"Siyasi məhbus Murad Ədilovun sifarişli cinayət işində hal şahidliyi etmiş Ağakişiyev Elçin Ataxan oğlu adlı şəxslə bağlı daha bir məlumat əldə etmişəm. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin sorğuma cavab məktubuna əsasən bu şəxs Əli-Bayramlı (Şirvan) Şəhər Məhkəməsinin 4 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 5 fevral 2010-cu ildə isə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilib.
Məlumat üçün deyim ki, AR CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı nəzərdə tutur və 3 ildən 7 ilədək müddətə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Murad Ədilov özü də narkotik vasitələrin küllü miqdarda qanunsuz dövriyyəsində ittiham olunur. Elçin Ağakişiyev həm də narkomaniya xəstləyindən zəiyyət çəkir və narkoman kimi Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Baxın, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, polis generalı Həzi Aslanovun rəhbərlik etdiyi qurum məhz belə bir adamı, narkotik ittihamı ilə məhkum edilmiş, narkoman kimi qeydiyyatda olan birini günahsız şəxsin üzünə qoyub, çirkin məqsədlərdə alət kimi istifadə edib".