ATƏT-lə rəsmi Bakı arasındakı münasibətlərdə gərginlik artır
Fuad Qəhrəmanlı: «Baş verənlər Azərbaycanın xarici siyasətində növbəti diplomatik qalmaqaldır»
Azərbaycanla ATƏT arasında gərginlik getdikcə dərinləşməkdədir. Hər şeyə Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bir ay əvvəl twitter hesabında yazdığı statusdan sonra aydınlıq gəldi. N.Məmmədov ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırıldığını yazmışdı: “Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.
Daha sonra baş verən proseslər də maraq doğurur. Xəbər yayıldı ki, Azərbaycan Xarici Işlər Nazirliyi Layihə Koordinatorluğunun bağlanması üçün nota verib. Bu, ABŞ-la Azərbaycan hakimiyyəti arasında yeni qalmaqal kimi qiymətləndirilirdi. Çünki iqtidar Şahtaxtinskinin geri çağırılmasını məhz ABŞ-ın təkidilə baş tutduğunu iddia edirdi.
XIN-nin notasından sonra Vyanada ATƏT-in Daimi Şurasının iclasında da ABŞ-ın şuradakı səfiri Daniel Baer məsələyə sərt reaksiya vermişdi. O, bildirmişdi ki, Azərbaycan Layihə Koordinatorunun işilə bağlı Anlaşma Memorandumundan imzasını geri götürmək barədə xəbərdarlıq edib. “Bu, çox məyusedicidir, bunu başqa cür ifadə etmək mümkün deyil”,- deyə səfir Baer bildirmişdi. Səfir həmçinin Layihə Koordinatorunun 57 üzv dövlətin razılaşdığı siyasi mandatla fəaliyyət göstərdiyini və onu yalnız konsensus qərarla ləğv etməyin mümkün olduğunu vurğulamaqla Bakının cəhdlərinin əbəs olduğuna işarə vurmuşdu.
Lakin Azərbaycan hakimiyyəti bundan sonra da mövqeyindən geri çəkilmədi. ATƏT-in Bakı ofisinə iyulun 5-nə qədər vaxt verildi. Amma ATƏT bu məsələdə də sərtliyini nümayiş etdirdi. Bakı ofisinin iki gün öncə yaydığı açıqlamadan bəlli olur ki, ATƏT də geri çəkilmək niyyətində deyil. ATƏT-in mətbuat mərkəzindən bildirilib ki, Layihələr Koordinatorluğuna dair qarşılıqlı anlaşma memorandumunun ləğv edilməsi ATƏT çərçivəsində Azərbaycanla əməkdaşlığa heç bir formada zərbə vurmur. Qeyd olunub ki, ATƏT-in Bakıdakı Layihələr Koordinatorluğunun mandatı 31 dekabr 2015-ci il tarixinədək qüvvədədir. Bu qərar ATƏT-in Daimi Şurasının 27 noyabr 2014-cü il tarixli iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.
Beləliklə, ATƏT-in Bakı ofisi faktiki olaraq dekabrın 31-dək fəaliyyət göstərəcəyini bəyan edərək, Azərbaycan hakimiyyətinin tələbini rədd edib.
Əslində baş verənlərlə bağlı hakimiyyətin ciddi narahatçılıq keçirməsi təsadüfi deyil. Buna səbəb ATƏT-in son prezident seçkiləri ilə bağlı sərt mövqedən çıxış etməsidir. Qarşıdan parlament seçkiləri gəlir. Hakimiyyətin bu seçkilərlə də bağlı mövqeyini dəyişmək fikrində olmadığı görünür. Bu üzdən ATƏT seçkiləri müşahidə aparması neqativ məqamları ortaya çıxaracaq. Ona görə hakimiyyət seçkiyə qədər ATƏT-in fəaliyyətini dayandırmağa cəhd etdi. Amma göründüyü kimi bu cəhd uğurla nəticələnmədi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, baş verənlər Azərbaycanın xarici siyasətində növbəti diplomatik qalmaqaldır. F.Qəhrəmanlı bildirdi ki, cərəyan edən proseslər Qərblə qarşıdurmanın görsənişi kimi dəyərləndirilməlidir. AXCP yetkilisinin sözlərinə görə, ATƏT-in Layihə Koordinatorluğunun fəaliyyətinin dayandırılması əslində rəsmi Bakının beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlıqdan faktiki imtina cəhdidir: “Bu cəhdin də arxasında o dayanır ki, hakimiyyət indidən münasibətləri gərginləşdirmək hesabına ATƏT-in parlament seçkilərində müşahidə aparmasının qarşısını almağa çalışır. Bir növ buna zəmin hazırlayır. Bundan sonra ATƏT tərəfindən belə bir açıqlama verildi ki, Layihə Koordinatorluğunun dayandırılması Bakı ilə ATƏT arasında əməkdaşlığa mane olmayacaq. ATƏT bununla Bakının istəyinə rəğmən, Azərbaycandakı proseslərdə iştirak etmək istədiyini ifadə etdi”.
F.Qəhrəmanlı onu da bildirdi ki, ATƏT-in mandatının dekabrın 31-nə qədər olmasıyla bağlı bəyan etdiyi mövqe təşkilatın hakimiyyətin Bakı ofisinin fəaliyyətini dayandırmaq niyyəti ilə razılaşmadığını ortaya qoydu. Bu isə o deməkdir ki, iqtidarın ATƏT-in Bakı ofisini birtərəfli bağlamaq cəhdi qəbul edilməyəcək. F.Qəhrəmanlının sözlərinə görə, bunun üçün tam hüquqi və siyasi əsas mövcuddur: “Ilk olaraq ABŞ-ın ATƏT-dəki nümayəndəsi Bayer tərəfindən bu mövqe ifadə olunmuşdu ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğu 57 ölkə ilə razılaşdırılıb. Yəni Azərbaycanın bu razılaşmadan imzasını geri götürməsi, hələ Layihə Koordinatorluğunun dayandırılması üçün kifayət deyil. Indi isə artıq ATƏT həmin mövqeyə istinad etməklə və fəaliyyətlərini dekabrın 31-nə qədər davam etdirəcəklərini bəyan etməklə Bakının mövqeyinin əsaslı olmadığını nümayiş etdirir”.
F.Qəhrəmanlı hesab edir ki, bundan sonra Azərbaycan tərəfinin iki seçimi qalır. Ya Azərbaycan bu faktla razılaşmalıdır, ya da, birtərəfli qaydada vaxtı ilə “Azadlıq” radiosuna qarşı atılmış addımlar təkrarlanmalıdır. Yəni inzibati qayda da ATƏT Bakıdakı ofisindən çıxarılmalıdır, onun fəaliyyəti məhdudlaşdırılmalı, texniki imkanları əlindən alınmalıdır: “Sonuncu addım böyük diplomatik skandal demək olacaq. Bu ATƏT üzvü olan ölkələr, beynəlxalq birliklə Azərbaycan arasında onsuz da gərgin olan münasibətləri bir qədər də gərginləşdirə bilər. Bu addım Azərbaycana qarşı sanksiyaların, təzyiq mexanizmlərinin gündəmə gəlməsinə səbəb ola bilər. Ona görə güman etmirəm ki, Azərbaycan belə bir addım atacaq. Böyük ehtimal ilə Azərbaycan tərəfi ATƏT-in mövqeyi ilə razılaşacaqdır. Belə görünür ki, ATƏT-in son bəyanatı təşkilata üzv olan ölkələrlə razılaşdırılıb. Ona görə ATƏT tərəfindən bu cür əmin mövqe ifadə olunub və əgər Bakı tərəfindən təşkilata qarşı destruktiv addım atılarsa, o zaman üzv ölkələrin vahid mövqeyi ifadə olunacaq”.
Xəyal