Turizm ilində turistlər başqa ölkələrə qaçır

Ölkə vətəndaşları daha çox xarici kurortlara üz tutur

Bu il ölkədə turizm ili elan edilsə də, insanlar daha çox xarici ölkələrə üz tutur. Türkiyə Turizm Yatırımçılar Dərnəyinin (TYD) sədri Turqut Gürün verdiyi məlumata görə, yay mövsümündə təkcə bu ölkədə 500 min azərbaycanlı dincələcək. Eyni zamanda Azərbaycandan Gürcüstana güclü turist axını var. Rəsmilər turizm sektorunun inkişaf etdirildiyindən danışsa da, ortada hələ heç bir nəticə yoxdur. Bəs turizm potensialı yüksək olan ölkənin vətəndaşlarının dincəlmək üçün başqa ölkələrə üz tutmasının səbəbi nədir?  “Azad Istehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun fikrincə, Azərbaycanda insanların yerli turizmə etibarı azalır. Turistlər qısa müddətdə maksimum xidmətdən istifadə edən istehlakçı kateqoriyasıdır. Ancaq Azərbaycan turizmi həm qiymətdə, həm də servisdə xarici turizmə uduzur.  Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə Azərbaycanda turizmin inkişafından danışmaq olmaz.
Iqtisadçı-ekspert Samir Əliyev ölkə vətəndaşlarının dincəlmək üçün digər dövlətlərə üz tutmasının başlıca səbəbi kimi qiymət bahalığını göstərdi. Azərbaycanda hotel qiymətləri ilə yanaşı başqa xidmətlər digər ölkələr, xüsusilə də Türkiyə və Gürcüstanla müqayisədə çox yüksəkdir. Bu səbəbdən də insanlar daha çox pul verib Azərbaycanda dincəlməkdənsə, xaricə üz tutur.
Ekspert digər bir amil kimi xidmətin keyfiyyətini göstərdi. Belə ki, Azərbaycanın turizm məkanlarından xidmətin keyfiyyəti digər ölkələrlə müqayisədə xeyli aşağıdır. Məsələn, Türkiyənin hotellərində keyfiyyət yüksəkdir. Buna görə də insanlar həm ucuz, həm də keyfiyyətli xidmət göstərilən ölkələrə üz tutmağa üstünlük verirlər.
Ekspert digər bir səbəb kimi infrastrukturun olmamasını göstərdi: “Regionlarda turizm üçün müəyyən işlər görülür. Ancaq hələ də zəruri infrastruktur yoxdur ki, insanlar gedib istədiyi kimi dincəlsin. Bu baxımdan azərbaycanlılar yerli turizmə müraciət etməyə yox, xaricə getməyə üstünlük verirlər”.

Fizzə