Qarabağı ikinci dəfə itirmək təhlükəsi

Yaxud anti-Qərb siyasəti «lazım»ın gəlişini təxirə salır

Hakimiyyət hər ötən gün dünya ilə münasibətləri daha da gərginləşdirir və bu prosesdə Ermənistan önə keçməyə başlayır. Ancaq düşmənin imic qazanması, beynəlxalq aləmin nəzərində mütərəqqi görünməsi Azərbaycanın uduzmasına xidmət edir.
2 həftədən çoxdur ki, Ermənistanda etiraz aksiyaları keçirilir və xalq Sərkisyan hakimiyyətinin siyasətini qəbul etmir. Amma Sərkisyan hakimiyyəti nə qədər cinayətkar bir dəstədən ibarət olsa da, aksiyaya yalan donu geyindirməyə çalışmır. Məsələn, bugünə qədər Ermənistandakı mitinqlər haqqında “bunu Avropa və ABŞ həyata keçirir”, “Qərbin bəzi dairələrinin ssenarisidir” kimi təbliğat aparılmır. Yəni hakimiyyət öz yarıtmaz siyasətini dünyanın çiyninə yükləmək istəmir. Əksinə, həbs olunanlar bir neçə saatdan sonra buraxılır, hakimiyyət zorakılıq tətbiq etmir, zorakılıq tətbiq edən polislər cəzalandırılır və etirazçılara dialoq təklif edilir. Bütün bu addımlar isə düşmənin arqumentlərini gücləndirir.
Amma məsələnin daha önəmli tərəfi var. Bugün Azərbaycan hakimiyyətinin antiQərb siyasəti Qarabağı ikinci dəfə itirməyə xidmət edir. Belə ki, bugünə qədər Azərbaycanla bağlı müsbət mövqe ifadə edən, ərazi bütövlüyümüzü tanıyan, işğal faktını təsdiqləyən ölkələr və təşkilatlar arasında uçurum yaradılır. Bu isə Qarbağ münaqişəsinin həllini tamam mümkünsüzləşdirir. Bugünlərdə ATƏT-in Bakı ofisi bağlandı.  Hansıki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün təhkim olunub. Minsk qrupunun həmsdərlərindən biri isə ABŞ-dır. Deməli, Qarabağ münaqişəsinin həllində vasitəçi rolu oynayan ölkə ilə bütün münasibətlər korlanıb.
Yaxud bugünlərdə Almaniya Bundestaqında Azərbaycanla bağlı qətnamə qəbul edildi və həmin qətnamədə Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı olması öz əksini tapdı. Hətta Ermənistandan qovulmuş 250 min azərbaycanlının taleyi də nəzərdən qaçmadı. Amma Azərbaycan hakimiyyəti bütün resursları ilə Almaniyaya qarşı müharibə elan edir və Almaniya hökuməti açıq şəkildə təhqir olunur.
Bundan əlavə, Avropa Parlamentində Qarabağ məsələsi ilə bağlı iki qətnamə qəbul olunub və hər iki qətnamə Azərbaycanın maraqlarına xidmət edir.
Yəni bu mötəbər qurumlar və dövlətlər müsbət mənada müəyyən addımlar atıblar. Azərbaycan hakimiyyətinin mövcud siyasəti isə yaranmış bağları qırır. Bugünlərdə xəbər yayıldı ki, qondarma Dağlıq Qarabağ respublikasının prezidenti Böyük Britaniyaya dəvət olunub. Bu tipli hadisələrin baş verməsi və ənənəyə çevrilməsi Azərbaycanın ziyanına işləyir. Onsuz da bərbad vəziyyətdə olan təbliğat siyasətini daha da məhdudlaşıdırır.
Demək istəyirik ki, antiQərb siyasəti Qarabağ arzusunun üstündən xətt çəkir. Hər bir ölkə üçün ilk növbədə onun milli maraqlarıdır. Buna görə də Azərbaycan hakimiyyətinin hədəf seçdiyi Qərb ölkələri adekvat addımlar ata bilər və növbəti qətnamələrdə Ermənistanın maraqlarından çıxış edər.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti ölkənin milli maraqlarını şəxsi maraqlara qurban verir. Hansıki, Qərb bugün Azərbaycandan yalnız demokratiya və insan haqlarına hörmət tələb edir. Hakimiyyət isə avtoritar idarəetməni davam etdirmək üçün və şəffaflığa imkan yaratmaq istəmədiyinə görə bütün “tikili”ləri dağıtmağa hazır görünür.
Eyni zamanda Qarabağın işğalına birbaşa dəstək vermiş və bu gün də dəstək verən Rusiya ilə yaxınlıq da Qərbin qıcığına səbəb ola bilər. Deməli, həm təcavüzkar Rusiyanı seçmək, həm də antiQərb kampaniyasını kobud şəkildə həyata keçirmək Qarabağı növbəti dəfə itirməkdir.
Heç kimə sirr deyil ki, Rusiya bu münaqişənin həllində maraqlı deyil. O da sirr deyil ki, bugün dünya düzəninin formalaşmasına Avropa və ABŞ töhfə verir. Bir anlıq təsəvür edək ki, bu ölkələr Qarabağ məsələsində birmənalı şəkildə Ermənistanın mövqeyindən çıxış etdilər. O zaman biz kimə həqiqəti sübut edəcəyik, kimdən obyektivlik tələb edəcəyik?
Deməli, hazırkı vəziyyət Azərbaycanın gözdən düşməsinə, Ermənistanın imic toplamasına xidmət edir. Daha dəqiq ifadə etsək, indiki vəziyyətdə Qərblə düşmənçilik Qarabağla bağlı gözləntiləri sıfırlamaq deməkdir. Nəticə etibarilə Rusiya təhlükəsi qarşısında müdafiəsiz qalmaq və Qarabağın itkisi ilə barışmaq labüd olur.
Bəli, antiQərb siyasəti gözlənilən “lazım”ın heç vaxt gəlməyəcəyi anlamını verir

İlham Hüseyn