M.Ə.Rəsulzadə yolu – milli birlik (IIIyazı)

xanbahadir@mail.ru

Ulu Öndər güclü millət – güclü Azərbaycan yolçusu idi. Başqa bir yandan bu, demokratik toplum, demokratik dövlət yolçuluğu idi. Ardıcıl analitik yazıları ilə o, toplumu yetişdirib yolçusu olduğu yola yönəltməyə çalışırdı. Əliyevçi rejimin 21-ci yüzildə ölkəmizi gətirib çıxardığı klançılıq-regionçuluq dönəmində Rəsulzadəyə qayıtmaq, gerçək Ulu Öndər olaraq Rəsulzadəni öyrənmək sağlam, güclü gələcəyimiz baxımından olduqca önəmlidir.
Britaniya tarixçisi, sosioloq A.Toyinbi yazır: “Xəstə toplum özü özüylə savaş aparır”. Rejimin yürütdüyü çoxillik ANTIMILLI siyasətlər üzündən biz bu gün belə bir topluma çevrilmişik. Bizim belə (xəstə!) deyil, başqa cür olduğumuzu göstərmək üçün, daha doğrusu, bizi buna inandırmaq üçün xalqın yoxsulluq içində yaşadığı ölkədə 80 milyon manatlıq (səksən milyon manatlıq!) gül bayramı, 10 milyard manatlıq (on milyard manatlıq!) Avropa oyunları, eləcə də milyonlara, milyardlara başa gələn bir çox başqa oyun-moyun keçirilir. Bütün bunlarla belə, Toyinbinin indi bizdə bütünlüklə gerçəkləşib doğrulanan diaqnozu dəyişməz qalır. Qalacaq da: ta Ulu Öndərimizin göstərdiyi yola yönələnədək!
Onun “Millət olmaq yolu” yazısına baxaq. Rəsulzadə millət anlamını bildirmək üçün dilimizdə iki söz işləndiyini göstərir: milliyət, millət. Bunlardan birincisi dil, din, irq, qohumluq, tarix, coğrafiya, ekonomika kimi faktorların etkisiylə ortaya çıxan etnik topluluğu anladır. Ikincisi, bu topluluqdan doğan genəl istənci (iradəni) anladır. Madzininin baxışına görə, millət: “topraq, kök, gələnək, görənək, dil birliyindən dolayı, yaşamında, sosial vicdanında anlaşma, ortaqlıq yaratmış insan topluluğuna” deyilir. Dürkheymin baxışına görə, “etnik faktorlar, tarix nədənlərilə ortaq qanunlar altında yaşamaq, bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir”. Buradakı baxışların birincisində millət özül olaraq tarix olayıdır; ikincisində isə millət sosial yönətim xarakterli olaydır. Birincidə millət oluş görsənişi olaraq anladılır; ikincidə millət bir “prinsip” olaraq göstərilir. Birinci anadır; ikinci baladır. Birinci milliyətdir; ikinci millətdir.
Dilləri, gələnək-görənəkləri, tarixləri, dinləri, vətənləri bir olan insanlar bir milliyət oluşdururlar, ancaq, bir milliyətin bir millətə dönüşməsi ellik düşüncəyə, kollektiv istənc birliyinə bağlıdır. Bu isə yalnız “sosial yaddaş” görəvini yerinə yetirən orqanın oluşmasıyla varlığa çevrilir. Bu orqan çağa görə dəyişir. Orta çağda bu görəvi feodal yerinə yetirirdi; milliyətin sosial yaşamı, gələnək-görənəkləri… qalalara, xan saraylarına bağlanırdı. Çağın dəyişməsiylə bu orqan da dəyişdi. Burjuaziyanın ortaya çıxmasıyla feodal sistem dağıldı. Şəhərlər başlıca ulusal düşüncə ocağına çevrildi. Şəhərlərdə yetişən aydınlar öz sırasında milləti yetişdirən sinifə çevrildilər. Bu sinif qullandığı ən böyük araç – basın yoluyla milliyətdəki kollektiv istənci işlədi; öz arasından bu istənci çelikləşdirən (poladlaşdıran) düşüncə adamları, sənətkarlar yetişdirdi.
Demokratik Azərbaycan topluluğunda bu millət olmaq istənci sözün yüzilliyimizdəki kültürəl anlamı ilə 28 May bağımsızlıq olayı, bildirisiylə yarandı. 32 ildən bəri dünya tarixinin ən qorxunc tutqusu altında bulunmasına, ən amansız totalitar rejimin dustaqı olmasına baxmayaraq, Azərbaycan topluluğu bu istəncə bağlı qaldığını, milliyət dönəmindən çıxaraq millət olduğunu 28 May düşücəsinə bağlılığını hər yolla doğrulamaqdadır.
Onda 32 il idi, indi 22 ildi. Onda rus-sovet işğalı idi, indi ondan qat-qat pisi – əliyevçi “milli” IŞĞALDI. Ancaq o işğalın da, bu IŞĞALın da arxasında duran güclər birdir: dünyanın bu başından o başına geopolitik güdüklə Azərbaycana yiyələnməyə çalışan imperialist güclər. Sözsüz, gec-tez biz bu aşamanı da aşacaq, Ulu Öndərimizin göstərdiyi yolla gedəcəyik: o yol Böyüklük, Bütövlük, Özgürlük, Demokratiya yoludur!