Ölkədə iqtidarla müxalifətin «milli dialoqu» başlandı
Ərəb dünyasını bürüyən xalq etirazlarının keçirildiyi ölkələrdən biri Bəhreyndə hökumət geri addım atmağa məcbur olub. Hökumət ölkənin əsas siyasi müxalif qüvvəsi olan şiələrlə dialoqa start verib. Adının açıqlanmasını istəməyən bir müxalifət təmsilçisi hökumətin liderliyilə baş tutan danışıqların bağlı qapılar arxasında keçirildiyini bildirib.
Onun sözlərinə görə, müxalifət partiyaları və hökumətə yaxın siyasi qüvvələrdən ibarət 300 nəfər nümayəndənin qatıldığı müzakirələr həftədə 3 dəfə keçiriləcək. Hökumət-müxalifət dialoqunun ayın sonuna qədər davam edəcəyi gözlənilir.
Bəhreyn rəhbərliyinin “milli dialoqa” müsbət yanaşmasında Səudiyyə Ərəbistanının yaxından iştirakı və vasitəçiliyinin olduğu bildirilir. Səudiyyə Ərəbistanının danışıqlarda rəsmi bir rolu olmasa da, müzakirələr zamanı irəli sürülən təkliflərdə və tərəflərin mövqelərində təsirinin olduğu aşkar görünür.
Xatırladaq ki, Bəhreyn əhalisinin 70 faizini şiələr təşkil edir. Şiələr özlərinə qarşı ayrı-seçkilik edildiyini iddia edirlər. Keçirilən etiraz aksiyaları zamanı Səudiyyə kralı Abdulla Bəhreyn hakimiyyətinin tələbindən sonra ölkədəki gərginliyi yatırmaq üçün minə yaxın əsgər göndərmişdi.
Ekspertlərin fikrincə, Bəhreyndə iqtidar-müxalifət dialoqunun başlanması digər ərəb diktatorlarına nümunə olmalıdır. Çünki vəziyyətin daha da gərginləşməsi və nəzarətdən çıxmaması üçün danışıqlar daha əlverişli həll variantıdır. Liviya və Suriyada baş verənlər bir daha göstərdi ki, rejimlərin aqressiv addımları və xalqın tələblərinə məhəl qoymaması ölkədəki gərginliyi artırmaqla yanaşı, uzunmüddətli vətəndaş müharibəsinə də yol aça bilər.
İnformasiya şöbəsi


