Əli Kərimlidən Ataxan Əbilova yubiley təbriki

AXCP sədri Əli Kərimli hazırda mühacirətdə yaşayan azərbaycanlı fəal, hüquqşünas və hüquq müdafiəçisi Ataxan Əbilovu 50 illik yubileyi münasibətilə təbrik edib:
 
"Hörmətli Ataxan bəy, sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, şəxsi və ictimai həyatınızda uğur arzu edirəm.
 
Ataxan bəy, biz tələbə yoldaşı olmuşuq. O illəri indi də məmnuniyyətlə xatırlayıram. Hələ tələbəlik illərindən sizi savadlı, ədalətli, qanunlara hörmətlə yanaşan, hüququnu qorumağı bacaran, başqalarının hüquqlarına da hörmətlə yanaşan bir şəxs kimi tanımışam.
 
Şadam ki, universitet təhsilini başa vurduqdan sonra da öz üzərinizdə işləyərək, yetkin bir hüquqşünas kimi formalaşdınız. 100-dən çox elmi-publisistik məqalələrin, 6 kitab və monoqrafiyanın müəllifisiniz. Artıq 6 ildir ki, ölkəni tərk etməli olmusunuz. Amma ötən illərdə Azərbaycanla əlaqələrinizi heç vaxt kəsməmisiniz. Hüquq müdafiəçisi, tanınmış hüquqşünas, diaspora fəalı, ən əsası isə əsl vətəndaş kimi ölkəmizdəki ictimai-siyasi proseslərin fəal iştirakçısısınız. 
 
Ataxan bəy, əminəm ki, ölkəmizdə hər bir vətəndaşına sahib çıxacaq demokratik, hüquqi dövlətin qurulmasında sizin də mühüm töhvəniz olacaq. Siz 50 yaşa həm hüquqşünas, həm də ictimai xadim olaraq ciddi uğurlarla gəlmisiniz. Amma mən əminəm ki, Azərbaycan xalqı və dövləti qarşısında daha mühüm xidmətləriniz hələ qabaqdadır. Sizi bir daha ürəkdən təbrik edirəm".