Yaxud vəd vermək yox, əməl etmək gərəkdir
Uzun illərdi Azərbaycanda eyni problemlər hökm sürür. Hakimiyyət isə bu neqativ hallarla mübarizə apardığını bəyan edir. Amma heç nə dəyişmir. Əksinə, yeni-yeni korrupsiya faktları, rüsvayçı mənzərə ortaya çıxır. Ona görə ki, hakimiyyət neqativlərlə mübarizədə səmimi deyil. Çünki, hakimiyyət özü neqativlərdən qidalanır. Həqiqətən də “balıq başdan iylənər” məsəli yerində deyilib.
Bir anlıq Mixail Saakaşvili nümunəsinə diqqət edək. Bu adam əvvəlcə Gürcüstanın prezidenti oldu və bu müddətdə Gürcüstanda böyük işlər gördü. Onun ən məşhur sözü isə “rüşvətin qarşısını necə aldınız” sualına, “özüm rüşvət almadım” cavabını verməsi oldu. Demək olar, kriminal- korrupsiyalaşmış bir ölkəni Saakaşvili idarəçiliyi demokratik bir dövlətə çevirdi. Polis sistemindən tutmuş, prezident aparatına qədər ciddi təmizlənmə aparıldı, xaricdə təhsil almış gənclər dövlət idarəetməsinə cəlb edildi, turizm sektoru inkişa etdirildi, sahibkarlara geniş imkanlar yaradıldı və s. Məhz bunun nəticəsi olaraq ölkədə şəffaf seçki ənənəsi möhkəmləndi və Gürcüstan Rusiyaya belə boyun əymədən Avropa Ittifaqı ilə Assosasiya Sazişi imzaladı. Bu gün 10 minlərlə Azərbaycan vətəndaşı müalicə olunmaq, istirahət etmək üçün Gürcüstanı seçir.
Bəli, Saakaşvili sübut etdi ki, birinci şəxsin qətiyyəti olarsa, digərləri sıranı poza bilməz. Indi Saakaşvili eyni taktikanı yeni vəzifəsində tətbiq edir. Belə ki, Saakaşvili Ukraynanın Odessa vilayətinə yeni qubernator təyin edilib. Onun məmurlarla keçirdiyi müşavirələrə diqqət edəndə, prokurorları divara dirədiyini görəndə həsəd aparırsan. Bu adam heç bir günahkara güzəşt etmir. Konkret olaraq məmurları, prokurorları dələduzluqda, reketlikdə ittiham edir. Üstəlik, kriminal dəstələrə də mesaj göndərir ki, mənim qubernator olduğum vilayətdə heç bir qanunusuzluq ola bilməz. Əminliklə demək olar, az bir müddətdə Saakaşvili Odessanı da fərqli bir səviyyəyə gətirəcək. O, Odessa Vilayət Prokurorluğunda özbaşınalığa, rüşvətxorluğa müharibə elan edib. “Mən sizə xalqı talamağa və alçaltmağa imkan verməyəcəyəm”,- deyə Sakaşvili prokurorlarla görüşdə xəbərdarlıq edib. Ardınca isə Odessa vilayətinin Tatarbunar şəhər meri Viktor Şvets öz vəzifəsindən uzaqlaşdırılıb. Prokuror 16 min qrivin rüşvət almaqda ittiham olunur.
Yəni Ilham Əliyevdən fərqli olaraq Saakaşvili hədələməklə kifayətlənmir. Həm də ortaya nümunə qoyur. Ilham Əliyev hər dəfə müşavirələrdə məmurları hədələyir, vəzifəsindən sui-istifadə edənlərə barmaq silkələyir, günahkarların cəzalanacağını vəd edir. Amma bir müddət sonra bəlli olur ki, ən böyük korrupsionerlər ən yüksək mükafata layiq görülüb. Niyə Saakaşvilinin hədələri, müşavirələri nəticə verir, amma Ilham Əliyevin yox?
Cavab çox sadədir. Çünki, Saakaşvilinin özü və ailəsi dövlət vəsaitini mənimsəməyib, ofşorlara pul daşımayıb, bank sektorunu, hotel sektorunu inhisara almayıb, dünyanın müxtəlif yerlərində milyonluq malikanələr tikdirməyib və s. Yəni Saakaşvili danladığı məmurların qarşısında gözü kölgəli deyil, haqqında qalaq-qalaq araşdırmalar yoxdur. Özü təmiz olduğuna görə, çirkaba bulaşanları asanlıqla sıradan çıxarda bilir. Ilham Əliyev isə 15 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsinə görə “JEK” müdirini həbs edir, 42 villanın sahibi kimi adi makleri ortaya çıxarır. Faktiki olaraq ölkə məmurlar arasında bölüşüdürülüb və vahid kassaya hesab ödənilir.
Saakaşvili nümunəsi bir daha göstərir ki, əgər birinci şəxs istəsə, ölkə vətəndaşı da gözəl yaşayar, ölkədə qanunsuz əməllərin də kökü kəsilər. Bir anlıq təsəvvür edin ki, Azərbaycanda hakimiyyəti korrupsionerlər deyil, təmiz qüvvələr idarə edir. O zaman sərvətlərlə zəngin Azərbaycanı hansı vəziyyətə gətirmək olardı? Əgər Gürcüstanın Azərbaycan qədər sərvəti olsaysdı, indi bu ölkənin büdcəsi 100 milyardlarla ölçülərdi.
Bir sözlə, Ilham Əliyevin barmaq silkələməsi, məmurları danlaması sadəcə olaraq siyasi gedişdi. Korrupsiya pramidasının başında oturub, korrupsiyanın kökünü kəsmək olmaz. Bunu etmək üçün Saakaşvili kimi təmiz bioqrafiyan olmalıdır.
Samir