Həlak olanların 40-ı çıxsa da, əsl günahkarlar hələ də azadlıqdadır
Zaman yenə də sözünü dedi. Yenə də sübut olundu ki, bu hakimiyyətin kədəri, təəssüfü, qəzəbi də qeyri-səmimidir. Bəli, mayın 19-da Azərbaycan üçün ağır bir gün oldu. 15 vətəndaşımız yanğın nəticəsində dünyasını dəyişdi. Bu faciəli hadisə ölkənin bir nömrəli mövzusu oldu. Insanlar yanğın baş vermiş binanın qarşısını ziyarətgaha çevirdilər.
Hakimiyyət qəbul etməsə də, insanlar qeyri-rəsmi matəm ovqatı yaratdılar. Məsələnin ən acınacaqlı tərəfi isə bu idi ki, baş vermiş yanğın birbaşa hakimiyyətin acgöz siyasətinin nəticəsi idi. Daha çox qazanmaq üçün insanların həyatı məhv edildi. Hətt əvvəlki 2 yanğın da bu pul hərislərini durdura bilməmişdi. Yanğın hadisəsinə görə prezident müşavirə keçirdi və günahkarların cəzalanacağını vəd etdi. Amma bu boyda faciəyə görə “JEK” müdiri, icra hakimiyyətinin hansısa işçisi həbs edildi. Xatırlayırsızsa, həmin müşavirədə Ilham Əliyev “Bu hadisədən sonra Avropa Oyunlarının heç bir dəyəri yoxdur” söyləmişdi. Prezident bu sözlərlə nə qədər kədərli və qəəzbli olduğunu cəmiyyətə göstərmək istəmişdi.
Bəs sonrakı mərhələdə nə baş verdi? Avropa Oyunları bir nömrəli məsələyə çevrildi və bütün təbliğat bu tədbirin üzərinə kökləndi. Məlum oldu ki, hakimiyyət bu məsələdə də imtiasiya edib. Artıq yanğın qurbanlarının 40 mərasimi də başa çatıb. Hələ də günahkarlar azadlıqda meydan sulayır. Üstəlik, məsuliyyət daşıyanlara “Şərəf” və “Şöhrət” ordenləri də verilir. Bəli, Əliyev sonrakı addımları ilə bir daha təsdiqlədi ki, həmin fövqəladə müşavirə də, məmurlara barmaq silkələnməsi də cəmiyyətin qəzəbindən sığortalamaq üçündür. Buna sakinlərinə 15-20 min manat yardım etmək vətəndaşa qayğı ola bilməz. Əcnəbi bir müğənniyə 2 miylon hədiyyə edilməsi qarşılığında övladını itirənlərə 15-20 min manat yardım etmək rüsvayçılıqdır.
Amma məsələnin başqa bir tərəfi də var. Əliyev niyə günahkarları cəzalandıra bilmədi? Biz əvvəllər də yazmışdıq ki, binaların üz qabığının dəyişdirilməsi külli miqdarda vəsait deməkdir və bu işə ən yüksək postlarda oturanlar nəzarət edir. Sonradan məlum oldu ki, məlum zavodun açılışnda Ilham Əliyev iştirak edib və şirkətə rəhbərlik edən şəxsə yüksək mükafatlar verib. Yəni bu məsələnin birinci şəxs səviyyəsində həyata keçirildiyini faktlarla ortaya qoymuşduq. Amma 40 gündən artıq bir müddətdə heç bir işin aparılmaması, söz verildiyi kimi yoxlamaların həyata keçirilməməsi və əsas günahkarların cəzalandırılmaması, bu gercəyi bir daha təsdiqlədi.
Bir sözlə, ötən zaman göstərdi ki, verilən vədlər boğazdan yuxarı imiş və Avropa Oyunları öncəsi cəmiyyətin etirazını soyutmaq məqsədi güdürmüş. Bu hakimiyyət heç vaxt vətəndaşın dərdinə şərik olmayıb və yalnız şəxsi mənfəətini düşünüb. Neçə insanın dünyasını dəyişməsi yox, neçə milyon qazanc əldə edilməsi önəmlidir. Görünən odur ki, 15 vətəndaşın qanı batırıldı və faciə unuduldu.
Allah yanğında dünyasını dəyişənlərə rəhmət eləsin!
Akif