Tvit Noruz

Oyunları bitdi. Bəyənmədikləri Avropanın adına olan oyunu deyirəm. Indi bu oyunlarla bağlı silsilə yazıların, reportajların, verilişlərin zamanıdır. Bu dövr oyunlar olan dövrdən çətin olacaq. Oyunların konkret günü vardı, Tağı müəllim demiş, burcutmağa yer yoxdu. Bütün işlərini o konkret zamana sığışdırmaq zorundaydılar. Oldu, bitdi.
Vay bizim halımıza, müddətsiz zaman gəldi çatdı. Bütün telekanallar gecə-gündüz formatından, mövzusundan, auditoriyasından asılı olmayaraq Avropa Oyunlarından danışır. O gün telekanalların birində “Avropa Oyunlarının açılış fəlsəfəsi” adıyla müzakirə açmışdılar və tarixçi-marixçi, şair-mair yığıb açılışın fəlsəfəsinin açmasını, həm də ciddi-ciddi, axtarırdılar. Açığı, sona qədər baxmağa hövsələm çatmadı, “açılışın fəlsəfəsi”ni də açıb-açmadıqlarını bilmədim, belə “müzakirə”yə az da olsa baxdığıma görə özümdən utandım.
Ancaq nə o, nə də o biri kanallarda bu tipli müzakirələrə görə utanmaq nədir, heç yanağı allanan da görmədim. Anam demişkən, zülmlü-zillətli günlərimiz qabaqdadır. Yekə-yekə kişilər səhərdən axşama telekanallardan, qəzetlərdən, saytlardan düşməyəcək, hərə qanacağına uyğun millətə dərs keçəcək, itirdiyimiz 10 milyardı yada salan olmayacaq, ancaq hamı xalqı qürur duymağa çağıracaq. Çağırmaq cəhənnəm, qürur duymayanları, gözü yaşarmayanları yamanlayacaqlar…
Boş vaxtlarımda president.az saytını ziyarət etməyi çox sevirəm, yaxşı mövzular da tapmaq olur burda. Xüsusilə “Prezidentə yazırlar” bölümündə maraqlı məktublar oxumaq olar. Yox, başqa cür düşünməyin, özgə məktubları oxumağın ədəbsizlik olduğunu bilirəm, ancaq bunlar o məktublardan deyil, hamı oxuya bilər. Düzü, prezidentin o məktubları oxuyub-oxumadığını bilmirəm, mən həmişə oxuyuram. “Sezonnı” məktublar olur. Adama maraqlı gələn bilirsiz nədir? O məktublarda heç bir giley-güzar yoxdur, hamı prezidenti sevdiyini, onun daxili və xarici siyasətini bəyəndiyini yazır. Məni qınamayın, bu məktubları oxuyanda xalqımla qürur duyuram, ən ucqar kəndlərdə belə dövlət başçısının xarici və daxili siyasətini izləyirlərsə, onu qiymətləndirir, həm də bəyənirlərsə, belə xalqla ancaq qürur duymaq olar, göz yaşı içində… Ancaq maraqlı olan bir məsələ də var, “Azadlıq”a da çoxlu məktublar gəlir; dərd, sitəm dolu məktublar. Elə bil beyinlərdə nəsə dolaşıb, məktubların ünvanı səhv düşüb, əslində bizə gələsi məktublar prezidentə getməlidi ki, bəlkə səlahiyyətlərini işə salıb dərdə əlac elədi. O məktublar da bizə göndərilməlidi ki, xalqın firavan yaşayışıyla bağlı xəbərləri hamıya çatdıraq…  
Hə, “sezonnı” sözünü elə belə işlətmədim, bu bölmənin daimi izləyicisi kimi görürəm ki, məsələn, yaz aylarında əkin, kəndlilərə dövlət yardımı, subsidiyalar və s. bağlı məktublar yazılır. Peykimiz göyə buraxılanda uzun müddət bütün regionlardan, hətta uzaq Afrikadan da gələn məktublar peyklə bağlıydı. Axır vaxtlar yazmırlar, ya sezon bitib, ya da peykdə problem var, gərək araşdıram.
Indi Avropa Oyunlarının mədhi zamanıdır. Zamanın nəbzini tutan uca millət, sevgili xalq işə başlayıb. Sizə təqdim edəcəyim bu məktub təzədir, oyunlar başa çatar-çatmaz yazılıb. 30 iyun 2015, 12:40-da sayta qoyulub. Elə də yaxından gəlməyib. Uzaq dağ rayonu olan Lerikdən yollayıblar bu məktubu. Poçt işçilərimizlə, lap yeri gəlsə, internet işinə baxan provayderlərimizlə də qürur duymaq olar. Belə vacib məktubu zamanında ünvanına yetiriblər. Indi buyurun siz də tanış olun, görün lerikli qardaşımız nə yazır:
“Hörmətli cənab Prezident, ”Bakı-2015" birinci Avropa OyunlarıÿAzərbaycanda yüksək səviyyədə keçirildi.
Vətənini çox sevən bir şəxs kimi görülən işlərlə qürur duyuram. Yarışların keçirildiyi 17 gün müddətində bizə yaşatdığınız sevincli anlaraÿgörə Sizə və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya şəxsən öz adımdan və ailəm adından dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!
Hörmətlə, Cahangirov Rasim Əbdülhüseyn oğlu, Azərbaycan Respublikası, Lerik rayonu"…ÿ
Məktubdan söz düşmüşkən, çoxdan ürəyimdə gəzdirdiyim bir məsələni də sizinlə bölüşmək istəyirəm. Bizim ölkənin xarici siyasətilə məşğul olan Novruz adında biri var. Məni qınamayın, dilimə yatmır, bizim kənddə Noruz deyirlər, bu daha səmimi səslənir. Hə, bu kişinin işi-gücü atmaqdır, ağlınıza başqa şey gəlməsin, söhbət tvit atmaqdan gedir. Adam qurd ürəyi yeyib, onun Obama, Kerri, Merkel, Oland, Putin… yox, Putin yox, əvvəl sadaladıqlarımla bağlı çoxlu tvitləri olur. Yazır eeee. Qorxmaz müəllimin gözündən iraq…