“Nəyimə lazım be, Sultanım!”

Səadət Cahangir
 

Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov siyasi məhbuslar məsələsini bilərəkdən başqa məsələlərlə qarışdırır. Deyir ki, Ukraynanın AŞ PA-nın bütün tələblərinə əməl etməsi sonda bu dövlətin Krımı itirməsi ilə nəticələndi.  Biri mənə izah etsə də, anlasam, həbsxanalarda günahsız yerə saxlanan insanların azad edilməsi ilə işğal arasındakı bağlılığı? Guya bu gün bir əfv fərmanı imzalanıb, həmin məhbuslar evinə-eşiyinə buraxılsa, həmin saat müharibə başlanacaq. Guya yuxarılarda Qarabağ dərdi çəkməkdən hamının gözlərinə qara su enib daha. Guya o vətən eşqi fontan vuranlar milyonları və milyardları havaya sovuranda, lüks həyatın ləzzətləri ilə zövq-səfa sürəndə Qarabağ yada düşürdü. Elə bilirsiniz, Səməd müəllim insanları məsələdən düşünülmüş  şəkildə yayındırdığının fərqində deyil? Şübhəsiz ki, o, hər şeyin fərqindədir və ölkədə insanların haqsızlıqdan qan ağladığını da gözəl bilir.  Xatırlayırsınızsa, illər öncə, o özü də bunu bir çıxışında etiraf etmiş, islahatlara getməyin zəruri olduğunu vurğulamışdı. Sonra da üstünə qarğa-quzğun kimi elə tökülmüşdülər ki, həmin çıxış ilk və sonuncu olmuşdu. Dərd odur ki, o gündən bu günə durum nəinki yaxşılığa doğru azacıq dəyişib, əksinə, on qat daha da pisləşib. Artıq məsələ insan haqları pozuntu müstəvisindən çoxdan çıxıb. Artıq bu ölkədə haqqın və hüququn boğazına bıçaq çəkən bir  zülm var, gerçək bir zülm! 
Topqapı Sarayında  məşhur Türk sultanı Qanuni Sultan Süleymanın zəmanəsinin nüfuzlu alimi Yəhya Əfəndiylə yazışmasını əks etdirən bir məktub saxlanır. Deyildiyinə görə, Sultan Süleyman günün birində dövlətin halının nə olacağını düşünərək süd qardaşı, şair və alim Yəhya Əfəndiyə belə bir məktub yazır: "Sən ilahi sirlərə vaqif  bir insansan. Kərəm eylə də, bizi işıqlandır. Bir dövlət hansı halda çökər?..”
Yəhya Əfəndidən bir cümləlik cavab gəlir: "Nəyimə lazım be, Sultanım!" Cavabı heyrətlə oxuyan Sultan bu qısa cümləyə bir məna verə bilməz, dözməyib Yəhya Əfəndinin dərgahına gedər. "Bu cavabdan bir şey anlamadım. Yalnız "nəmə lazım be Sultanım! demisən. Sanki "məni belə işlərə qarışdırma" kimi bir məna çıxarıram"- deyir Sultan Süleyman.
Yəhya Əfəndi cavab verir: "Sultanım! Bir dövlətdə zülm yayılsa, haqsızlıq artsa, eşidənlər də "nəyimə lazım" deyib uzaqlaşsa, sonra qoyunları qurdlar deyil, çobanlar yesə, bilənlər bunu söyləməyib sussa. Kasıbların, möhtacların, yoxsulların, kimsəsizlərin fəryadı göylərə çıxsa da, bunu daşlardan başqası eşitməsə, bax, o zaman dövlətin sonu görünər. Bundan sonra dövlət xəzinəsi boşalar, xalqın etimadı və hörməti sarsılar. Asayişə itaət hissi gedər, xalqda hörmət duyğusu yox olar. Çöküş və  iflas da beləcə, qaçılmaz hala gələr… "
Ölkənin mənzərəsi tam olaraq bu cavabda anladıldığı kimidir indi. Səməd müəllimin də bunlardan xəbərsiz olduğuna kimsə inandıra bilməz məni. Guya bu gün ölkədə saxtalaşdırılmış qanun və hüquq sisteminin insanlara necə qan uddurduğunu bilmirsiniz? Guya insanların əzilə-əzilə həmin o “nəyimə lazım” durumuna düşürüldüyünü də görmürsünüz? Guya insanların ağır həyat şəraitinin hara düşdüyünün fərqində deyilsiniz? Guya həbsxanalarda xəstəliyinə, yaşına, ailə vəziyyətinə acımadan qisasçılıqla saxlanan günahsız insanlardan xəbəriniz yoxdur heç? İnsaf deyilən bir şey var, siz daha zülm nəyə deyirsiniz axı?  Bilin ki, bir sistemi də belə şeylər yıxar bax, dustaqxanaları açıb günahsız insanları azadlığa buraxmaq yox.