Rasif Bağırov: «Orda baş verənlər heç bir tibbi proseslərə əsaslanmır»
Səhiyyə Nazirliyinin apardığı yoxlamar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub. Verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Nazirliyin məlumatına görə, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin (“VIP Dental” MMC, “Loğman Klinikası” MMC, “Invitro” MMC, “Starmed” MMC, “Faiq-96" Müəssisəsi, ”Nihat Klinikası" MMC) fəaliyyəti dayandırılıb.
Üç özəl tibb müəssisəsinə ( “Zaman Tibb Mərkəzi” MMC, “Assmed” MMC, “Medservis” Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.
Qeyd edək ki, özəl klinikaların vaxtaşırı bağlanıb yenidən fəaliyyətini bərpa etməsi barədə məlumatlara tez-tez rast gəlirik. Maraqlıdır, özəl klinikalarda peşəkarlar işləyirsə və ölkə əhalisi klinikaların tibbi personalından narazı deyilsə, eləcə də həkim səriştəsizliyindən ölüm faktları yoxdursa, belə müəssisələr niyə bağlanmalıdır? Bu kimi haqlı suallar cəmiyyəti daim narahat edir. Çünki dövlət xəstəxanalarıyla müqayisədə tibbi avadanlıq, aparat və qeyri məsələlərə görə özəl klinikalara daha çox üz tutan insanlar onların fəaliyyətinin dayandırılması xəbərinə laqeyd qala bilmir. Fikrimizcə, burada müvafiq lisenziya müddətinin başa çatmasını əsas gətirərək klinikaları bağlamaq və sonra da lisenziya alandan sonra onun fəaliyyətinə icazə vermək bəhanədən başqa bir şey deyil. Klinikalarda peşəkarlar işləyirsə və müəssisə özünü doğruldubsa, lisenziya müddətinə ehtiyac yoxdur. Klinikaya fəaliyyətə başladığı ilk vaxtdan lisenziya verilməli və müəssisədə qeyri-peşəkarlar çalışarsa, yaxud tibb personalın günahı ucbatından ölüm halları olarsa, həmin qurumun lisenziyası ləğv edilməli və fəaliyyəti dayandırılmalıdır. Fəqət özünü doğruldan klinikaya lisenziyanın müddətinin bitməsi səbəbindən qadağalar tətbiq etmək doğru deyil.
Tibb sahəsi üzrə mütəxəssis Rasif Bağırov söyləyir ki, özəl klinikaların bağlanması tibbi qanunauyğunluğa uyğun olmayan şəkildə tənzimlənir. Ekspertə görə özəl klinikalarda dövlət xəstəxanalarından fərqli olaraq sanitar-gigiyenik şərait pasiyentləri razı salacaq səviyyədədir:
“Ona görə də özəl klinikalara bu mənada mənfi möhür vura bilməzlər. Onların fəaliyyətinin dayandırılması tamam başqa prinsiplərə, yanaşmalara əsaslanaraq və başqa məsələlər əsas götürülərək baş verir. Özəl klinikalara yanaşma belədir və nəticədə onların bağlanması həyata keçirilir. Klinikaların bağlanması müvəqqəti xarakter daşıyır və bir müddətdən sonra müəyyən anlaşma və razılaşmalar əldə olunandan sonra onların fəaliyyəti bərpa olunur. Yəni burda baş verənlər heç bir tibbi proseslərə əsaslanmır və tamamilə qeyri məqamlarla bağlıdır”.
Ekspert əlavə edir ki, dünyada lisenziyanın bir neçə müddətə bağlanması təcrübəsi yoxdur. Inkişaf etmiş ölkələrdə uzun müddətə lisenziya verildiyini deyən ekspert, həmin klinikaların sərbəst fəaliyyət göstərdiyini söyləyir. Qanunu pozan, qabarıq problemləri olan klinikaların məsələsinin həll olunduğunu, xırda məsələlərə görə belə qurumların fəaliyyətinin dayandırılmadığını bildirən R.Bağırov, xaricdə neçə illər fəaliyyət göstərən klinikaların bağlanmasının nadir hadisə olduğunu söyləyir:
“Əslində, uzun illər fəaliyyət göstərən klinikalar işlədikcə daha çox təcrübə qazanır və təkmilləşir, işini yaxşılaşdırır. Belə klinika niyə bağlanmalıdır ki?!. Amma bizdə məsələlər tamam başqa müstəvidə həll edilir ki, onu da hamı bilir”.
Nigar


