Cəmil Həsənli: "Bakıdakı idman zəfərindən sonra rusların birinci işi Ermənistana 200 milyon dollarlıq silah vermək oldu. Buyurun, bu da sizin "Zəfər gününüz"…"
Milli Şuranın sədri, professor Cəmil Həsənli Bakıda keçirilən Birinci Avropa Oyunlarının nəticələrilə bağlı fikirlərini bölüşüb. Cəmil Həsənli "facebook" səhifəsində yazır:
***
Son bir neçə gün ərzində bəzi televiziyalar, eləcə də digər KİV-lər təmtəraqla "Zəfər günü"nü qeyd edirlər. Fikirləşdim ki, bəlkə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarından ruhlanan Milli Ordumuz bir gecədə səfərbər olub işğal altındakı torpaqlarımızı düşməndən azad edib, biz bixəbər qalmışıq?! Əslində, bu ola da bilərdi. Çünki gecə əməliyyatı keçirmək üçün vacib olan məsələlərdən biri əməliyyat keçirilən ərazinin işıqlandırılmasıdır. Bu məsələni isə hökumətimiz uğurla həll etmişdi. Oyunların yekunları haqqında verilən məlumatda qeyd edilir ki, Birinci Avropa Oyunlarının "müqəddəs" məşəli bütün rayonlarımızı dolaşdıqdan sonra xalqımızın məşələ sitayişi müstəsna dərəcədə yüksəlib. Zatən burada qəribə bir şey də yoxdur, o səbəbdən ki, xalqımızın oda sitayişinin qədim kökləri var və bütün dünya bizi atəşpərəstlər kimi tanıyır. İndi hakimiyyətimizin ən başlıca strateji vəzifəsi son nicatımız olan bu odu qorumaqdır. Elə bu məqsədlə də xəbər verilər ki, YAP aktivistlərindən ibarət nə az, nə çox – 12 500 məşəl qoruyan səfərbər ediblər. Elə bu sayda "fədakar" gənclərimiz əllərində məşəl, hər tərəfdən Qarabağa yürüş etsə top-tüfəngə ehtiyac yoxdur, ta qədim zamanlardan oddan qorxan erməni işğal etdiyi torpaqları qoyub qaçacaq. Bu səbəbdən, məşəli qorumaq indi elə vətəni qorumaq kimi bir şeydir. Çünki Avropa oyunları məşəlinə sahib duran olmadığı üçün biz gərək bu məşəli növbəti oyunlara qədər sönməyə qoymayaq.
Televiziyalarımızda "Zəfər günü" şadyanalığı da sən demə, o səbəbdən imiş ki, əgər idman tarixində ilk təcrübə olan bu oyunlara sahib duran olmasa, Azərbaycan bu zəfəri kimsəyə verməsin və xalqımızın bu oyunlardan "vəcdə" gəlməsini əsas tutub, həmişəlik ona "ev sahibliyi" yapsın. Zarafat deyil, 56 medal qazanmışıq, onların da 21-i qızıldır. Bu göstəricidə idmançılarımızın gerçək əməyi var. Amma bu medalların nə az, nə çox – 23-ü, yəni 40 faizindən artığı legionerlərin payına düşür. Şübhəsiz dünyada belə bir təcrübə var. Amma idmanın yalnız bir növü üzrə Azərbaycan "komandası" Leonid Qritsay, Yaroslav Rudıx, Neylton Moyzes Santos Merses, Bernardo Vermelinger Romano, Vivian Daniel da Konseysao Kunya, Rakel Qonsalveş Ferreyra, Yuliya Kərimova, Zinaida Lyubimovadan ibarətdir.
Gimnastika yarışlarında da vəziyyət təxminən belədir: Petro Paxnyuk, Eldar Səfərov, Oleq Stepko, Yuliya İnşina, Marina Nekrasova, Kristina Pravdina, İlya Qrişunin, Oleq Piunov, Svetlana Makştarova, Səbinə Zaytseva.
Dəniz sahilində yerləşən bir ölkənin hələ üzgüçülük və suya tullanma komandalarının tərkibinə diqqət yetirin: İvan Andrianov, Murat Ayxan, Dorian Fazekas, Kamran Cəfərov, Anton Celtyakov, Qriqori Kalminski, Alsu Bayramova, Anna Mançenkova, Yuliya Stisyuk, Tatyana Nikitina, Yekaterina Valiulina, Artyom Danilov, Olqa Birkovskaya.
Triatlon komandamız da Rostislav Pevtsov, Aleksandr Yatsenko, Kseniya Levkovskadan ibarət olub.
İdman ancaq pul qoymaq üçün deyil, həm də pul gətirmək üçün bir vasitədir. Ayrı-ayrı ölkələr tək-tük legionerləri də ona görə alırlar ki, ölkələrinə pul gətirsinlər. Daha ayrı-ayrı yarış növləri üzrə komandalar tam tərkibdə legionerlərdən ibarətdirsə, bunun nəyi Azərbaycan idmanıdır? Bu səxavətlə bəlkə legioner döyüşçü də alasınız ki, Qarabağı azad etsin…
Yeri gəlmişkən, Bakı oyunlarında rusların parlaq qələbəsinin də özəl səbəbləri var. Zarafat deyil, onların qazandığı qızıl medalların sayı ev sahibliyi edən Azərbaycandan təxminən 4 dəfə, ümumiyyətlə isə medal cədvəlinə öncüllük edən Azərbaycan, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya komandalarının birlikdə qazandığı qızıl medalların sayından daha çoxdur. Belə göstricilər heç bir normal dünya yarışında qeydə alınmayıb. Rusların bu zəfəri nədən qaynaqlanır?
Birincisi, Avropadan təcrid olunan Rusiya məhəlli bir meydan axtarırdı ki, Avropa rekordu vursun. İkincisi, oyunlar məccani (bütün xərclər ev sahibi tərəfindən ödənildiyindən) olduğu üçün 6000 idmançının 600-ü ruslardan ibarət idi. Bu da Azərbaycan hökumətinin bədxərcliyinin nəticəsi.
Bakıdakı idman zəfərindən sonra rusların birinci işi Ermənistana 200 milyon dollarlıq silah vermək oldu. Buyurun, bu da sizin "Zəfər gününüz"!


