Gültəkin Hacıbəylidən “Azadlıq”a dəstək çağırışı

«Sözün alınmaz qalası olan «Azadlıq»ı zora, istibdada, haqsızlığa təslim etməyək»

Xəbər verdiyimiz kimi, uzun müddətdir ağır maliyyə böhranı yaşayan “Azadlıq” qəzeti nəşrini dayandırmaq təhlükəsilə üzləşib. Aylardır əməkdaşlarına əməkhaqqı verə bilməməsi bir yana, qəzet artıq kağız və çap xərclərini də ödəyə bilmədiyindən külli miqdarda borcu yaranıb. Hakimiyyətin qəzetin satışına yaratdığı əngəllərlə yanaşı, üstəlik, YAP-çı deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firmasının “Azadlıq”ın satılmış nüsxələrinin pulu olan 69 min manatı verməməsi açıq-aşkar göstərir ki, süni maliyyə təzyiqlərilə qəzeti susdurmaq planı həyata keçirilir.
Belə bir məqamda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli “Azadlıq”a dəstək çağırışı ilə müraciət yayıb. Gültəkin xanım müraciətində yazır:
“Bütün azadlıqların ya məhdudlaşdırıldığı ya heç olmadığı məmləkətimizdə içdiyimiz su, yediyimiz çörək qədər ehtiyacımız olan söz azadlığımızı, ”nəfəs" azadlığımızı yaşadan ən sonuncu ünvanlardan biri – “AZADLIQ” qəzeti bu gün dardadır. Müxtəlif vasitələrlə bu qəzeti boğur, nəfəsini kəsirlər ki, bizim də “nəfəsimiz” kəsilsin. Buna imkan verə bilərikmi? Ən dar günümüzdə yanımızda olan, bizə təmənnasız və səmimi dost əlini uzadan bu qəzet yaşamalıdır ki, SÖZ yaşasın. Axı əvvəlcə SÖZ olduğu kimi, sonuncu da SÖZ olur həmişə. Söz bitəndə hər şey bitir. Ondan sonrasından Allah saxlasın. Azad sözün alınmaz qalasıdır deyirik “Azadlıq”. Bu qalanı zora, istibdada, haqsızlığa təslim etməyək. Maddi sıxıntılar məngənəsinə salınmış bu qəzetin və onun aylarla heç bir maddi təmənna güdmədən maaşsız çalışan fədakar kollektivinin kiçik bir maliyyə dəstəyinə, hətta xoş bir sözə də ehtiyacı var. Tarix bunu dəfələrlə sübut edib ki, azadlığına sahib çıxa bilməyən millətlərin heç nəyi olmur".