«Dövlət başçısının məmurlara xəbərdarlığına məhəl qoyulmur»
Dövlət başçısı Ilham Əliyev dəfələrlə keçirdiyi müşavirələrdə qanunları kobud şəkildə pozan məmur övladları və qohumları ilə bağlı xəbərdarlıq etsə də, faktlar göstərir ki, bu xəbərdarlıqlara məhəl qoyan yoxdur. Qəzetimizin son sayında gedən məqalə və orada əksini tapan faktlar da bunu bir daha təsdiqləyir.
Ilham Əliyevin tapşırığına məhəl qoymayan Məcid Məmmədov
Ölkə başçısının tapşırıq və göstərişlərinə məhəl qoymayan dövlət məmuru, Səhiyyə Nazirliyi Səbail rayon Məhkəmə Tibbi Ekspertiza idarəsinin rəisi Məcid Kərəm oğlu Məmmədovdur. Onun oğlu Munis Məcid oğlu Məmmədov 26 noyabr 2013-cü ildə gecə saat 2 radələrində Beyləqan rayonu Bünyadlı kəndində dostlarıyla yeyib-içən zaman kənddə yaşayan X adlı xanımı kənddən çıxarmaq qərarına gəliblər. Munis Məmmədov həmin xanımın yaşadığı həyətə gələrək xanımın əri N-ni çağırıb və onu təhqir edib. Onun ailəsi və xanımı haqqında təhqiramiz ifadələr işlədəndən sonra evə hücum çəkmək istəyəndə heç nədən xəbəri olmayan evin kişisi onun qabağını kəsərək nə baş verdiyini soruşub. Munis Məmmədov daha da aqressivləşərək ona mane olmaq istəyən kişini təpik və yumruqla döyərək yerə yıxıb və onun bir neçə qabırğasını sındırıb. Bu zaman köməyə gələn xanımı da kobud küçə söyüşləriylə təhqir edərək onu da döyüb. Dəhşətlisi odur ki, bundan ürəyi soyumayan Munis Məmmədov valideynlərinin döyülməsini ağlayaraq görən evin iki azyaşlı uşaqlarına da hücum edib. Uşaqlar qaçaraq evə girib qapını bağlayıblar. Belə olanda Munis Məmmədov qapını sındıraraq evə girib vəÿ rəhm etmədən uşaqları da valideynlərinin gözü qarşısında döyüb, yerə yıxıb sürüyüb və təhqir edib.
Bu olay Munis Məmmədovun həyatında ilk hadisə deyil. O, 2011-ci ildə Ağsu Rayon Məhkəməsinin hökmüylə 2 il müddətinə dövlət işlərində işləmək hüququndan məhrumetmə və 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib. Həmin vaxt Munis Məmmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib. Həmin vaxt Munis Məmmədov Ağsuda torpaq şöbəsinin müdiri olub. Atası Məcid Məmmədov öz gücündən istifadə edərək oğlunun layiq olduğu cəzanı almasına mane olub. Iki nəfəri və azyaşlı uşaqları döyüb onlara xəsarət yetirən şəxs barəsində Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə pozmaq) maddəsilə cinayət işi başlanıb. Beyləqan Rayon Məhkəməsi və Şirvan Apelyasiya Məhkəməsi Munis Məmmədovu bu maddə təqsirli bilsə də, ona yüngül cəza verib. Məmur oğlu 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Özü də bu hadisə Munis Məmmədovun birinci məhkumluğunu ödəmədiyi dövrdə baş verib.
Bu gün Ali Məhkəmə işə yenidən baxacaq
Baş Prokurorluq məhkəmənin hökmündən protest verib. Dövlət ittihamının müdafiəsi üzrə idarənin apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ədalət Əzimov protesti Munis Məmmədovun cinayəti qəsdən, xüsusi qəddarlıqla, həm də birinci məhkumuluğu ödəmədiyi dövrdə törətməsilə əsaslandırıb. “Munis Məmmədovun cinayətkar əməlləri gecə vaxtı, çəkicdən istifadə edərək evin qapılarını sındırmaqla, ailənin bütün üzvlərinə fiziki zor tətbiq edib onlara bədən xəsarəti yetirməklə müşahidə olunan daha ictimai təhlükəli hərəkətlərdən ibarət olmuşdur.
Həmçinin Munis Məmmədovun cinayətin ictimai təhlükəliliyiniÿ artıran göstərilən hallardan başqa onun alkoqol sərxoşluğu vəziyyətində olmaqla bunun təsiri altında cinayəti törətməsinə hüquqi qiymət verməmişlər",- deyə protestdə qeyd olunur.
Iyulun 8-də (bu gün – red.) Ali Məhkəmədə kassasiya protestinə baxılacaq. Amma maraqlısı budur ki, bu cür məhkəmə prosesləri ilə ilk dəfə deyil ki, rastlaşırıq. Bir neçə məhkəmə instansiyasını keçən proseslərə heç birində qanunda nəzərdə tutulmuş formada cəza tətbiq edilməyib.
Daha bir sübut Səbail rayon icra başçısının oğlu ilə bağlı məhkəmə prosesidir. Həmin məhkəmə prosesində də faktların təhrif olunması və günahsızların cəza alması göz önündədir. Eyni zamanda siyasi məhbuslarla bağlı işləri götürmək olar. Bu proseslərdə də ittiham olunan şəxslər günahsız olduqları halda ən sərt cəzalara məruz qalıblar.
Müzəffər Baxışov: “Bu cür məhkəmə prosesləri Azərbaycan reallığını tam formada əks etdirir”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu cür məhkəmə prosesləri Azərbaycan reallığını tam formada əks etdirir. Azərbaycanda məhkəmə adlı bir qurumun fəaliyyət göstərdiyini deyən M.Baxışov vurğuladı ki, məhkəmələr tam formada icra hakimiyyətinin nəzarəti altındadır: “Məhkəmələrin qəbul etdiyi qərarlar ümumi təsnifata bölünsə, bu qərarları 3 hissəyə ayırmaq olar. Birinci qərarlar siyasi göstərişlər əsasında qəbul olunur. Bu qərarlarla bağlı göstərişlər birbaşa Prezident Administrasiyasından prokurorluğa verilir. Prokurorluq da bu göstərişə uyğun olaraq cəza siyasətini həyata keçirir. Bu siyasətin qaydasına uyğun olaraq prokuror hansı cəzanı istəyərsə, hakim də o cəzanı qəbul etməlidir. Burada hakim həmin göstərişlərdən kənara çıxa bilməz. Ikinci təsnifat yüksək vəzifədə çalışan şəxslərin yaxın qohumları və tanışları tərəfindən törədilən cinayətlərlə bağlı verilən göstərişlərdir. Bu göstərişlər hakimiyyətdə təmsil olunan şəxslərin çəkisindən asılı olaraq verilir. Çünki elə məmurlar var ki, onlar bu göstərişləri verə bilmirlər. Ona görə daha yüksək vəzifəli şəxslərə çıxırlar və onlar vasitəsilə bəzən pulsuz, bəzən isə məhkəmənin sədrinə hər hansı həddiyyə verilməsi ilə məsələləri ”çözürlər". Bu şəxslərə bir qayda olaraq yüngül cəzalar tətbiq olunur. Səbail rayon icra başçısının oğlunun məsələsi bu qrupa aid işdir. Həmin işlə bağlı günahı olmayan “KaMAZ” sürücüsü barəsində birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsi qüvvədə saxlanıldı. Amma başçının oğluna Cinayət Məcəlləsinin 63-cü maddəsi şamil edildi və ona məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzaçəkmə tətbiq edildi. Bəllidir ki, o, məntəqə tipli cəza müəssisəsini heç görməyəcək".
M.Baxışov bildirdi ki, məhkəmələrin qəbul etdiyi 3-cü tip qərarlar hakimlərin sırf öz maraqlarına xidmət edir. Burada əsas kriteriya cinayət törətmiş şəxslərdən rüşvət almaq yolu ilə onlara yüngül cəza təyin etməkdir: “Müəyyən kateqoriyalı cinayətlər üçün cəzanın bir və bir neçə il aşağı salınması üçün konkret miqdarlar da nəzərdə tutulub. Məsələn, narkotik işləri üzrə iki il güzəştli cəza tətbiq edilməsi üçün bəzi hallarda 40 min manat rüşvət alırlar. Hər il üçün 20 min manat. Bəzi yerlərdə bu rəqəm 10 min manatdır. Bu, Bakı şəhərindən və regionlardan asılıdır.
Əyyub Kərimov: “Bu qərarı qəbul edən hakimlərin övladları yoxdur?”
Hüquqşünas Əyyub Kərimov da bildirdi ki, qanun qarşısında hamı bərabər olmalıdır. Amma bu cür proseslər göstərir ki, qanun qarşısında heç də hamı bərabər deyil. Ə.Kərimov vurğuladı ki, əgər pul, tapşırıq varsa, deməli, qanunla nəzərdə tutulmuş cəzadan yan keçmək olar: “Düşünürəm ki, Ali Məhkəmənin Kollegiyası baş verən özbaşnalıqla bağlı birmənalı olaraq həm rayon, həm də Apelyasiya Məhkəməsinin gəldiyi qərarları ləğv edəcək. Irnanmıram ki, Ali Məhkəmə bu cür gülünc qərarı qüvvəsində saxlayar. Iş materialları ilə tam tanış deyiləm. Amma bir məqamı da nəzərə almaq lazımdır. Munis Məmmədov hadisə baş verən əraziyə dostları ilə yeyib-içməkdən gəlib. Istisna deyil ki, o, hadisə yerinə də tək gəlməyib. O zaman niyə bu şəxsi tək veriblər məhkəməyə? Amma ən gülünc məsələ odur ki, məhkəmələr nəyə görə bu cür hallara gedirlər? Bu şəxsin məhkumluğu da ödənməyib. Bu işə ilk Beyləqan Rayon Məhkəməsi, daha sonra Şirvan Apelyasiya Məhkəməsi baxıb. Maraqlıdır ki, bu qərarı qəbul edən hakimlərin övladları yoxdur? Onların övladlarını valideynlərinin gözü önündə döysələr, nə edərlər? Bu dərəcədə azğınlıq edəsən və cəzasız qalasan. Bunun sonu yoxdur. Bir daha sübut olunur ki, dövlət başçısının göstərişlərinə məhəl qoyan yoxdur”.
Ə.Kərimov hesab edir ki, Ali Məhkəmə bu işə qanuni qiymət verməklə yanaşı, həm Beyləqan Məhkəməsinin, həm də Apelyasiya Məhkəməsinin hakimləri barəsində xüsusi qərardad çıxarmalıdır. “Həmin hakimlərin heç biri hakim vəzifəsində qala bilməz”, deyə Ə.Kərimov vurğuladı.
Hikmət