Azərbaycan meşəsində dəbdəbəli pilləkən

Gördüyünüz bu maraqlı fotonu Qusardan tanımadığım bir oxucu yollayıb. Yazır ki, bu pilləkəni rayondakı ali məmurlardan biri təzə mülkündən yaxındakı restorana çəkdirib. Düzü, ora getmədiyim üçün, bəzi detalları, adları da yazmıram. Dəqiqləşdirməmişəm, səhv etmək də istəmirəm. Həm də əvvəl bir nəfərin, sonra başqa bir nəfərin adı hallandı. Lakin bu fotonun Azərbaycanda çəkildiyi dəqiqdir, çünki arxada ağacların arasında bayrağımız dalğalanır. O da dəqiqdir ki, bu foto doğrudan da Qusarda çəkilib. Çünki onu Sosial Şəbəkədə yaydıqdan sonra tanıyanlar oldu. Təsdiq etdilər ki, bu ərazi Qusar şəhərinin girişindədir.Mən əminəm ki, bu şanlı pilləkənin kimə məxsusluğu tezliklə bəlli olacaq. Lakin bundan da əhəmiyyətli suallar var. Tutaq ki, onu kimsə evindən restorana çəkdirməyib. Bəs nə üçün çəkdirib? Meşənin ortasında belə dəbdəbəli pilləkənlər nəyə lazımdır? Bu xərci çəkən adam pulu necə asanlıqla qazanır ki, belə asanlıqla da xərcləyir? Bəlkə bu şəxsi vəsaitlə çəkilməyib, bahalı yol layihələrimizdən biri də budur?!

Hətta meşədə bir müasir cığırın, yolun düzəldilməsini də başa düşmək olardı. Varlığa nə darlıq. Bəs məhəccərlər nə üçündür? Məhəccəri hündür yerlərdəki pilləkənlərdə rahat enib-qalxmaq, uşaq-qocanın yıxılmaması, əl tutması üçün qoyurlar. Hər tərəfi rahat və düz çəmənlik olan bu ərazidə məhəccəri niyə qoyduqlarını anlamağa ağılın gücü çatmır. Görəsən, bir ölkədə nə qədər absurd olar? 

Facebook-da bu fotoya yazılan bəzi şərhlər sizə maraqlı gələ bilər. Onları müxtəlif adamlar yazıb:- Bir növ Çin Səddinə bənzəyir…

– ÿEkskalatora pulu çatmayıb yəqin.

–  Bunu edən adam təbiiliyin nə olduğu barədə bəsit anlayışlara da malik deyil. 

–  Hmm…

– Xalxın pulunu saymazlar… 

–  Qəribə adamsınız, deyirsiniz adam dağa gedəndə ayaqqabısı toz olsun yəni?! Yarım milyon nədir ki? – Varlığa, nə darlıq!

– Ayaqlarını torpağa vurmağa lüzum görmürlər. Amma bu torpağın pulunu yeyirlər…

– Bunlar pullarını xərcləməyə yer tapmır.

– “Leviy” pulların “şot”una kef eləyirlər.

– Bəlkə meşədəki heyvanlar üçündür? 

– Nə əcəb lift yoxdur? 

– Bədbəxtçilikdir də…