İflasdan sonra «Hafka»nı nə gözləyir?

«Baghlan Group Limited» şirkətinin aqibəti necə olacaq?

Iyulun 13-də Britaniya Vircin adalarının Kommersiya məhkəməsində “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin “Baghlan Group Limited”ə qarşı məhkəmə iddiasına açıq baxışına başlanılacaq. Cavabdehin təsisçisi Azərbaycan vətəndaşı, biznes dairələrində “Hafka” kimi tanınan Hafiz Məmmədovdur, ona bir neçə nəqliyyat yükdaşıma şirkəti, kommersiya bankı, futbol komandası və s. Məxsusdur.
Iddiaçı qismində “Walkers” şirkəti iştirak edir. Bu gün dövlət qəzetindəki elanda qeyd edilir ki, “Baghlan Group Limited” şirkətinin ləğvedicisinin təyin edilməsi barədə vəsatət məhkəməyə bu il iyunun 17-də daxil olub. “Baghlan Group Limited” “Bahar” və “Qum dəniz” yataqlarını işləyən “Bahar Energy Ltd.”nin səhm paketi sahibi olub. Amma 2014-cü ildə “Baghlan Group Limited” maliyyə problemi üzündən bu paydan məhrum olub. Qeyd edək ki, “KSM” şirkətlər qrupuÿHafizÿMəmmədov və onun iki oğluna məxsusdur. Buraya “Alfa Caspian Shipping”, “Logestics group”, “BQ trans”, “City Bus”, “Ramada Hotel & Suites Baku”, “Baku fans”, “Elit Catering”, “Kono Pizza”, “Candy Boquet”, “Bank of Azerbaican” və s daxildir. 2012-ci ildə Baghlan Group “BNP Paribas Trust Corporation UK Limited” şirkətinin iştirakı ilə Kayman fond birjasında $150 mln məbləğində istiqrazlar yerləşdirib. Qiymətli kağızlar bu ilin yayına tam ödənilməlidir. Görünür,ÿHafizÿ Məmmədov bu qiymətli kağızların ödənilməsi problemi ilə üzləşib. (conact.az)
Bəs, H.Məmmədov və onun rəhbərlik etdiyi şirkət barəsində bu cür qərarın çıxarılması nə vəd edir? Bu H.Məmmədovu hansı məsuliyyətlərdən azad edərək, üzərinə hansı öhdəliklər qoyur?

Hafiz Babalı: “Məhkəmə qərar çıxarsa ki, ”Baghlan Group “ xarici şirkətə pul ödəməlidir, o zaman Hafiz Məmmədovun şirkətinin əmlakı hərraca çıxarılacaq”

Iqtisadçı ekspert Hafiz Babalı bildirdi ki, müflisləşmə ödəmə qabiliyyətinin olmamasının nəticəsidir. H.Məmmədovun uzun müddət idi ki, maliyyə problemləri yaşadığını deyən ekspert bildirdi ki, hər şey müflisləşməyə doğru gedirdi: “Əgər şirkət ödəmə qabiliyyətini itirirsə onun Azərbaycandakı və ölkəmizdən kənardakı aktivlərinə həbs qoyulacaq. Əgər məhkəmə təsdiq edərsə ki, ”Baghlan Group Limited" BNP Paribas Trust Corporation UK Limited" şirkətinə ödəmə etməlidir o zaman Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətin əmlakı satışa gedəcək. Müəyyən bir müddət qoyulacaq. Həmin zaman kəsiyində əmlak satışa çıxarılıb, pul əldə olunmalıdır".

Müzəffər Baxışov: “Müəyyən edilsə ki, Hafiz Məmmədov müəssisəni qəsdən iflas vəziyyətinə gətirib, o zaman barəsində cinayət məsuliyyəti nəzərdə tutula bilər”

Məsələnin hüquqi tərəflərinə də aydınlıq gətirməyə çalışdıq. Bu istiqamətdə bizə hüquqşünas Müzəffər Baxışov kömək etdi. M.Baxışov bildirdi ki, bu tip məsələlər Azərbaycan Respublikasında qüvvədə olan 13 iyun 1997-ci ildə qəbul edilmiş “Müflisləşmə və Iflas” Haqqında qanunla tənzimlənir. M.Baxışovun sözlərinə görə, müflisləşmə borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Qanunun 3-cü maddəsinə görə, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır: “Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin. Borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir və ya borclu qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirməyə qadir deyildir. Qanunun 18-ci maddəsində borclunun müflis elan olunmasının nəticələri əksini tapıb. Borclunun müflis elan olunmasının məqamları bunlardır. Birinci məqam borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya ikinci məqam kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi. Qanuna görə, borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur. Eyni zamanda borcluya qarşı tələblər yalnız qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır. Əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir. Daha bir səlahiyyət itkisi borclu müəssisənin öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etməsi ilə bağlıdır”.
M.Baxışovun sözlərinə görə, qanuna müvafiq olaraq sonra əmlak inzibatçısı təyin edilir. Məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər. Qanun 20-ci maddəsinə görə, bütün səlahiyyətlər əmlak inzibatçısı tərəfindən həyata keçirilir: “Borclu müəssisənin fəaliyyətini artıq əmlak inzibatçısı idarə edir. Həmin müəssisənin aktivləri imkan verirsə kreditorların borcları həmin aktivlərin hesabına ödənilir”.
Araşdırmaların yekunu olaraq H.Məmmədov barəsində tədbirin görülməsinə gəlincə isə M.Baxışov bildirdi ki, əgər məhkəmə müəyyən etsə ki, H.Məmmədov qəsdən müəssisəni iflas vəziyyətinə gətirib çıxarıb və onun əməlində digər maddələrin əlamətləri olsa, cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayyət Məcəlləsinin  211-ci maddəsində qəsdən müflisləşməyə görə məsuliyyət nəzərdə tutulub. Əgər bu maddə ilə H.Məmmədovun günahı sübuta yetirilərsə, o iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Hikmət