Abbas Abbasov “Milyarderlər ittifaqı”nı buraxdı

Baş nazirin keçmiş müavini təzyiqlərdən qorxdu, yoxsa hakimiyyətlə Kremlin qarşısında onunla bağlı şərt irəli sürüb?

2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan, mətbuatda “Milyarderlər ittifaqı” adını alan və indiyədək barəsində müzakirələr səngiməyən Ümumrusiya Azərbaycan Təşkilatları Ittifaqının təsisçiləri təşkilatın rəsmən buraxılmasına dair qərar qəbul ediblər. Virtualaz.org-un məlumatına görə, bu barədə ittifaqın sədri Abbas Abbasov “Azerros” portalına müsahibəsində bildirib.

“Bəli, belədir. Ümumrusiya Azərbaycan Təşkilatları Ittifaqının fəaliyyəti başlamağa imkan tapmadan dayandırıldı. Bunun səbəbi, o cümlədən bizim təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərar bir sıra arqumentlər və mülahizələrlə şərtləndirilir”, – deyə Abbas Abbasov vurğulayıb.

Hazırda “Azərros” Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin parçalanmadan sonrakı qanadlarından birinə rəhbərlik edən Abbas Abbasov “Milyarderlər ittifaqı”nın 2013-cü ildə Rusiyada azərbaycanlı diaspor təşkilatları arasında “mərkəzdənqaçma proseslərini dayandırmaq üçün” təsis edildiyini bildirib. Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin və “Azərros”un əvvəlki rəhbərliyi arasında qəbuledilməz şəkildə çəkişmə gedirdi, diaspor parçalanmışdı: “Kədərlə deyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin 2011-ci ilin noyabrında keçirilən qurultayında təşkilatın nizamnaməsi dəyişdirilib, ancaq hələ də Rusiyanın ədliyyə orqanları onu qeydə almayıb. Bakıdan məsul əməkdaşın təyin edildiyi qəribə ”baş katib" vəzifəsi meydana çıxıb. Hazırda bu vəzifə ləğv edilib, ora təyin edilən adam Bakıya geri qayıdıb, ancaq tör-töküntüləri qalıb".

O, ad çəkmədən “Azərros”un keçmiş rəhbəri Söyün Sadıqovu tənqid edib. Onun digər diaspor təşkilatları və doğma vətəni ilə normal münasibətlər qura bilmədiyini, üstəlik Azərbaycan rəhbərliyinin ünvanına “ağzına gələni danışdığını” deyib.

Baş nazirin keçmiş birinci müavininin dediyinə görə, onlar “diasporun parçalanmasının qarşısını almaq üçün” bu təşkilatı yaradanda proqram sənədlərində Azərbaycanda prezident Ilham Əliyevin başçılığı ilə həyata keçirilən islahatları dəstəkləmək, eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət etmək vəzifələrini qoymuşdular. “Ancaq bizim ünvanımıza hansı ittihamlar səslənmədi? Belə razılaşdılar ki, bizi Azərbaycanda çevriliş törətmək üçün az qala Kreml toplayıb”, – deyə bildirib.

Abbas Abbasovun fikrincə, bu hücumlar həm onların özünə, həm də bütövlükdə Rusiya ilə münasibətlərə ziyan vururdu: “Ona görə də biz özümüz təşkilatın fəaliyyətini dayandırdıq. Ona görə yox ki, qorxduq, ona görə ki, vəziyyəti gərginləşdirmək istəmədik. Istəmədik ki, kimsə seçkilər ərəfəsində ”bizim kartımızı" oynasın. Axı Azərbaycan mətbuatında bu antirusiya vakxanaliyası kimə lazım idi? Kimsə iki liderin, iki dövlət başçısının arasını pozmaq istəyirdi".

“Milyarderlərin Ittifaqı”nın buraxılması bəzi mülahizələrə yol açıb. Abbas Abbasovun bu addımı ilə bağlı bir neçə versiya var. Onlardan biri baş nazirin keçmiş müavinin təzyiqlərə davam gətirə bilməməsidir. Məlumat üçün deyək ki, Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbs olunduğu deyilir. Onun “kredit qalmaqalı”na görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanıldığı bildirilir. Lakin bəllidir ki, Nadir Abbasovun həbsi təkcə “kredit qalmaqalı” ilə bağlı deyil. Bu həm də “Milyarderlər Ittifaqı” ilə Azərbaycan hakimiyyətinin hədəfinə gəlmiş Abbas Abbasovdan qisas xarakteri daşıyır. Onun digər qardaşı Həmid Abbasovun təzyiqlərə məruz qalması da bu qənaəti gücləndirir. Qeyd edək ki, Nadir Abbasovun həbsindən sonra Həmid Abbasovun bağça müdirəsi işləyən xanımı tutduğu vəzifədən azad edilib. Özünə həbs təhlükəsi yaranıb. Bu xəbərlər indiyə qədər Abbas Abbasov və yaxınları tərəfindən təkzib olunmayıb.

Başqa bir versiya isə Azərbaycan hakimiyyətinin Rusiya ilə yaxınlaşmasında birincinin Abbas Abbasovla bağlı şərt irəli sürməsidir. Mümkündür ki, Bakı Kreml qarşısında Abbas Abbasov və “Milyarderlər Ittifaqı” ilə bağlı konkret şərt qoyub. Qərblə qarşıdurmada olan hakimiyyət Rusiya ilə yaxınlaşmaq istəsə də, Kremlə o qədər də bel bağlamır. Xüsusilə Abbas Abbasov faktoru Azərbaycan hakimiyyəti üçün Kremlin qorxulu kabusudur. Maraqlıdır ki, Abbas Abbasov da Azərbaycan-Rusiya münasibətlərinə işarə vuraraq “Vəziyyəti gərginləşdirmək istəmədik” deyir.