Bəxtiyar Sadlqov «Azadlıq»ı nədə ittiham edir?
Yenə də hökumət mətbuatı “Azadlıq” qəzetinin ətrafında ağcaqanad kimi fırlanır. Hər zaman belə olub və bu “ənənə” davam edir. “Yeni Müsavat” qəzeti isə “Azadlıq”a, AXCP-yə, Milli Şuraya qarşı şər-böhtan atanları çıraqla axtarır. Belə bir “personaj” tapan kimi şadyanalıq başlayır. Vəziyyət o həddə çatıb ki, Rauf Arifoğlunun “Qafqazın ən böyük qəzeti” adlandırdığı “Yeni Müsavat” partiyadan qovulmuş cəbhəçiləri “nadir tapıntı” kimi qiymətləndirir.
Qovulmuş adamları həftədə bir dəfə yad edib, Əli Kərimli əleyhinə danışdırmaq Rauf Arifoğlunun qəzetçilik starategiyasıdır. Hətta müşahidə olunur ki, rejimin rəsmi sözçüləri, qeyri-rəsmi sözçü rolunu oynayan “Yeni Müsavat”dan bəhrələnirlər. Məhz buna görə də ötən buraxılışımızda “Yeni Müsavat” “Azərbayacan”ın pasötürəni rolunda" başlıqlı məqalə dərc etmişdik. Çünki, Rauf Arifoğlunun “qidalandığı” qovulmuşlar bir gün sonra “Azərbaycan” qəzetinin səhifələrini bəzəyir. Açığı bu yazıda məqsədimiz “Yeni Müsavat” haqqında yazmaq deyil. Çünki, bizdən kənarda da kifayət qədər tanınımış ictmai-siyasi xadimlər bu qəzetin “şər missiyası” haqqında geniş yazılar yazıblar və ictimaiyyət artıq bu qəzetin rəhbərinə “rəhmətlik müxalifətçi” kimi yanaşır.
Amma bizim yazımıza “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da münasibət bildirib və bir neçə kəlmə ilə bu mandat sahibinə cavab vermək istəyirik. Başa düşürük ki, bu dəfə də Bəxtiyar Sadıqov Raufun köməyinə gəlib və dar gündə özünü yetirib. Bu ittifaqa bir sözümüz yoxdur və yeni-yeni layihələr arzulayırıq.
Beləliklə, “Azadlıq”da dərc olunmuş yazıya Bəxtiyar Sadıqov “müdrik”cəsinə münasibət bildirib və “Azərbaycan”ın qəzetçilik prizmasından hərəkət etdiyini sübut etməyə çalışıb: “Bir vaxtlar bu partiyada olub, sonradan bu partiyanın yanlış yolda olduğunu söyləyirlər. Belə olanda, biz bunu daha obyektiv, daha dəqiq, daha dəyərli hesab edirik. Onu biz qəzetimizdə veririk. Bu mənada, biz o yazını vermişik. Yazı harada çıxıb, açıqlama hara verilib, buraya dəxli yoxdur. Buna görə də ”Azadlıq"ın bu cür iradlarını mən qəbul etmirəm. Son dövrlər “Azadlıq” qəzeti “Yeni Müsavat”a böyük hücumlar təşkil edir. Milli Şura üzvləri-filanları hücumlar edirlər “Azadlıq” qəzetinin məsələyə bu cür yanaşması AXCP-dəki despotizmdən, bir nəfərin idarə etməsi, belə şeylərdən irəli gəlir. Bizim üçün bu cür yanaşma heç bir əhəmiyyət daşımır".ÿ
Bəxtiyar Sadıqov həmişə elə yerdən yapışır ki, əli yanır. Deputat obyektiv informasiyanı qəzetdə yerləşdirməyi zəruri hesab edirsə, niyə ölkədə baş verənləri də səhifəsinə salmır. 20 il Azərbaycanı xaricdə təmsil edib, sonra hakimiyyətin yarıtmaz əməllərindən danışan Arif Məmmədovu niyə qəzetə yaxın buraxmır? Bu səfirin “facebook” statuslarına niyə yer ayırmır? Axı bu da obyektiv informasiyadır. Ilham Əliyevin Londondakı mülkü, nazirlərin 100-lərlə şirkəti, məhkmələrin sifarişlə hökm oxuması da reallıq deyilmi? 15 nəfərin ölümünə səbəb olmuş yanğın hadisəsi haqda “biz sensasiya qəzeti deyilk” deyə münasibət bildirən deputat, məsələ AXCP-yə gələndə niyə sensasiya ovçusuna çevrilir?
Ümumiyyətlə, Bəxtiyar Sadıqov izah etsin ki, Azərbaycançı şəbəkə necə olur? Belə çıxır ki, Azərbaycan xalqının aşağılanmasına göz yummaq, günahsız insanların cəzalandırılmasına haqq qazandırmaq, ölkə sərvətlərinin talan edilməsini görməzdən gəlmək, təyinatlı parlamentdə əyləşmək və hakimiyyətə vəkillik etmək azərbaycançılığın göstəricisidir. Amma yalana və yaltaqlığa etiraz etmək, məmur oğurluğundan yazmaq, təhsilin, səhiyyənin, hüquq sisteminin şəffaflığını istəmək, sadə vətəndaşın əmək haqqının artırılmasını tələb etmək, şəffaf seçki istəmək, cinayətkarı adı ilə çağırmaq anti-Azərbaycançılıqıdr.
Bəxtiyar Sadıqov nə zaman Milli Məclisdə xalqın vəkili kimi təşəbbüs irəli sürüb? Bəlkə, Jirinovskinin hötmətli qonaq kimi qarşılanmasına, Rusiyanın ermənipərəst mövqeyinə, mandat alverinə, monopoliyalara, korrupsiyaya etirazını bildirib? Bəlkə, israrla günahkarların cəzalanmasını tələb edib?
Cənab deputat yaxşı bilir ki, despotizm hakimiyyəti ailə biznesinə çevirmək, ölkə sərvətlərini bir əldə cəmləşdirmək, qanunu ayaqlar alrtına atmaqdır. Belə səlahiyyət isə yalnız deputatın təmsil olunduğu düşərgədə var. Yaxşı olar ki, Bəxtiyar Sadıqov “bir nəfərin idarəetməsi” deyəndə oturduğu budağa diqqət eləsin.
Heç kimə sirr deyil ki, “Azərbaycan” qəzeti Azərbaycanın deyil, hakimiyyətin maraqlarını təmsil edir. Ona görə də hakimiyyətin “qara siyahı”ya saldığı adamları, “Azərbaycan” daha da tünd rəngə çevirir. Həqiqət isə göz qabağındadır və buna görə də əlində “Azərbaycan” qəzeti tutmuş adama rast gəlmək mümkün deyil.
Samir


