Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən hərbi təyinatlı Telemexanika Zavodunda güclü partlayış olub. “Azadlıq”ın əldə etdiyi məlumata görə, partlayış qadınlar işləyən sexdə baş verib və nəticədə tavan uçun. Bir qadın ölüb, bir neçəsi ağır vəziyyətdədir. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. Müdafiə sənayesi naziri Yavər Camalov və hüquq mühafizə orqanlarının rəhbərliyi hadisə yerinə gedib.
Az sonra Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub. Ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır. Ilkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
Şirvan şəhər Icra Hakimiyyətinin birinci müavini Samit Abıyev isə hadisənin səbəblərindən danışıb. O, APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
Samit Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.
Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.
O da bəlli olub ki, Şirvan Şəhər Icra Hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur. Bu barədə “Report”a icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Icra hakimiyyətinin başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: “Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımı tapşırıqlar verir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda partlayış baş verən əraziyə icra hakimiyyəti başçısının birinci müavini Samit Hacıyev gedib".
Yeri gəlmişkən, qeyd edək ki, icra başçısı Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.


