“Yeni Musavat”… Hitlerdən nəyi oğurladı?

Xaqani Əliyev xaqaniquzeyli@gmail.com

Avropa oyunlarından sonra davam edən bir neçə günlük eyforiyadan sonra güclə də olsa, yenidən əvvəlki həyata qayıtdıq. Şəxsən mənə elə gəlirdi ki, oyunlardan sonra Azərbaycanda həyat duracaq, uzun müddət nə baş verdiyini anlamağa çalışacağıq. Mən özüm də oyunlara köklənmişdim.  Allahdan gizli deyil, bəndəsindən niyə gizlədək, deyiblər, odur ki, etiraf edim ki, mən bəzi yarışları tamaşaçı kimi və televiziyadan izlədim. Bu haqda yazacam. Bəlkə də sizə qəribə gələcək, mənim fikrimcə Avropa oyunlarının əhəmiyyətini kiçiltmək lazım deyil. Fikrimcə Oyunlardan sonrakı Azərbaycanla, əvvəlkinin arasında böyük fərq var. Bu subyektiv fikirlərimi də, allah qoysa  sizinlə bölüşəcəm.
Bəli, Avropa oyunları bitdi və gündəm yenidən “bərpa” edildi…Milli Şura , AXCP, “Azadlıq” qəzetinə hücumlar yenidən başladı. Bir də əlbəttə ki, Qarabağ…
Müşahidə etdiyim əsas məqamlardan biri iqtidarın oyunlardan sonrakı davranışıdır. Qərb ilə ipləri qoparan hakimiyyət, daha aqressivləşsə də bunu biruzə verməməyə çalışır. Lakin eyni zamanda xalqdan ehtiyat edərək, bu aqressivliyi əsaslandırmağa çalışır.
Iqtidarın nəhəng təbliğat maşını əvvəllər insanları problemlərdən yayındırmağa çalışırdısa son zamanlar açıq – aşkar hədə ritorikasına keçib. Təbliğatdan belə çıxır ki, guya  çox həssas və həlledici bir dövrə qədəm qoymuşuq və bütün problemlərin , o cümlədən Qarabağ məsələsinin həllinə sayılı günlər qalıb. Və ehtiyatsız bir hərəkət, narazıçılıq və .s hər şeyi bərbad edə, bu komandanın 23 illik “zəhmət”ini (!) yerə vura bilər. Hazırda bütün mətbu orqanları təlimata əsasən işlərini bu ritorika üzərində qurublar. Eyforiya o qədərdir ki, bəziləri fərqinə varmadan “gül vururlar”, atalarımızın təbirincə desək, qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar.
 Yazımı  “Yeni Musavat”ın “Qarabağda ildırımsürətli müharibə hazırlığı” adlı yazıdan sitatla davam etmək istəyirəm,  – “Bəzi ekspertlər (ad çəkilmir – X.Ə)  iddia edir ki, Avropa Oyunlarında öz gücünə bir daha əmin olan Azərbaycan yaxın günlərdə ÿfəal hərbi əməliyyatlara başlaya bilər. “Ildırım sürətli” bu əməliyyatlarda ermənilərin hərbi qüvvə yerləşdirməyə canlı qüvvəsi belə çatmayan Ağdam və ya Füzuli istiqamətindəki işğaldakı torpaqlarımızda Azərbaycan bayrağı sancıb danışıqlar prosesində üstünlüyü əla ala bilər”.
Qəzet açıq – aşkar məhşur Barbarossa  planına (ildırım sürətli müharibə – X.Ə)   işarə edir. Plan 1940-cı il iyulun 21-də general  Paulsun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı…ÿAdolf Hitlerin  ÿ21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRI-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.  Müqayisə çox uğursuzdur, ən azından Hitler Almaniyanı azad etmirdi, SSRI – ni işğal edirdi. Hərb tarixində o qədər gözəl nümunələr var ki.
… Son 3 ildə bu qəzetdə Qarabağın tezliklə azad ediləcəyindən bəhs edilən 30 – dan çox “analtik” yazı gedib. Əlbəttə bu “Barbarossa” ruhlu yazılar iqtidara yaltaqlanmaq, ondan nəsə qoparmaq  üçündür. Yəni, qəzet yalnız ictimai rəydə çaşqınlıq yaratmaq, əhaliyə gündəlik qayğı və problemlərini unutdurmaq  məqsədi güdür.  
  Fikir verdinizsə,  yazıda konkret istiqamət də açıqlanır – “Ağdam və Fizuli”.  Ixtisasca şərabçı – dequstator Rauf Arifoğlu uğursuz bir şəkildə  Müdafiə nazirliyinin Baş Qərargah rəisi general N. Sadıqovun  funksiyasını üzərinə götürür və erməniyə “qarğa məndə qoz var” deyir. Gülməlidir , deyilmi?…   
 Illərdir Əliyev iqtidarı  Şuşanın işğal gününə vitse – spiker Bahar Muradova səviyyəsində qatılır. Həmin gün Serc Sərkisyan Azərbaycanın hava məkanını pozaraq Xənkəndinə uçur və Şuşaya keçərək oradakı paradda iştirak edir.
Düşünürəm Azərbaycan ilk öncə gücünü ortaya qoyub, bu ənənəni pozmalıdır.
Azərbaycanın Qarabağı qaytarmaq üçün bir şansı da var – ölkədə demokratiyanın bərqərar olmasıdır. Bu gün Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edən dünya birliyi bunu bizdən israrla tələb edir.
Bahar Muradova isə iqtidarın adından deyir ki, əvvəl Qarabağı verin.
Məsələ bu nöqtədədir…