Əhmədinejadın “SEPAH”la münasibətləri gərginləşir

İranda hakimiyyətdaxili savaşa silahlı qüvvələr qoşulacaqmı?

 

Son günlər İranda ölkənin ali dini lideri Əli Xamneyi ilə prezident Mahmud Əhmədinejad arasında gərginliyin artması müşahidə olunur. Bu iki şəxsə yaxın rəsmilər bir- birinin ünvanına sərt ittihamlar səsləndirirlər. Əsasən dini liderin əhatəsindəki mühafizəkarlar prezident və ətrafını ölkədə bölücülük yaratmaqda, “yolunu azmış cərəyan”a üzv olmaqda günahlandırırlar.

 

İngiltərənin “The Times” qəzeti Mahmud Əhmədinejadla İran İnqilabı Korpusu (“SEPAH”) arasındakı gərginliyin getdikcə dərinləşdiyini və hakimiyyətdaxili savaşın yeni müstəviyə keçdiyini yazıb. Xəbərdə ölkənin dini lideri Əli Xameneyi ilə münasibətləri kəskin şəkildə pisləşən Əhmədinejadın indi də “SEPAH”ı təhdid etdiyi bildirilir.

Əhmədinejada yaxın şəxslərin həbs olunmasını qəbul etməyən prezident prosesin davamlı olacağı təqdirdə “SEPAH” daxilindəki korrupsiya hallarını ictimaiyyətə açıqlayacağını söyləyib. İran prezidenti konkret ad çəkməyərək “SEPAH” rəhbərliyindəki bəzi şəxslərin siqaret və başqa məhsulların qaçaqmalçılığı ilə məşğul olduğunu da bildirib.

“The Times” yazır ki, “SEPAH”ın qara bazarda payı olduğunu həmı bilir. Əhmədinejadın məlum açıqlamalarından sonra “SEPAH” komandanı Məhəmmədəli Cəfəri quruma qarşı yönəlmiş ittihamları inkar edərək özünü müdafiə etmək məcburiyyətində qalıb. Qəzet “SEPAH”a meydan oxuyan Əhmədinejadın kimlərə güvənərək bu tip açıqlamalar verməsini isə prezidentin silahlı qüvvələr daxilindəki adamlarına arxayın olduğuyla əlaqələndirib.

Ekspertlər qeyd edir ki, Xamneyi-Əhmdinejad qarşıdurmasında “SEPAH”ın kimin tərəfində yer alacağını dəqiq söyləmək hələki tezdir. Məhəmmədəli Cəfərin Xamneyiyə yaxınlığı, İran prezidentinin isə “SEPAH”a qarşı ittihamları ölkənin ən güclü silahlı qüvvələrinin dini liderin yanında yer alacağına dair ehtimalları artıra bilər. Lakin “SEPAH”a meydan oxuyan və qurumda baş verən korrupsiya hallarını ictimaiyyətə açıqlamaqla təhdid edən Əhmədinejadın Məhəmmədəli Cəfərini yanına çəkmək cəhdləriylə bağlıdır.

Elxan