Tanınmış bəstəkar keçmiş ərini «satqın» adlandırdı

«Həyat yoldaşım və rəfiqəmin birlikdə olduğunu biləndə…»

Tanınmış bəstəkar Gövhər Həsənzadə həyat yoldaşından ayrılmasının səbəblərini açıqlayıb. Bu barədə bəstəkar “day.az”a müsahibəsində danışıb. O deyib ki, 2008-ci ildə birdən-birə 2 ən yaxın insanını itirib: “Həyat yoldaşımı və rəfiqəmi itirdim. Bu, hansısa bədbəxt hadisə və ya kataklizmin yox, insan satqınlığının və əclaflığının nəticəsi idi. 20 il dostluq etdiyim rəfiqəm və gözəl qız hədiyyə etdiyim ərim birdən-birə…”
“Şəxsi həyatı olmadığı üçün hər zaman onun üçün narahat olurdum” deyən bəstəkar vaxtilə şəxsi taleyi alınmayan həmin rəfiqəsinin qeydinə qaldığını deyir: “Yaxınlarım deyirdilər ki, hər kəs taleyinə görə özü cavabdehdir, ona görə özünü öldürmə və s. Daim bu fikri deyən ilk insan isə ərim idi. Rəfiqəmsə ərimin mənə layiq olmadığını söyləyirdi. 3 ay sonra onların birgə olduqlarını bildikdə şoka düşdüm”.
Gövhər Həsənzadə artıq hansısa ər-arvadın xoşbəxt olduğunu eşitdikdə buna inanmır: “Yəqin mənə həmin hadisə belə təsir göstərib. Mən ideal həyat yoldaşı idim. Ərimi heç zaman qısqanmır, yoxlamır, güdmür, SMS-lərini oxumurdum. Onlardan niyə belə etdiklərini də soruşmamışam. Əgər bu suala özüm cavab tapa bilməmişəmsə, çətin ki, onlar da bu sualı cavablandıra bilsinlər”.