Hikmət Hacızadə: «Hazırda Ukraynada baş verənlər gündəmdədir, bu üzdən görüşdə məhz bu məsələyə diqqət yetirilməsi təsadüfi deyil» Rusiya Xarici Işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan həmkarı Con Kerri ilə Vyanada görüşüblər. Xarici siyasət idarələri rəhbərlərinin görüşü 3 saat çəkib. Tərəflərin danışığı əsnasında müzakirə mövzularından biri radikal sələfi IŞID terror qruplaşması ilə mübarizə yolları olub.
“Amerikalı həmkarımla bu barədə ortaq fikrimiz var: vəziyyətə nəzarət üçün daha ciddi addımların atılması lazımdır. Buna görə də IŞID-ə qarşı vuruşan qüvvələri dəstəkləmək əsas məsələlərdən biri kimi qəbul edilə bilər”, – deyə rusiyalı siyasətçi bildirib.ÿ
Bundan başqa, Kerri ilə Lavrov arasında Ukraynadakı böhran və problemlərin həlli yolları barədə danışıqların olduğu vurğulanır.
Çoxdandır görüşməyən iki diplomatın təması və uzun müddət müzakirə aparması maraq doğurur. Bu baxımdan görüşdə Azərbaycan və regionumuzla bağlı məsələyə də toxunulması maraq kəsb edir. Çünki istər Ermənistanda baş verən olaylar, istərsə də Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasətin beynəlxalq aləmdə sərt tənqid olunması bu fikrə düşməyə əsas verir.
Politoloq Hikmət Hacızadənin fikrincə, Lavrovla Kerrinin görüşü hazırkı dönəmdə həqiqətən də mühüm olaydır. Amma politoloq hesab edir ki, bu dəfə keçirilən görüşdə Azərbaycanla bağlı məsələnin müzakirəsi az inandırıcıdır. Çünki görüşdən sonra açıqlanan məlumatda məhz Ukrayna məsələsinin müzakirə olunduğu vurğulanıb: “Hazırda Ukraynada baş verənlər gündəmdədir. Ona görə görüşdə məhz bu məsələyə diqqət yetirilməsi təsadüfi deyil. Elə görüşlər olur ki, orada xüsusi olaraq Cənubi Qafqaz regionu müzakirə olunur, konkret ölkələrlə bağlı fikir mübadiləsi aparılır. Amma Lavrovla Kerrinin son görüşü sırf Ukraynaya həsr olunub”.
Xəyal


