi keçməyə cəsarət edir. Cənab Yusifovun “xarici xüsusi xidmət orqanlarının”əlində vasitəyə çevrilmək iddiasına gəldikdə isə, ümumiyyətlə nə xarici, nə də daxili xüsusi xidmət orqanlarının əlində vasitəyə çevrilmək yaxşı peşə deyil. Deyəsən keçmiş məhbus ölkənin xüsusi xidmət orqanlarına qulluq göstərdiyi, onların qurduğu əməliyyatda kənardan idarə olunan kukla rolunu oynadığını artıq unudub. Təəssüf ki, öz “milli satqınlığını” vətənpərvərlik kimi anlayan bəziləri utanıb qızarmadan, xəcalət çəkmədən bu ölkədə tənqidi fikir söyləyən, vətəndaşlıq mövqeyi ortaya qoyan insanlarda xarici kəşfiyyatın izlərini axtarırlar”.