YAP hakimiyyətinin «möcüzəli inkişaf»ı bundan ibarətdir
Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağırlığını sübut etmək üçün professor olmağa ehtiyac yoxdur. Hakimiyyət gecə-gündüz analoqsuz inkişafdan danışsa da, nəticə göz qabağındadır. Bu ölkədə inkişaf vəzifəli şəxslərin həyatında özünü göstərir. Sadə vətəndaşlar isə bankların girovuna çevrilib. Demək olar, hər ailədə kredit borcu ödəyən adam tapmaq olar. Üstəlik, banklar məmurlara məxsus olduğuna görə ən yüksək faiz dərəcələri tətbiq edilir və bu sahə də monopoliyadadır.
2015-ci ilin mayın 1-nə olan nəticələrə görə 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs var. Xatırlayırsızsa, yapçı deputat Siyavuş Novruzov da etiraf etmişdi ki, Azərbaycanda kredit borcunu ödəmək üçün ya insan alveri, ya silah alveri, ya da narkotika alveri ilə məşğul olmalısan. Yəni hakimiyyət də etiraf edir ki, vətəndaş zəruri ehtiyaclarını ödəmək üçün cinayətkara çevrilməlidir. Uzun illər ərzində ölkəyə 100 milyardlarla vəsait daxil olub. Amma bu vəsait nə insanların həyatında, nə əmək haqlarında, nə də iş yerlərinin açılamasında hiss olunub. Əksinə, ölkəyə milyardlar axdıqca, vətəndaşların müflisləşməsi baş verib. Çünki, hakimiyyət sərvətlərin yalnız cüzi hissəsini vətəndaşa verib. Amma xalqa çatan qəpik-quruş da yüksək faizli kreditlərlə geri alınır. Əslində bu gün ölkəni ağuşuna almış kredit siyasəti təsadüfi deyil. Məqsədli şəkildə elə siyasət yürüdülüb ki, vətəndaş televizor, soyuducu, kondisioner almaq üçün də kreditə girsin və uzun illər aldığı məhsulun pulunu artıqlaması ilə ödəsin. Yəni məqsədli şəkildə vətəndaş asılı vəziyyətə salınıb.
Artıq statistik nəticələr göstərir ki, bu gün milyardlarla manat ödənilməyən kreditlər var. Insanlar ağır kredit faizlərini ödəyə bilmir. Tez-tez adamların sosial vəziyyətin ağırlığından intihar etdiyinin, cinayətə əl atdığının şahidi oluruq. Faktiki olaraq ölkə 2 hissəyə bölünüb. Orta təbəqə yox səviyyəsindədir.
Statistik göstəricilərə görə, kredit borcu olanların 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.
Ən dəhşətlisi budur ki, son il yarımda 600 min vətəndaş borca girib. Belə çıxır ki, hər gün 1096 vətəndaş borca girir. Bu göstərici böhranın ən yüksək səviyyəsindən xəbər verir. Hakimiyyət əcnəbi müğənniyə 2 milyon dollar, Avropa Oyunlarına 8 milyard, Gül bayramına 10 milyonlarla vəsait xərcləyə bilər. Əhalinin vəziyyəti isə onu göstərir ki, bu milyardların ölkə insanına qətiyyən aidiyyəti yoxdur. Əgər bir ölkədə hər gün 1000-dən artıq vətəndaş borclanmaq zərurəti ilə üz-üzə qalırsa, bu ölkədə iqtisadi vəziyyətin də, yürüdülən siyasətin də bərbad olğunu göstərir.
Bu statistik rəqəmləri biz icad etməmişik. Hökumətin ekspertləri üzə çıxarıblar. Hətta Ermənistanda da belə nəticə qeydə alınmayıb. Indi hakimiyyət izahat versin ki, hər gün 1000 nəfərin borca girməsi hansı möcüzəli inkişafın nəticəsidir? Bəlkə, Avropa buna görə bizə paxıllıq edir?
Nəticə budur ki, zəngin ölkənin vətəndaşları zəruri ehtiyaclarını ödəməkdən acizdir. Çünki, ölkədə korrupsioner, acgöz bir hakimiyyət var.
Akif


