Aktivlər, kredit qoyuluşu və məcmu kapitalda geriləmələr var
Xəbər verildiyi kimi, Azərbaycan banklarında əhalinin əmanətləri gözlənildiyi kimi azalıb. Mərkəzi Bankdan verilən məlumata görə, 01.06.2015-ci il tarixinə əhalinin banklarda əmanətləri 7 milyard 601.1 milyon manat olub. Halbuki, bu rəqəm mayın 1-də 7 milyard 717.2 milyon manat idi. Yəni əhalinin əmanətləri may ayı ərzində 116,1 milyon manat və ya 1,5% azalıb. Xatırladaq ki, aprel ayında da əhalinin əmanətləri azalmışdı.
Azərbaycan Mərkəzi Bankı bank sektorunda aktivlər, kredit qoyuluşları, əhalinin əmanətləri və məcmu kapital barədə də məlumatları açıqlayıb.
Bankdan “Marca”ya verilən məlumata görə, 01.06.2015-ci il tarixinə bankların aktivlərinin həcmi 29 milyard 67.2 milyon manat təşkil edib. Bu, mayın 1-i ilə müqayisədə 171,2 milyon manat və ya 0,6% azdır.
Iyunun 1-nə bankların kredit qoyuluşlarının həcmi 19 milyard 877.6 milyon manat təşkil edib. Banklar devalvasiyadan sonra kreditlərin ayrılmasını dayandırmışdılar. Manatla kreditlər əsasən, iyun ayından bərpa olunub.
Iqtisadçı-ekspert Ilham Hüseynli hesab edir ki, hökumətin 21 fevral tarixli devalvasiya qərarından sonra ölkənin iqtisadi həyatında dəyişikliklər baş verib. Ekspert devalvasiyanın baş verməsini ayrı-ayrı ölkələr üçün xarakterik olmaqla, mümkün sayılan təbii iqtisadi proses sayıldığını söyləyir. Lakin bu qərarın Azərbaycanda əhali üçün pozitiv olmadığını diqqətə çatdıran Ilham bəy, baş verən hadisənin iqtisadi duruma birbaşa təsirini vurğulayır:
“Iqtisadiyyatın hansısa zamanında devalvasiya prosesinin baş verməsi mümkündür. Yəni milli valyuta dəyərini artırıb-azalda bilər. Lakin ölkəmiz üçün belə bir prosesin baş verməsi qəfil oldu. Yəni bizdə bu proses insanlardən xəbərsiz, belə demək mümkünsə, onların yatdığı zaman baş verdi. Söhbət prosesin ən yüksək səviyyədə, dövlət rəsmiləri insanları arxayın salandan sonra, qəfil həyata keçirilməsindən gedir. Nəticədə əhali əmanət qoyuluşunda xeyli zərərə, böyük itkilərə məruz qaldı. Əmanət qoyuluşuna meyllilik də azaldı. Təbii ki, bu da bank sistemində, bank proseslərində özünü göstərir”.
Nigar


